18. Qaçqın və məcburi
köçkünlər daim dövlət
qayğısı əhatəsindədir
"Azərbaycanın
indiki inkişafında bir
nömrəli problem öz
doğma torpaqlarımızı qaytarmaq və etnik təmizləmə
siyasətindən əziyyət çəkən insanların
həyat səviyyəsini yaxşılaşdırmaqdır. Biz hər iki problemi həll etməyə
çalışırıq və bundan sonra da bunu
edəcəyik. Bir daha
demək istəyirəm ki, Azərbaycan
dövləti öz iqtisadi
imkanlarını səfərbər edib
qaçqın-köçkün soydaşlarımızın
problemlərinin həlli üçün
lazım olan bütün
tədbirləri görəcəkdir"
İlham ƏLİYEV
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı onun hər bir vətəndaşının həyatında özünü göstərməkdə, insanların maddi-rifah halının günü-gündən yaxşılaşmasına təkan verməkdədir. Əhalinin pul gəlirlərinin çoxalması, əməkhaqqı və pensiyaların, büdcədən verilən müavinətlərin həcmində olan artımlar və bu qəbildən olan digər amillər ölkədə sosial sferada vəziyyətin daim yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdəndir. Əldə edilən bu uğurlar Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşməyib. MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə duran dövlətlərdən biri olmasına baxmayaraq, Azərbaycan bu kateqoriyadan sayılan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdəndir.
Azərbaycan iqtisadiyyatına 60 milyard dollardan çox zərər vuran işğal
Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir və göstərilən sahədə lazımi nəticəyə nail olunması üçün Azərbaycanın kifayət qədər böyük iqtisadi imkanları var. Məhz elə bu məqam da ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirən əsas göstəricilərdən biri hesab oluna bilər. Çünki qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daim yaxşılaşdırılması, onların dövlət hesabına müasir standartlara cavab verən yaşayış evləri ilə təmin olunması, bütün kommunal xərclərinin yenə də dövlət tərəfindən ödənilməsi, məcburi köçkün statusu daşıyan insanlara hər ay çörək pulu verilməsi, bu kimi digər məsələlər böyük vəsaitlər, yaranan başqa problemlərin rasional həllini tələb edir. Yalnız iqtisadiyyatı güclü olan dövlət belə problem və məsələləri uğurla həll etmək iqtidarındadır, Azərbaycan isə qeyd edilənlərə ən bariz nümunə ola biləcək ölkədir. Lakin Ermənistan tərəfindən işğala məruz qalması və bunun nəticəsində yaşanan humanitar fəlakət, iqtisadiyyata vurulan ağır zərbə fonunda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması prosesi elə də asan olmayıb yalnız onlara göstərilən yüksək qayğı, həmçinin bu sahədə dəqiq düşünülmüş siyasətin məntiqi nəticəsi hesab olunmalıdır.
Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması ölkəmizin iqtisadiyyatında müstəqillyin ilk illərində yaranan problemlərin daha da geniş miqyas almasına səbəb oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Ermənistanın hərbi təcavüzü Azərbaycanın 17 min kvadratkilometr ən məhsuldar torpaqlarının işğalına səbəb olmaqla yanaşı, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 kilometr avtomobil yollarının, 348 körpünün, 7568 kilometr su və 76940 kilometr elektrik xətlərinin dağıdılmasına səbəb oldu. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırdılar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olundu, 44 məbəd və 18 məscid təhqir edildi. Dağıdılan və yandırılan 927 kitabxanada dörd milyon altı yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edildi.
Düzdür, Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi - psixoloji zərbə ilə bərabər, ilkin və axıradək müəyyənləşdirilməmiş məlumata görə, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəyib. İşğalın davam etməsi isə bu gün də Azərbaycanın ərazi bütövlüyünün pozulması prosesinin davamı ilə yanaşı, hər keçən gün onun iqtisadi sahədə zərərlərini artırır.
