Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun təhlili Azərbaycanın qlobal maliyyə böhranından zərər çəkmədiyini təsdiqləmişdir

 

ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutu iyunun 16-da "Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri" mövzusunda konfrans keçirmişdir.

 

Konfransın işində Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının aparıcı mütəxəssisləri, ABŞ-ın iqtisadi təhlilçiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Məruzəçilər qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz bölgəsində yerləşən səkkiz dövlətin iqtisadi və maliyyə sektorlarına təsirinə toxunmuşlar. Qeyd edilmişdir ki, Azərbaycan qlobal iqtisadi böhrandan ən az zərər çəkən ölkədir. Mütəxəssislərin fikrincə, 2007-2008-ci illərdə Azərbaycanda iqtisadiyyatın artım dinamikası yüksək olmuşdur. 2008-ci ildə Dünya Bankı biznesin aparılması proqramı üzrə Azərbaycanı lider dövlət kimi tanımışdır. 2009-cu ildə makroiqtisadi göstəricilər də ölkəmizin milli valyutasının sabitliyini qoruyub saxlayaraq, iqtisadi inkişafın yüksələn xəttini nümayiş etdirmişdir. Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin nümayəndəsi Ratna Sahay demişdir: "Böhran dövrü Azərbaycan iqtisadiyyatına bir o qədər də böyük ziyan vurmamışdır. Hətta bəzi sahələrdə dinamik inkişaf da müşahidə edilmişdir. Bu, aparılan düzgün və məqsədyönlü siyasətin nəticəsidir. Onu da deyim ki, Azərbaycandan daha çox neft ehtiyatlarına malik olan Rusiya və Qazaxıstan kimi ölkələrdə belə inkişaf nəzərə çarpmır. Ümid edirəm ki, Azərbaycan gələcəkdə də çoxşaxəli iqtisadi inkişafını davam etdirəcəkdir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 iyun- S.  1.