Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirilmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunda Kibernetika, informasiya texnologiyaları və texnika üzrə Problem Şurasının iclası keçirilmişdir.

AMEA-dan bildirmişlər ki, iclasda Problem Şurasının sədri, akademik İsmayıl İbrahimov gündəlikdə duran məsələlər haqqında məlumat vermişdir.

Tədbirdə akademiklər Telman Əliyev və Fikrət Əliyev, AMEA-nın müxbir üzvləri Rasim Əliquliyev və Asəf Hacıyev, Azərbaycan Dövlət Neft Akademiyasının elmtexnika işləri üzrə prorektoru professor Ramiz Hümbətov və başqaları AMEA, digər elmi-tədqiqat və ali təhsil müəssisələrindən Şuraya daxil olmuş prioritet istiqamətlərlə bağlı çıxış etmişlər. Bildirilmişdir ki, bu prioritetlərin respublikanın inkişaf tələblərinə uyğun istiqamətləri müəyyən edilərək Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni sahələrdə vəzifələri ilə uzlaşmalıdır.

Tədbirdə kibernetika, informasiya texnologiyaları sahələrində olduğu kimi, texnika elmləri üzrə prioritet istiqamətlərin müəyyən edilməsi üçün bu sahədə çalışan alim və mütəxəssislərin də cəlb olunması təklif edilmişdir.

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə elmin idarə edilməsi sistemi haqqında çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyev ölkəmizdə müxtəlif sahələrdə olduğu kimi, elmi fəaliyyətdə də İKT texnologiyalarının tətbiqinin əsas məsələlərdən biri olduğunu, artıq respublikamızda elektron elmin formalaşması istiqamətində işlərin aparıldığını nəzərə çatdırmışdır.

Sonda texnika elmləri namizədi Tahir Əlizadə "Kibernetikainformatika problemləri" mövzusunda beynəlxalq konfransın təşkili ilə bağlı məlumat vermişdir.

Şura üzvləri konfransın keçirilməsi ilə bağlı bir sıra təklif və tövsiyələrini bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 iyun- S.  3.