Qaçqın və məcburi
köçkünlər problemini dünyaya çatdıran lider
Bununla belə, doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşımızın üzləşdikləri problemlər dövlət tərəfindən uğurla həll edilir və bu kateqoriyadan olan insanlar tezliklə öz ata-baba torpaqlarına qayıdacaqlarına əminlik ifadə edirlər. O da danılmaz faktdır ki, qaçqın və məcburi köçkünlər dövlətin onlara qayğısını məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra hiss etməyə başlayıblar. "İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir" - deyən ulu öndər daim bu insanlarla şəxsən görüşür, onların problemləri ilə yaxından maraqlanır və belə problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verirdi. Həmçinin Heydər Əliyev Azərbaycanın üzləşdiyi bu humanitar fəlakət probleminin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də uğurlu nailiyyətlərə imza atdı. Bununla bağlı olaraq görülən işlər sayəsində 1993-2004-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar və inkişaf təşkilatları tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərildi. 1999-cu ildə ümummilli liderin BMT-nin "Ümumdünya Ərzaq Proqramı" təşkilatının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. Ulu öndərin xarici səfərlərində də bu məsələ daim ön planda yer alırdı və qaçqınların, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində konkret nəticələrə nail olunurdu. Məsələn, Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əldə olunmuş razılığa əsasən İtaliyanın "ENİ" şirkəti tərəfindən "Azərbaycanda yurdlarından didərgin düşmüş şəxslər və məcburi köçkünlər" layihəsi çərçivəsində 2,2 milyon ABŞ dolları həcmində ayrılmış qrant vəsaiti hesabına 1999-cu ilin noyabr ayında Azərbaycan hökuməti, "ACİP Azərbaycan" Ortaq Şirkəti, İtaliyanın "ENİ" şirkəti və BMT QAK arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən məcburi köçkünlər üçün Xanlar rayonunda 234 ailəlik 253 ev və sosial obyektlər, Beyləqan rayonunda 110 ailəlik 124 ev və sosial obyektlər inşa edildi. Ağcabədi rayonu ərazisində Laçın qış yataqlarında (Taxtakörpü) 35 obada 5600 nəfər üçün su xətləri çəkildi. Lakin qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllində əsas missiya məhz Azərbaycan dövlətinin üzərinə düşürdü. O da qeyd edilməlidir ki, bu problemlərin yarandığı ilk illərdən fərqli olaraq ölkəmizə yardım göstərən humanitar təşkilatlar sonradan sözügedən sahədə fəaliyyətlərini azaltmağa başladılar. Əgər 1994-1995-ci illərdə beynəlxalq, yerli humanitar və onların təsis etdiyi inkişaf təşkilatları tərəfindən həyata keçirilmiş layihələrə ildə 70-75 milyon ABŞ dolları həcmində vəsait sərf olunurdusa, 2004-cü ildə bu vəsaitin miqdarı təxminən 34 milyon dollar təşkil edirdi. 2001-ci ildə bir sıra beynəlxalq təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə ərzaq yardımı göstərilməsi proqramı ümumiyyətlə dayandırıldı. Lakin Dövlət Neft Fondundan ayrılmış vəsaitlər də nəzərə alınmaqla, hökumət bu sahə üzrə çəkilən xərclərin nəinki azalmasına imkan verdi, əksinə, onların miqdarını daha da artırdı.
1998-ci ildə Heydər Əliyevin sərəncamına əsasən "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq edildi. Növbəti ildə ölkə prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil olundu. Bu tədbirlər qaçqın və məcburi köçkünlərin həm məşğulluq problemlərinin həllində, həm də həyat şəraitinin yüksəlməsində əhəmiyyətli rol oynadı.
Məcburi köçkünlərə
ünvanlanan tarixi əhəmiyyətli
vəd
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə daim diqqət yetirməkdədir. Təsadüfi deyil ki, hələ 2003-cü ildə, prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin seçicilərlə ilk görüşü məhz Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrdə keçirildi. Həmin ilin oktyabrında xalqın yekdil rəyi ilə Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qaçqın və məcburi köçkünlərin yaşayış durumuna da geniş şəkildə toxunmuşdu: "Qaçqın-köçkünlərdən ötrü yeni qəsəbələr, şəhərciklər, evlər tikilir. On minlərlə qaçqın və köçkün artıq çadır düşərgəsindən çıxarılaraq müasir evlərə köçürülüb və bu proses davam edəcəkdir. Biz gələcəkdə də bu məsələyə çox böyük diqqət göstərəcəyik. Əminəm ki, yaxın gələcəkdə işğaldan əziyyət çəkən bütün qaçqın və köçkünlər müasir şəraitlə təmin olunacaqlar".
