Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafı üçün geniş potensial vardır

 

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iyunun 18-də nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin sədri Abdullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyxin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən tərəflər onların inkişafı üçün geniş potensialın mövcudluğunu, bundan daha səmərəli istifadə edilməsinin vacibliyini qeyd etmişlər.

Regionda cərəyan edən proseslər barədə danışan E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə qonaqlara ətraflı məlumat vermişdir. Nazir bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə daim dəstək verdiyinə görə Səudiyyə Ərəbistanı Krallığına minnətdarlığını bildirmişdir.

Ölkələrimiz arasında mövcud qanunvericilik bazasının genişləndirilməsinə tələbatın olduğunu deyən E.Məmmədyarov bu istiqamətdə səylərin artırılmasının vacibliyini vurğulamışdır.

Qonaq ölkəsinin hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana lazımi dəstək verməyə hazır olduğunu demişdir.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud iqtisadi əlaqələrin siyasi əlaqələrin səviyyəsinə çatdırılmasının vacibliyindən danışan Abullah bin Məhəmməd bin İbrahim Al əş-Şeyx bu sahədə bir sıra işlərin həyata keçirilməsinə ehtiyac olduğunu vurğulamışdır.

Görüşdə ikitərəfli, regionalbir sıra maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 19 iyun- S.  3.