"Azərbaycan
Respublikasının 2010-cu il dövlət büdcəsi
haqqında" Qanuna dəyişikliklər edildi
İyunun 18-də Milli Məclisin
növbədənkənar sessiyasının iclası
keçirildi. Parlamentin sədri Oqtay Əsədov gündəliyə
təklif olunan məsələlər barədə məlumat
verdikdən sonra müzakirələr başlandı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov "Normativ-hüquqi aktlar haqqında" (üçüncü oxunuş) Konstitusiya qanunu layihəsini müzakirəyə təqdim etdi. Komitə sədri bildirdi ki, qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülən bir sıra irad və təkliflər sənədin ayrı-ayrı maddələrində nəzərə alınmışdır. Qanun layihəsinin hüququn analogiyasından və qanunun analogiyasından istifadə olunması qaydasından, qanunvericilikdə boşluqların aşkar edilməsindən bəhs edən maddələrdə müvafiq dəyişikliklər edilmişdir. Eyni zamanda, sənədə yeni maddələr də əlavə edilmişdir. Ə.Hüseynov qeyd etdi ki, "Normativ-hüquqi aktlar haqqında" qanun layihəsinə Venesiya Komissiyasının son iclasında baxılmış və müsbət qiymət verilmişdir. Bu Konstitusiya qanunu normativ-hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul olunması, qüvvədə olması, dərc və şərh edilməsi, sistemləşdirilməsi qaydalarını müəyyən edəcəkdir. Deputatlar qanun layihəsinə üçüncü oxunuşda müsbət münasibət bildirdilər.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi barədə məlumat verdi. Komitə sədri bildirdi ki, qanun layihəsi "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq hazırlanmışdır. Dünya iqtisadi böhranının davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında son dörd ay ərzində dinamik inkişaf meyillərinin özünü göstərməsi aparılan uğurlu siyasətin nəticəsidir. Ölkə iqtisadiyyatının davamlı inkişafı, sosial-iqtisadi sahədə aparılan islahatlar və əldə olunan nəticələr "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsini zərurətə çevirmişdir. Qanun layihəsi komitə iclasında müzakirə edilmiş və müsbət rəy verilmişdir.
Maliyyə naziri Samir Şərifov ölkənin ali maliyyə sənədində nəzərdə tutulan dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, 2010-cu il üzrə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili, eyni zamanda, cari ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatının inkişaf dinamikası, əldə edilmiş müsbət iqtisadi göstəricilər, dövlət və icmal büdcələrin gəlir proqnozlarının yenidən hesablanması ilin sonuna kimi dövlət və icmal büdcələrə təsdiq olunmuş həcmdən artıq vəsaitin daxil olacağına zəmin yaradır. S.Şərifovun sözlərinə görə, 2010-cu il dövlət və icmal büdcələrə yenidən baxılmaqla onların gəlir və xərclərinin, kəsirinin tənzimlənməsi imkanı yaranmışdır.
S.Şərifov qeyd etdi ki, ölkənin müdafiə potensialının artırılması məqsədilə 400 milyon manat əlavə vəsait nəzərdə tutulub. Bununla yanaşı, elm, təhsil, sosial təminatın gücləndirilməsi, yol infrastrukturunun yenidən qurulması məqsədilə 76,6 milyon manat, Naxçıvan Muxtar Respublikasının yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulması üçün 17 milyon manat vəsait nəzərdə tutulub. Sənaye, tikinti-quraşdırma işlərinə isə 609,5 milyon manat vəsait ayrılması müəyyənləşdirilib. Maliyyə nazirinin qeyd etdiyinə görə, büdcə kəsiri ilin sonuna kimi 2,3 faiz təşkil edəcəkdir.
2010-cu ilin dövlət və icmal büdcəsi hazırlanarkən dünya bazarında bir barel neftin qiyməti 45 dollar götürülmüşdür. Dünya maliyyə böhranının səngiməsini nəzərə alaraq hazırda dünya bazarında bir barel neftin satış qiyməti 65-70 dollar civarında proqnozlaşdırılıb. Onun üçün dövlət büdcəsində bir barel neftin qiyməti 60 dollar müəyyənləşdirilib.
Qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc dünya maliyyə böhranının hələ də davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dinamik inkişafını müsbət hal kimi dəyərləndirdi. Bunu ölkədə sosial-iqtisadi sahədə aparılan islahatların məntiqi nəticəsi hesab etdi. 2010-cu ilin dövlət büdcəsi haqqında qanunda dəyişikliklərin edilməsini bu baxımdan məqsədəuyğun saydı.
"2010-cu il dövlət büdcəsi kəsirinin 2,3 faiz proqnozlaşdırılması ölkə iqtisadiyyatının dinamik inkişaf səviyyəsini göstərir" deyən deputat Mübariz Qurbanlı dünya maliyyə böhranı şəraitində Azərbaycanda sosial-iqtisadi proqramların həyata keçirilməsini, regionlarda yeni infrastrukturların yaradılmasını ölkə rəhbərliyinin böyük uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət strategiyasının müsbət nəticəsi hesab etdi.
Deputat Əli Məsimli 2010-cu il dövlət büdcəsində 15 faiz artımın müşahidə olunmasını müsbət tendensiya kimi qiymətləndirdi. Dünyanın inkişaf etmiş ölkələrində iqtisadi sahədə geriləmələr olduğu halda Azərbaycan iqtisadiyyatında davamlı inkişafın olmasını aparılan iqtisadi islahatların nəticəsi kimi dəyərləndirdi.
Deputat Aydın Mirzəzadə bildirdi ki, Azərbaycanda son iki ildə aparılan antiböhran tədbirləri öz uğurlu nəticələrini verməkdədir. Dövlət büdcəsinə edilən dəyişikliklər və təkliflər günün tələbidir. Elm, təhsil, yol infrastrukturu, hərbi sahələrə vəsaitlərin artırılması müsbət haldır. A.Mirzəzadənin sözlərinə görə, qanun layihəsində fövqəladə halların qarşısının alınması üçün vəsait nəzərdə tutulub ki, bu da təbii fəlakət zamanı meydana çıxan çətinliklərin aradan qaldırılmasına imkan verəcəkdir.
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsini təqdir etdi. Bildirdi ki, dünyanın əksər inkişaf etmiş ölkələrində iqtisadi sahədə geriləmələr müşahidə olunsa da, Azərbaycanda dövlət büdcəsi gəlirlərinin artmasını müsbət qiymətləndirmək lazımdır.
Deputatlardan Qüdrət Həsənquliyev, Cəmil Həsənli, Vahid Əhmədov 2010-cu il dövlət büdcəsində elm, təhsil, hərbi sahələrə xərclərin artırılmasını müsbət qiymətləndirdilər.
Müzakirələrdən sonra qanun layihəsi səs çoxluğu ilə qəbul edildi.
Parlamentin komitə sədri Əli Hüseynov "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında" Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim etdi. Komitə sədri bildirdi ki, qanuna edilən dəyişikliklərə görə, "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı ratifikasiya sənədini imzalayır. Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları müvafiq icra hakimiyyəti orqanı qəbul edir.
Deputatlar bu qanun layihəsini
də qəbul etdilər.
Qısa fasilədən sonra
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr edilməsi barədə
qanun layihəsi müzakirəyə çıxarıldı.
