Azərbaycan ətraf mühitin mühafizəsinə böyük diqqət ayırır
İyunun 18-də Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət
Əsgərov Bakıda keçirilən Ombudsmanların VIII
Beynəlxalq konfransının iştirakçıları ilə
görüşdü.
Qonaqları Milli Məclisin Sədri Oqtay Əsədovun adından salamlayan Ziyafət Əsgərov ombudsmanların Azərbaycana xoş bir missiya ilə gəldiyini qeyd etdi: "Siz "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri" mövzusuna həsr edilmiş konfransda iştirak etmək üçün Bakıya gəlmisiniz. Ombudsmanların insan hüquqları və ətraf mühit məsələsinə belə diqqət yetirməsi təqdirəlayiq haldır. Çünki artıq elə bir vəziyyət yaranıb ki, bu gün insan hüquqları və ətraf mühitin müdafiəsi, demək olar, biri-birilə sıx bağlı olan məsələlərdir. Bir neçə il öncəyə qədər biz iqlim dəyişikliklərinin yalnız təbiətə vuracağı ziyan barədə düşünürdüksə, indi artıq bu dəyişikliklərin insan cəmiyyətinə təsir göstərməsi barədə də fikirləşirik".
Ziyafət Əsgərov xatırlatdı ki, Azərbaycan Respublikasının Milli Məclisi ekologiya məsələsi ilə bağlı onlarla qanun qəbul edib və bunlara misal olaraq ətraf mühitin hüquqi müdafiəsi, atmosferin çirklənməsinin qarşısının alınması, çirkli suların təmizlənməsi, Xəzər dənizinin mühafizəsi və digər qanunları göstərmək olar: "Azərbaycan eyni zamanda bu sahə üzrə beynəlxalq konvensiyalara da qoşulub. Hesab edirəm ki, həmin konvensiyaların Azərbaycan qanunvericiliyinin inkişaf etdirilməsində çox böyük töhfələri olub. Lakin o da təəssüflə qeyd olunmalıdır ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı yaranan problemlərin həlli üçün dövlətlər ortaq məxrəcə gələ bilmirlər. Məsələn, ötən ilin dekabrında Kopenhagendə iqlim dəyişikiliyi ilə bağlı 10 günə yaxın davam edən konfransda hər hansı konkret nəticə əldə olunmadı. Bəzi dünya dövlətləri, təəssüf ki, bu məsələlərdə öz daxili mənafelərini güdürlər. Lakin yaddan çıxarmaq olmaz ki, ekologiyanın, havanın, suyun sərhədi yoxdur".
Milli Məclis Sədrinin birinci müavini onu da qeyd etdi ki, ekoloji problemlərin həlli üçün dünya dövlətləri bir araya gəlməlidir: "Bununla bağlı BMT və digər müvafiq beynəlxalq təşkilatlar xeyli sayda sənəd qəbul etsələr də, çağırışlar olunsa da, təəssüf ki, lazımi nəticə yoxdur. Azərbaycanda isə ətraf mühit məsələsinə çox ciddi diqqət yetirilir. Məsələn, 2010-cu il Azərbaycanda ekologiya ili elan olunub və bu istiqamətdə xeyli iş görülüb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son 6 ildə Azərbaycanda yaşıllaşdırma 6 faizdən çox artıb və bu, BMT-nin rəsmi məlumatlarında da öz əksini tapıb. Hazırda qeyd olunan istiqamət üzrə işlər davam etdirilir".
Ziyafət Əsgərov bildirdi ki, Ermənistan Azərbaycanın işğal altında saxladığı 20 faiz ərazisində ekoloji sahədə böyük fəsadlar yaradıb: "Zəbt olunmuş ərazilərdə Azərbaycanın milli, təbii sərvətlərinə, o cümlədən meşə fonduna böyük miqdarda zərər vurulub. Məsələn, işğal olunmuş Zəngilan rayonunda dünyada çox nadir çinar növlərindən ibarət böyük bir meşəlik Ermənistan tərəfindən doğranılaraq məhv edilib. Ermənistan Araz çayını çirkləndirməkdə davam edir, radioaktiv maddələr bu çaya axıdılır. Azərbaycan rəhbərliyi, digər dövlət orqanları, o cümlədən də parlament bu məsələ ilə bağlı dəfələrlə BMT-yə müraciət edərək komissiya yaradılıb araşdırmalar aparılmasını istəsə də, nəticə yoxdur.
Ermənilər işğal altında saxladıqları ərazilərdə tez-tez yanğınlar törədirlər, yaşıllıqları məhv edirlər. Bütün bunlardan isə təkcə Azərbaycan yox, bütün region, nəticə etibarilə dünya ziyan çəkir". Ziyafət Əsgərov Bakıda keçirilən Ombudsmanların VIII Beynəlxalq konfransının əhəmiyyətini çox yüksək qiymətləndirdi.
Azərbaycan Respublikasının ombudsmanı Elmira Süleymanova xatırlatdı ki, hər il iyunun 18-i Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə insan haqları günü kimi qeyd olunur: "Azərbaycan belə bir günün qeyd olunduğu yeganə ölkədir. Biz həm də bir neçə ildir ki, ombudsmanların beynəlxalq konfransını keçiririk və bunun böyük əhəmiyyəti var. Bu konfranslarda başqa yerlərdə səsləndirilməyən mövzular gündəmə gətirilir. Ombudsmanların VIII Beynəlxalq konfransda ilk dəfə olaraq iqlim dəyişikliyinin hüquqi və etik aspektləri müzakirə olunur".
Rusiyanın Saratov vilayətinin ombudsmanı Nina Lukaşova Azərbaycanda
gedən sürətli dəyişikliklərdən məmnun olduğunu, ətraf mühitin
mühafizəsilə bağlı xeyli iş görüldüyünü
qeyd etdi. YUNESKO-nun Moskva bürosündan Alla Ampur Bakıda belə bir
konfransın keçirilməsi üçün
dövlət tərəfindən göstərilən dəstəyə
görə öz təşəkkürünü
bildirdi.
Azərbaycan.- 2010.- 19 iyun- S.
2.