Bakı Dövlət Universitetində
Vatikanın arxiyepiskopu ilə görüş
keçirilmişdir
Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda səfərdə olan Vatikanın mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, arxiyepiskop Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.BDU-nun mətbuat xidmətindən bildirmişlər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Vatikan rəsmisini səmimi salamlamış, ona Bakı Dövlət Universiteti, o cümlədən qonağın ikitərəfli əməkdaşlıqda maraqlı olduğu ilahiyyat fakültəsi barədə məlumat vermişdir.
Görüşdə arxiyepiskop Canfranko Ravazi ənənələrin qorunması, saxlanılması, sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi və onun gələcək nəsillərə çatdırılması haqqında danışmışdır. Bakıda rus pravoslav kilsəsində və yəhudi sinaqoqunda olduğunu bildirən qonaq Azərbaycanı tolerant ölkə kimi xarakterizə etmişdir.
Qonaq Bakı Dövlət Universiteti, o cümlədən ilahiyyat fakültəsi ilə əlaqələr qurmaq, teologiya ilə elm, din ilə incəsənət arasında əlaqələri daha da inkişaf etdirmək niyyətində olduqlarını bildirmişdir. Eyni zamanda, Azərbaycan tərəfinə Vatikanın arxivləri və kitabxanalarından istifadəni təklif etmişdir.
Akademik Abel Məhərrəmov qonağın fikirlərini yüksək qiymətləndirmiş və bu səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından səmərəli hesab etdiyini vurğulamışdır.
Sonra ali qonaq BDU-nun ilahiyyat fakültəsi tələbələrinin tolerantlıq, din, mədəniyyətlərarası dialoq barədə suallarını cavablandırmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 18 iyun- S.
4.