Ombudsmanların VIII Bakı Beynəlxalq
konfransı işə başlamışdır
Azərbaycanda İnsan Hüquqları Günü və "Ekologiya ili" münasibətilə iyunun 17-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri" mövzusunda Ombudsmanların VIII Bakı Beynəlxalq konfransı işə başlamışdır.
YUNESKO-nun dəstəyi, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri ilə əməkdaşlıqda keçirilən tədbirdə Kanada, Tailand, Sloveniya, Ukrayna, Moldova, Rusiya Federasiyası və onun subyektlərinin ombudsmanları, həmçinin insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər iştirak edirlər.
Konfransın açılışında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxış edərək tədbirin əhəmiyyətini vurğulamışdır. Müvəkkilin təşəbbüsü ilə və nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində Bakıda keçirilmiş əvvəlki yeddi konfransda 47 ölkə nümayəndələrinin iştirakı qeyd edilmişdir. Dünyada baş verən iqlim dəyişikliyinin aktual məsələlərdən olduğu, bu proseslər zamanı insan hüquqlarının, o cümlədən ekoloji hüquqların müdafiəsinin vacibliyi vurğulanmışdır.
E.Süleymanova Azərbaycan Prezidenti İlham Əliyevin ekoloji məsələlərə xüsusi əhəmiyyət verərək, 2010-cu ili ölkəmizdə "Ekologiya ili" elan etdiyini bildirmiş, əhalinin ekoloji təfəkkürünün və ekoloji mədəniyyətinin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistanın Azərbaycana qarşı uzun müddət davam edən təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, etnik təmizləmə siyasəti ilə üzləşən əhalimizin bir milyon nəfərinin öz doğma yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulduğunu vurğulamışdır. BMT-nin 1951-ci ildə qaçqınların statusu ilə bağlı qəbul etdiyi konvensiya hazırda problemlərin həllinə cavab vermir. Məcburi köçkünlərin hüquqlarını qorumaq məqsədi ilə konvensiyaya yenidən baxılmalıdır.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov son bir ildə Azərbaycanda keyfiyyətli sudan istifadə üçün 122 kənddə sutəmizləyicilərin quraşdırıldığını bildirmişdir. İlin sonunadək daha 62 kənddə belə qurğu quraşdırılacaqdır. 2012-ci ilədək davam edəcək proses nəticəsində Azərbaycanda bütün əhali emal olunmuş sudan istifadə edəcəkdir.
YUNESKO-nun Moskva bürosunun sosial və humanitar elmlər üzrə mütəxəssisi Alla Ampar təmsil etdiyi qurumun fəaliyyəti, Azərbaycan ombudsman təsisatı ilə əməkdaşlığı barədə məlumat vermiş, YUNESKO üçün ekologiyanın prioritet sahə olduğunu vurğulamışdır.
"Ətraf mühit və insan hüquqları: əsas beynəlxalq hüquqi aktlar və milli qanunvericilik", habelə "Ətraf mühit və insan hüquqlarının səmərəli təmini problemi" mövzularına həsr edilmiş birinci və ikinci iclaslarda məruzələr dinlənilmiş, fikir və təcrübə mübadiləsi aparılmışdır.
Konfrans iyunun 18-də işini davam etdirəcəkdir.
Sonda Bakı Bəyannaməsi qəbul olunacaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 18 iyun- S.
4.