2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin həmin ilin 1 iyul tarixli 298 saylı sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edildi. Məhz bu proqram və orada nəzərdə tutulmuş geniş tədbirlər ölkəmizdəki qaçqın və məcburi köçkünlərə dövlət qayğısının daha bir təzahürü idi. Ümumilikdə dövlət proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min iş yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulurdu. Həmçinin sözügedən proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verilib. Doğma torpaqlarından ayrı düşən bu insanların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün də dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilməkdədir. 2007-ci ildə isə proqrama yeni əlavələr olunub və onun icra müddəti uzadılıb, daha çox məcburi köçkün ailələrini əhatə etməyə başlayıb.
Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Prezident İlham Əliyevin tarixi əhəmiyyət daşıyan fikirlərindən biri də onun Nazirlər Kabinetinin 2003-cü ilin noyabrın 17-də keçirilən iclasında səsləndi: "Mən seçkilərə qədər olan çıxışlarımda dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim. Bir daha bəyan edirəm ki, Azərbaycanda görüləcək tədbirlərin nəticəsində heç bir çadır şəhərciyi qalmayacaq, bütün çadır şəhərcikləri ləğv ediləcək və onların əvəzində yeni, müasir standartlara cavab verən evlər, qəsəbələr salınacaqdır".
Artıq 2007-ci ildə Prezident bu vədinə tam əməl etdi, görülən tədbirlər nəticəsində Azərbaycanda Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı və Sabirabad rayonları ərazisində mövcud olmuş 12 çadır düşərgəsi ləğv edildi. Ötən dövrdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olan beynəlxalq, eləcə də yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının ölkəmizdə tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün bir sıra yeni addımlar atıldı. Məsələn, Milli Məclisin 2004-cü il 3 dekabr tarixli qərarına əsasən "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişiklik edildi və beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına formalaşan əməkhaqqı fonduna hesablanmış məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edildi.
Lakin yenə də qaçqın və məcburi köçkünlərin problemlərinin həllində əsas söz dövlətə məxsusdur. Yeri gəlmişkən xatırladaq ki, BMT-nin "Ümumdünya Ərzaq Proqramı" beynəlxalq humanitar təşkilatı da donor vəsaitinin çatışmazlığı ilə əlaqədar ölkəmizdə yardımın paylanılmasını dayandırıb. Lakin dövlət bu problemi də öz üzərinə götürüb və ərzaq yardımından tutmuş digər məsələlərə qədər əsas problemləri öz iqtisadi gücü hesabına həll edir. Bununla bağlı bir maraqlı faktı qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti son 16 ildə qaçqın və məcburi köçkünlər üçün 2 milyard dollardan çox vəsait xərcləyib. Həmin müddət ərzində isə beynəlxalq təşkilatlar tərəfindən bu məqsədlə cəmi 760 milyon dollar xərclənib.
