Azərbaycan-Fransa: Hüquqi sahədə əlaqələr genişlənir

 

Fransanın ölkəmizdəki səfiri Qabriel Keller iyunun 18-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan nazir Azərbaycanda ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi ilə bağlı islahatlar, hakimlərin seçilməsi və tədrisi barədə məlumat vermiş, bu sahədə qabaqcıl təcrübəsindən istifadə olunduğunu, 2004-cü ildə iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzalanmasını qeyd etmiş, ədliyyə fəaliyyətinin müxtəlif sahələri üzrə əməkdaşlığın yeni prioritetlərinin müəyyən olunmasının vacibliyini bildirmişdir.

Səfir ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın, o cümlədən ədliyyə orqanları arasında əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulamış, yeni yaradılmış Ədliyyə Akademiyasının fəaliyyətinə xüsusi önəm verərək, bu sahədə Fransa Milli Hakimlər Məktəbi ilə qarşılıqlı münasibətlərin və təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd etmişdir.

Görüşdə məhkəmə qərarlarının icrası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, xüsusi notariusların fəaliyyətinin və inzibati ədliyyənin təşkilinə dair səmərəli fikir mübadiləsi aparılmış, konkret məsələlər üzrə razılıq əldə edilmişdir.

 

 

Azərbaycan.- 2010.- 19 iyun- S.  3.