Mərakeş Krallığının Sosial İnkişaf və Ailə Nazirliyi ilə memorandum imzalanmışdır

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-dən 18-dək Mərakeş Krallığının sosial inkişaf və ailə məsələləri üzrə naziri xanım Nuja Skallinin dəvəti ilə Rabatda olmuşdur.

Nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Azərbaycan səfirliyinin binasındakı büstünün önünə əklil qoyaraq xatirəsini ehtiramla yad etmişdir.

Komitədən bildirmişlər ki, səfər çərçivəsində AQUPDK ilə Mərakeş Krallığının Sosial İnkişaf və Ailə Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Sənəddə əməkdaşlığın inkişafı və dövlət proqramları çərçivəsində ailə, qadın və uşaqlara sosial yardım göstərmək, o cümlədən onların sosial müdafiəsinin gücləndirilməsinə dair məsələlərin siyasətə və inkişaf proqramlarına daxil edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Memorandumda, həmçinin, hər iki ölkədə ailə, qadın və uşaq məsələləri ilə bağlı hüquqisosial mexanizmlərin təkmilləşdirilməsi məqsədilə təhlillərin aparılması da əksini tapmışdır.

Mərakeş Krallığı ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, ailə, qadın, uşaq məsələləri üzrə əlaqələr də genişlənir. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyev və Mərakeşin Kralı əlahəzrət VI Məhəmmədin təşəbbüsü ilə mümkün olmuşdur. Hər iki ölkədə ailə, qadın və uşaq məsələləri dövlətin daimi nəzarətindədir.

Nümayəndə heyəti İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür.

Görüşdə Azərbaycanda ailə, qadın və uşaq siyasətinin inkişaf istiqamətləri müzakirə edilmiş, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu nüfuzlu beynəlxalq təşkilatla yüksək səviyyəli əməkdaşlığı xüsusi vurğulanmışdır. Nümayəndə heyətinin Mərakeş Kralının bacısı xanım Lalə Məryəm ilə də rəsmi görüşü keçirilmişdir.

Azərbaycan təmsilçiləri Mərakeşin Qadın Hüquqlarının Müdafiəsi üzrə Təşəbbüs Assosiasiyasının Fes şəhərində təşkil olunmuş "Əl Batha" çoxfunksiyalı ailəyə dəstək mərkəzi ilə tanış olmuşlar.

Səfər Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin dəstəyi ilə təşkil edilmişdir.

 

 

Azərbaycan.- 2010.- 19 iyun- S.  2.