Layihə barədə məlumat verən Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynov bildirdi ki, 2009-cu ilin mart ayında
keçirilən referendumda Konstitusiyaya bir sıra əlavə
və dəyişikliklər edilib: "Burada söhbət
konkret olaraq müharibə şəraitində ali dövlət
orqanlarına seçkilərin keçirilməsinin
mümkünsüzlüyünü nəzərə alaraq
Prezidentin və Milli Məclisin səlahiyyət müddətlərinin
uzadılması ilə bağlı olan 84-cü və 101-ci
maddələrdən gedir. Hazırda Konstitusiyanın qüvvədə
olan müddəalarının təminatı məqsədilə
ötən ilin martında keçirilən referendumda edilən
dəyişiklik və əlavələrə əsaslanaraq
"Konstitusiya Məhkəməsi haqqında" qanuna əlavələrin
edilməsi təklif olunur. Ali vəzifəli şəxslərin
səlahiyyət müddətinin artırılması məsələsinin
əhəmiyyətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin
səlahiyyətlərinin artırılması ilə bərabər,
qanunun 7-ci maddəsinə bu məsələnin birbaşa
Konstitusiya Məhkəməsinin plenumunun iclasında
baxılması şərtinin əlavə edilməsi təklif
olunur". Deputat Zahid Oruc edilən təklifin mütərəqqi
xarakter daşıdığını və ötən
zamanın qanunvericilikdə aparılan dəyişikliklərin
doğru olduğunu sübuta yetirdiyini bildirdi. Layihə səsə
qoyularaq qəbul edildi.
Daha sonra "Məhkəmə
nəzarətçiləri və məhkəmə
icraçıları haqqında", "Məhkəmə qərarlarının
icrası haqqında" Azərbaycan Respublikasının
qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə və Cəzaların
İcrası Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə qanun layihəsi
müzakirəyə təqdim edildi. Parlamentin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov layihə barədə məlumat verdi: "Bu
gün hüquq məkanında əsas düşüncə
ondan ibarətdir ki, əgər məhkəmə qərarı
qüvvəyə mindikdən sonra icra edilmirsə, deməli, ədalətin
mühakimə hüququ faktiki olaraq pozulmuş hesab olunur. Azərbaycanda
məhkəmə hüquq islahatlarının vacib hissəsi
kimi məhkəmə qərarlarının icrası da nəzərdə
tutulub. Bununla bağlı parlamentdə xüsusi bir qanun qəbul
edildi, sonradan Ədliyyə Nazirliyində bir sıra tədbirlər
görüldü. Artıq bu gün məhkəmə qərarlarının
icra səviyyəsi yüksəkdir. Təklif edilən dəyişiklik
və əlavələrin əsas məqsədi isə məhkəmə
nəzarətçiləri və icraçılarının
fəaliyyətlərinin daha dəqiq tənzimlənməsilə
bağlıdır".
Deputat Baba Tağıyev layihənin
mükəmməl və operativ şəkildə
hazırlandığını bildirdi. Deputat Gülər Əhmədova
isə qeyd etdi ki, bu dəyişikliklərlə Ədliyyə
Nazirliyinin müvafiq idarəsinin icra məmurlarının
hüquq və vəzifələri kifayət qədər
genişlənir: "Onlara burada çox böyük vəzifələr
tapşırılır, hüquqlar verilir". Deputat Aydın
Həsənov da qanunlara dəyişikliklərin müsbət
xarakter daşıdığını vurğuladı. Layihə
səsə qoyularaq qəbul olundu.
Gündəlikdə duran digər
məsələ Azərbaycan Respublikasının Seçki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında Azərbaycan
Respublikası Qanun layihəsi idi. Bu barədə də
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynov məlumat verdi: "Bir müddət
öncə Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil
olunan bir qrup deputatı konstitusion qanunvericilik təşəbbüsü
hüququndan istifadə edərək Milli Məclisə
Seçki Məcəlləsinə bir sıra dəyişikliklərin
edilməsi ilə bağlı qanun layihəsi təqdim ediblər.
Bu qanun layihəsi ilk növbədə seçki prosesinin
müasir dövrdə daha da təkmilləşdirilməsinə,
seçki hüququndan daha səmərəli istifadə edilməsinə
və seçkilərdə sui-istifadə hallarının
qarşısının alınmasına yönəlib.
