Alman-Azərbaycan Forumunun
növbəti iclası keçirilmişdir
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Alman-Azərbaycan Forumunun (AAF) növbəti iclası keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, AAF-ın sədri, Azərbaycan Respublikasının Baden Vüttemberq torpağı üzrə fəxri konsulu Otto Hauzer, eləcə də qurumun idarə heyətinin bütün üzvləri iştirak etmişlər. Tədbirdə AAF-ın bu ilin birinci yarısında fəaliyyəti haqqında məruzə təqdim olunmuş, məruzə ətrafında müzakirələr aparılmış, bu cür tədbirlərin Almaniya ilə Azərbaycan arasındakı münasibətlərin müxtəlif sahələrdə inkişafına müsbət təsir edəcəyi qeyd olunmuşdur. Sonra iclasda 2010-cu ilin ikinci yarısı üçün nəzərdə tutulan tədbirlər planı təsdiqlənmişdir.
AAF-ın icraçı direktoru Pərviz Yazdani, Köln Ali Texniki İnstitutunun professoru Reza Talibi-Daryani, Potsdam Universitetinin professoru Vilfrid Furmann, qurumun incəsənət və mədəniyyət şöbəsinin rəhbəri Samira Patser-İsmayılova, CDU partiyasının təşkilati işlər üzrə direktoru Uli Roller və digərləri çıxış edərək Almaniya-Azərbaycan əlaqələrinin genişlənməsinə dair təkliflərini bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 19 iyun- S.
2.