Bir insan haqqında... yalan və həqiqət

 

Keçən əsrin 30-cu illərinin sonunda ən işıqlı ulduzları söndürən - ən parlaq istedadları məhv edən, Azərbaycan xalqının ən layiqli oğullarını aradan götürən Stalin rejimi Məmməd (Hənəfi) Baba oğlu Zeynallıdan da yan keçmədi. Hənəfi Zeynallı ədəbiyyatşünas alim, folklorçu, tənqidçi, müəllim, naşir idi. Çox qısa zamanda həmin fəaliyyət sahələrinin hər birində özünü doğrultmuşdu. Bu adların hər birini öz gərgin zəhməti, dərin zəkası bahasına qazanmışdı.

Ünvanına yazılan təkcə bir ad qondarma və saxta idi. Stalin rejimi heç bir əsası olmadan onu "xalq düşməni" elan etmişdi. Nəticədə Zeynallının tərcümeyi-halına yad bir ad da yazılmışdı: 703 saylı məhbus. Bəs necə olur ki, elmi, savadı, biliyi ilə xalqına bu qədər xidmət etmiş bir insan birdən-birə xalq düşməninə çevrilir?! Əlbəttə, ağlabatan deyil və sənədsiz-sübutsuz da aydındır ki, onların hamısı böhtan, iftira, heç bir bünövrəyə əsaslanmayan, qəsdən vurulan damğadır.

 

Azərbaycan elminə atılan güllə

 

30-cu illərin sonunun terror dalğası ilə Azərbaycan elminin üstünə də təhlükəli küləklər əsdi. Respublikanın düşünən beyinləri, elmin müxtəlif sahələrində çalışan və bir alim kimi hələ çox söz deyəcək istedadlar aradan götürüldü. Bunların sırasında Azərbaycan SSR Elmlər Akademiyasının elmi işçiləri, mütəxəssisləri də var idi. H.Zeynallının adı akademiyanın repressiyaya məruz qalan əməkdaşlarının uzun siyahısındakı adlardan yalnız biri idi.

Nədə günahlandırılırdı Hənəfi Zeynallı? Elə işlərdə və hərəkətlərdə ki, onların heç biri alimin fəaliyyətinə yaxın belə, gəlmirdi. Uydurmuşdular ki, 1917-ci ildə o, eserlər partiyasının üzvü olub. Guya 1928-ci ildə Bakıda Türkiyə konsulu Fərid bəylə əlaqə saxlayıb və onun vasitəsilə tanınmış türk millətçi xadimi İsmayıl Hikmətlə məktublaşıb. H.Zeynallı 1929-cu ildə və sonrakı dövrdə müsavatçılardan Baharlı, Feyzullayev, Mövsümov və başqaları, habelə B.Çobanzadə ilə sıx əlaqə saxlamaqda da günahlandırılırdı. İttihamlardan biri də alimin öz əsərlərində guya əksinqilabi millətçi ideologiyadan yazması idi.

Həqiqət kimi qələmə verilən bütün bu günahlara görə məhkəmə qaydasında cəzalandırılmazdan əvvəl Hənəfi akademiyada tutduğu bütün vəzifələrdən çıxarılır. Həmin hadisənin ertəsi günü isə onun istintaqı başlanır və üç gün davam edir. Hənəfini bir çox əksinqilabçı və millətçi, o cümlədən Nazim Əfəndi, İsmayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxladığına görə ittiham edirlər. Bu adamlarla əlaqəsi olmadığından Hənəfi təbii ki, ittihamları rədd edir. Həmin hal fevralın 23-də də baş verir. Hənəfi hər hansı antisovet təşkilata məxsusluğunun ağ yalan olduğunu deyir. Müstəntiq ona düzgün ifadə verməyi, müqavimət göstərməməyi təkid edir. Hənəfi isə yenə də yalan danışmaqdan boyun qaçırır.

Lakin bir gün sonra, fevralın 24-dəki istintaqda müttəhim birdən-birə tamamilə dəyişərək başqa sözlər deyir: "Bəli, mən əksinqilabi kitablar alırdım. Bəli, mən əksinqilabi təşkilatın üzvü idim. Cavad Bağırzadəni, Həbib Səmədzadəni, İmran Babayevi də həmin təşkilata cəlb etmişəm. Bəli, mən əksinqilabi millətçi kadrlar tərbiyə edib yetişdirmişəm. Bəli, mən Türkiyəyə meyil etmək baxımından Azərbaycanın SSRİ-dən ayrılmasına tərəfdar idim və s.".

Millətçi olduğuna və antisovet fəaliyyət göstərdiyinə görə yalançı damğa vurulan bu insanlar görəsən niyə birdən-birə dəyişib "etiraf" yolunu tuturmuşlar?! Təzyiq altındamı, yoxsa onsuz da həqiqəti sübut edə bilməyəcəklərini dərk etdiklərinə görəmi? İndiyədək tanış olduğumuz 37-ci ilin repressiya qurbanlarının bütün istintaq materiallarında ilkin ifadələr təzyiqsiz alındığı üçün verilən izahatlar səmimi və riyasız olurdu. Lakin ifadələr "Çekanı" qane etməyəndə işgəncələrlə dolu cəza maşını işə düşürdü. Görünməmiş vəhşiliklər törədən cəza maşınının qarşısında isə çox az adam davam gətirirdi. Beləcə, "medal"ın o biri üzü görünürdü. "Ədalətli və humanist sovet cəmiyyəti"ndə mərdi qova-qova ona zorla "namərd"liyini sübut edirdilər. Üstəlik, bunu onun boynuna da qoyurdular.