Seçki Məcəlləsinə təklif olunan dəyişiklikləri
şərti olaraq iki hissəyə bölmək olar. Birincisi,
seçki müddətinin qismən azaldılması ilə
bağlıdır və təklif olunur ki, bu müddət 60
günə kimi azaldılsın. Seçki
komissiyalarının maddi-texniki təminatının
artması seçki müddətinin 60 günədək
azaldılmasına imkan verir. Hazırda seçki
administrasiyası seçkiləri daha qısa müddətdə
və peşəkarlıqla, şəffaf və demokratik həyata
keçirmək imkanındadır. Demək olar ki,
bütün seçki dairələri üçün ya yeni
binalar tikilib və ya onların binaları əsaslı təmir
olunub. Qonşu Gürcüstanda da bu müddət 60
gündür, Macarıstanda isə prezident seçkiləri
üçün müddət cəmi 45 gündür. Şərti
olaraq ikinci hesab edilən dəyişiklik isə malliyyə məsələsidir.
Bir namizəd üçün kifayət qədər böyük
olmayan məbləğ ümumilikdə dövlət büdcəsi
üçün əhəmiyyətli rəqəmə
çevrilir. Onu da xatırladım ki, əvvəlki
seçkilərdə seçicilərin üç faizdən
artıq səsini toplaya bilməyən namizədlər bu
günə kimi həmin vəsaitləri qaytarmayıblar".
Deputat Zahid Oruc Seçki Məcəlləsinə
müvafiq dəyişikliklərdən sonra Azərbaycanda
güclü partiya sisteminin qurulacağını bildirdi.
Milli Məclisin Sədri Oqtay
Əsədov bildirdi ki, dövlət hesabına maliyyə
fondlarının ayrılmasından sonra hər dairədən
namizədlərin sayı orta hesabla 11 nəfərdən 28-29
nəfərə çatdı: "Bu qədər namizəddən
isə təxminən 30 faizi müəyyən qədər səs
toplaya bilir. Qalan 70 faiz heç seçkidə iştirak da
etmir. Bu da həmin fondların ayrılmasının
lazımsız olduğunu göstərir".
Milli Məclis Sədrinin
müavini Bahar Muradova isə qeyd etdi ki, bu yaxınlarda
İngiltərədə kəskin mübarizə şəraitində
keçirilən seçkilərə cəmi 1 ay vaxt
ayrıldı: "Həmin 1 ay müddətində namizədlər
öz platformalarını seçicilərə
çatdırdılar, seçicilər də öz
seçimlərini etdilər. İngiltərənin tarixində
görünməyən bir hadisə baş verdi,
üçüncü bir qüvvə meydana gəldi.
Danimarkada isə seçkiləri Ədliyyə və Səhiyyə
nazirliklərinin nəzdində olan müvafiq bir departament həyata
keçirir, seçkilərə isə cəmi 2 həftə
vaxt ayrılır".
Deputat Qüdrət Həsənquliyev
də Seçki Məcəlləsinə edilən dəyişikliklərin
mütərəqqi xarakter daşıdığını
bildirdi.
Deputat Əli Əhmədov qeyd edti ki, dəyişikliklərlə bağlı edilən təkliflər irəli sürülərkən qarşıya bir sıra məqsədlər qoyulub: "Birincisi, seçki resurslarından səmərəli istifadə edilməsinə təkan verməkdir. Ölkəmizdə artıq formalaşmış seçki praktikası mövcuddur. İkinci əsas məqsəd Azərbaycanın seçki qanunvericilyini və praktikasını beynəlxalq təcrübəyə yaxınlaşdırmaqdır". Deputat Azay Quliyev beynəlxalq təşkilatların Seçki Məcəlləsinə edilən dəyişiklikləri müsbət qarşıladığını vurğuladı. Layihə səsə qoyulduqdan sonra qəbul edildi.
Gündəliyin
digər məsələləri olan Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinə
əlavə edilməsi haqqında, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavələr edilməsi haqqında, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında qanun layihələri
barədə də Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat
verdi. Layiəhələr səsə qoyularaq qəbul olundu.
Bununla da Milli Məclis dünənki işini
yekunlaşdırdı.
Azərbaycan.- 2010.- 19
iyun- S. 1, 2.