Xatırladaq ki, dövlətin işğal edilmiş ərazilərdən olan insanlarla bağlı siyasətinin icrasında əsas orqan kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq komitənin əsas vəzifələri qaçqınların, məcburi köçkünlərin və qaçqın statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin müvəqqəti məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması, qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmalarına şərait yaratmaq məqsədi ilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə məqsədyönlü iş aparılması, onlar üçün mənzil və sosial obyektlərin tikilməsi, təmir-tikinti işlərinin görülməsi, tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatı və s. problemlərin həlli sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Qaçqın və məcburi
köçkünlərə diqqət daim
artır
Araşdırmalar göstərir ki, 2001-2007-ci illərdə Dövlət Neft Fondundan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yeni qəsəbələrin salınması məqsədi ilə ayrılmış 360,4 milyon manat vəsait hesabına 15713 ev, ümumi yaşayış sahəsi 838,5 min kvadratmetr olan 49 qəsəbə, 106 məktəb, 4 musiqi məktəbi, 1276 yerlik 34 uşaq bağçası, 4 xəstəxana, 37 feldşer-mama məntəqəsi, 29 klub-icma mərkəzi, 30 rabitə evi, 31 hamam, 36 inzibati bina, 7 yanğın postu,103 su anbarı (50-2000 kubmetr), 11 yarımstansiya tikilib, 9883 hektar irriqasiya sistemi, 465 kilometr yol, 540 kilometr su xətti, 808,7 kilometr elektrik hava xətti çəkilib, 128 artezian quyusu qazılıb, 402 müxtəlif transformator quraşdırılıb. O cümlədən, Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşdırılması üçün respublikanın müxtəlif şəhər və rayonlarının ərazilərində 1330 ev tikilərək onların istifadəsinə verilib. Yeni qəsəbələrə köçürülmüş məcburi köçkünlərə Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün müəyyən edilmiş miqdarda əvəzsiz maliyyə yardımı verilib.
Bu siyasət 2008-2009-cu illərdə də davam etdirilib. Məsələn, 2009-cu ilin 17 və 20 noyabr tarixlərində Bakı şəhəri, Binəqədi rayonu, 2 saylı evtikmə kombinatının ərazisində 368 məcburi köçkün ailəsi üçün tikilmiş hündürmərtəbəli binaların, həmçinin Goranboy rayonunun ərazisindəki fin tipli qurma evlərdən ibarət qəsəbədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün salınmış qəsəbənin açılışı olub. Həmçinin ötən il ərzində Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində salınan 500 ailəlik 4 qəsəbədən ibarət olan Yuxarı Ağcakənd qəsəbəsində 120 ailəlik qəsəbənin, Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatdırılıb və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilib. Eyni zamanda, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində salınan qəsəbənin tikintisi başa çatıb və məcburi köçkünlər qəsəbədəki evlərə köçürülüb. Bunlarla yanaşı, Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmaqdadır. Ümumilikdə 2009-cu ildə 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülüb.
Bununla yanaşı, ötən ilin sentyabrın 2-də Prezident İlham Əliyevin daha 700-ə yaxın məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi barədə sərəncam imzalayıb. Qeyd edək ki, bu məqsədlə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə üç milyon manat məbləğində vəsait də ayrılıb.
Cari il fevralın 27-də isə Prezident İlham Əliyev Qəbələ rayonunun Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə olub və burada sözügedən insanlar üçün salınan yeni binaların açılışında iştirak edib. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Prezident İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq Zarağan bələdiyyəsi ərazisində məcburi köçkün ailələri üçün salınan məhəllənin tikintisinə 2008-ci ilin oktyabrında başlanıb və inşaat işləri 2010-cu ilin fevralında yekunlaşdırılıb. Rayondakı "Qafqaz" turizm bazası və "Lalə" sağlamlıq mərkəzində müvəqqəti məskunlaşan 155 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və 4 hektar sahəni əhatə edən məhəllədə beşmərtəbəli 2 yaşayış binası və 188 şagird yeri olan məktəb binası tikilib. Beşmərtəbəli binalardan biri 80, digəri isə 75 mənzillidir. Buraya uzunluğu 2 kilometrdən çox olan qaz xətti çəkilib, həmçinin 4 artezian quyusu qazılıb, 1,4 kilometr uzunluğunda su xətti istifadəyə verilib.
Araşdırmalar göstərir ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" çərçivəsində bu vaxta qədər ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 63 yeni qəsəbə salınıb, 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülüb, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisəsi və mədəniyyət ocağı tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir.
