Nazirlər Kabinetində görüş
İyunun 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyxin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş nazir A.Rasizadə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi, mədəniyyət, təhsil sahələrində əlaqələrin çox yüksək səviyyədə olduğunu, belə qarşılıqlı səfərlərin əməkdaşlığın möhkəmləndirilməsi, əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyini söyləmişdir. Dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəyə çatmasında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfərlərinin böyük əhəmiyyəti diqqətə çatdırılmışdır. İki ölkə arasında iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsinin vacibliyi də vurğulanmışdır.
A.Rasizadə Azərbaycanın son illərdəki uğurları, həyata keçirilən iri regional layihələr haqqında, dövlətimizin xarici siyasətinin prioritet istiqamətləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı Azərbaycana cüzi təsir etmiş, 2009-cu ilin və cari ilin ötən beş ayının göstəriciləri müsbət olmuşdur. Ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi nəzərə çarpdırılmışdır.
Qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran Baş nazir demişdir ki, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem hələ də həllini tapmamışdır. Vurğulanmışdır ki, bu münaqişə sülh yolu ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq normalar əsasında həll edilməlidir. A.Rasizadə Səudiyyə Ərəbistanı Krallığının Dağlıq Qarabağ probleminin həlli sahəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyx ölkəsinin Azərbaycan ilə müxtəlif istiqamətlərdə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləmiş, əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini diqqətə çatdırmışdır. Azərbaycana ilk dəfə, Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə gəldiyini söyləyən qonaq burada gördüklərindən məmnunluğunu vurğulamışdır.
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı
Krallığındakı səfiri Tofiq Abdullayevin və Səudiyyə Ərəbistanı
Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əl-Düşərinin də iştirak etdikləri görüşdə
qarşılıqlı maraq doğuran məsələlər barədə
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 19 iyun- S.
1.