O da xüsusi diqqətçəkən faktdır ki, məcburi köçkünlər üçün inşa olunan yeni qəsəbələrin açılışında adətən cənab İlham Əliyev şəxsən iştirak edir, bu insanlar üçün yaradılan şəraitlə yerində tanış olur. Cari il ərzində qeyd olunan istiqamət üzrə görülən işlərin miqyasının daha da genişləndiriləcəyi gözlənilir. Bununla əlaqədar Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirmişdir: "Bu il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün səylərimiz davam etməlidir. Yeni qəsəbələr salınmalıdır və eyni zamanda, yataqxanalarda yaşayan köçkünləri biz oradan köçürməliyik. Bakıda artıq belə gözəl təcrübə vardır. Keçən il bir neçə evin açılışını qeyd etdik. Bakıda soydaşlarımız üçün hündürmərtəbəli evlər tikilir və bu proses davam etməlidir. Yataqxanaların siyahısı çıxarılıbdır. Düzdür, orada məskunlaşan köçkünlərin sayı çoxdur. Bu, çox böyük maliyyə vəsaiti tələb edəcəkdir. Ancaq biz bunu etməliyik. Elə etməliyik ki, bu il ərzində artıq yataqxanaların bir neçəsi köçürülsün".
Artıq Prezident İlham Əliyevin 17 fevral 2010-cu il tarixli sərəncamına əsasən, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yeni çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə on dörd milyon manat məbləğində vəsait ayrılıb.
Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icmasının fəaliyyətində
yeni mərhələ
Dövlətin daim yüksək qayğısını üzərində hiss edən qaçqın və məcburi köçkünlərin ən böyük istəyi əvvəlki kimi torpaq həsrətlərinə son qoyulmasıdır. Qeyd olunan məsələ ilə bağlı artıq onların özləri də əməli fəaliyyətlərini genişləndirməkdə, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək olmağa çalışmaqdadırlar. Bu mənada Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının hazırkı rolu və fəaliyyəti xüsusilə qeyd edilməlidir.
Həyat səviyyələri yüksələn, məişət durumları yaxşılaşdırılan məcburi köçkünlər dövlət tərəfindən yaradılan şəraitdən istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən kənarda qalmamaq və işğal altında olan əraziləri təmsil edən icma kimi təşkilatlanmaq istiqamətində xeyli iş görüblər. Bununla bağlı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə artmaqdadır. 65 min nəfərdən çox insanı birləşdirən icma ötən il özünün ilk qurultayını keçirib, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" kimi keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilib, özünün idarəetmə strukturlarını yaradıb.
Həmin vaxt Dağlıq Qarabağ icmasının qurultayında iştirak edən nümayəndələr tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb və burada dövlət başçısı tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən qayğı xüsusi qeyd olunub: "Siz qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin olunması, təhsil, səhiyyə və digər ehtiyaclarının ödənilməsi kimi vacib məsələləri də daim diqqət mərkəzində saxlamısınız. Sizin sərəncamınızla Dövlət Neft Fondundan ilk xərclər məhz bu məqsədlər üçün ayrılmış, qısa müddət ərzində respublika ərazisindəki bütün çadır şəhərcikləri ləğv edilmiş, məcburi köçkünlər yeni salınmış qəsəbələrə köçürülmüşlər. Hazırda məktəblərdə, yataqxanalarda, istismar müddəti başa çatmış tikililərdə və digər yerlərdə müvəqqəti məskunlaşmış ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin olunması istiqamətində də konkret işlər görülür".
Birliyin icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin daha səmərəli qurulması üçün istifadəsində olan mənzil-qərargahın əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin ötən il avqustun 31-də imzaladığı sərəncama əsasən 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" ictimai birliyinə iki milyon manat məbləğində vəsait ayrılıb.
Bütün bunlara görədir ki, qaçqın və məcburi köçkünlərin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq tezliklə öz doğma torpaqlarına qayıdacaqlarına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə inamları daha da artıb. Onlar yaxşı bilir ki, dövlət başçısının uğurla reallaşdırdığı siyasət nəticəsində Ermənistan diplomatik sferada tam məğlubiyyətə uğrayıb, işğal altında olan ərazilərdən düşməni hər an geriyə atmağa qadir olan qüdrətli Azərbaycan ordusu yaradılıb. Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşən qaçqın və məcburi köçkünlərin özləri də zəbt olunmuş torpaqlarının azad edilməsi üçün Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazırdır.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 19 iyun- S.
5.