Bu rejim heç bir günahı olmayan H.Zeynallıya növbəti günlərdə - fevralın 9-u, 10-u və 11-də əksinqilabi təşkilata R.Axundov tərəfindən cəlb olunduğunu etiraf etdirir. Hənəfi sanki hansısa şər qüvvənin təsiri ilə ona deyilən ittihamların hamısını təsdiqləyir: guya 1936-cı ilin sonunda onun kabinetində Bakıda və respublikanın rayonlarında gəncləri təşkilata cəlb etmək kimi göstərişlər alıb, türk ziyalıları arasında işi genişləndirərək onları terrora, təxribatçılığa, ziyankarlığa, casusluğa və müharibə vaxtı təslimçiliyə istiqamətləndirib.

Hələ bunlar nədir ki? Demə, Hənəfi Zeynallı əksinqilabi təşkilata Gəncədə rayon xalq maarif şöbəsinin müdiri Namazovu, həmin təşkilatın inspektoru Əhməd Əhmədovu və müəllim Məmməd Quliyevi, Tovuzda RİK-nın sədri Salmanovu və texnikum müəllimi Biləndərlini, Şamxorda rayon xalq maarif şöbəsinin müdiri Qurbanovu, klub müdiri Xəlilovu da cəlb edib. Hələ Bakıda da onun əksinqilabi təşkilata çəkdiyi adamlar var imiş. Ticarət İnstitutunun müəllimi Hacıkərim Sanılı, Mikayıl Müşfiq və Dəmirçizadə, yazıçı Cahanbaxış, riyaziyyat müəllimi Məcid Abdullayev, tarix müəllimi Qafur Əfəndiyev və aspirant Həmid Araslı... Hətta Hənəfi Həmidə tapşırıbmış ki, Pedaqoji İnstitutun tələbələri arasında əksinqilabi əhval-ruhiyyəli şəxsləri toplasın və özü də təxribatçılıq, ziyankarlıqla məşğul olsun. Bütün bunları H.Zeynallıya işgəncələrin gücü ilə fevralın 13-də və 14-də etiraf etdirirlər. İfadə verərkən ona zorla xatırladırlar ki, Gədəbəydə rayon XMŞ inspektoru Şahmuru, müəllim Axundovu, habelə Dəstəfurda müəllim Əliyevi də bu işə cəlb edib.

Fevralın 16-da Hənəfi daha böyük "günah"larını - terrorda, casusluqda və təxribatçılıqda əli olduğunu "boynuna alır". Fevralın 20-də isə məlum olur ki, Zeynallı hətta ZSFSR-in ləğv edilməsi, SSRİ-dən tam ayrılmaq şərti ilə Azərbaycan SSR-in yaradılması məsələsi üzərində "işləyib". İstintaq materiallarından görünür ki, "Türkiyənin mövqeyindən çıxış edərək Azərbaycanı SSRİ-dən ayırmaq və İran Azərbaycanı ilə birləşdirmək məsələsini irəli sürən nərimanovçular qrupu varmış". Bu qrupa Dadaş Bünyadzadə, Baba Əliyev, Yusif Məlikov, Bağı Cavari, Teymur Əliyev, Mustafa Quliyev və başqaları daxil idilər. 41 yaşlı elm xadiminin qısa müddətdə dövlət əleyhinə bu qədər cinayətlərdə əli olduğunu düşünmək belə, mümkün deyil.

Fevralın 26-da H.Zeynallıya SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Ruhulla Axundov tərəfindən yaradılan əksinqilabi təşkilatın üzvü olduğunu bir daha yazılı şəkildə etiraf etdirirlər. 1937-ci il mayın 5-10-da aparılan istintaq alimin Azərbaycanda dövlət çevrilişi etmək niyyətlərinin aşkarlanmasına yönəldilir. Bu zaman müttəhim "bildirir" ki, çevriliş SSRİ-nin kapitalist dövlətləri ilə müharibəyə başladığı bir vaxtda olmalı idi. Növbəti beş gündə isə guya əksinqilabi təşkilatın üzvlərinin siyahısı bir daha dəqiqləşdirilir. Mayın 25-29-da Hənəfi Zeynallı professor B.Çobanzadə ilə olan antisovet əlaqələrindən "danışır".

Müttəhim getdikcə boynuna daha ağır cinayətləri almalı olur. Belə ki, iyun ayının 22-də o bildirir ki, neft sənayesinə vurulan ziyankarlıq və təxribatçılıqda "əli var". Avqustun 26-da isə L.Beriya və M.C.Bağırovun öldürülməsinə hazırlıq barədə "məlumat verir". Bağırovu Mərkəzi Komitənin binasının yanında, tində, yaxud MK ilə Xalq Komissarları Şurası binaları arasında, neft rayonlarından birinə gedərkən, yaxud elə MK binasının önündəcə aradan götürməyin nəzərdə tutulduğunu "açıb danışır". Verilən işgəncələrə dözməyən müttəhim saxta və yalançı süjetlər əsasında hazır yazılmış ən ağır ifadələri belə, imzalayır.

Sentyabrın 2-də, daha sonra 20-də müstəntiq H.Zeynallını yeni ittihamlarda günahlandırmağa başlayır. Onun adına çalışdığı sahə ilə bağlı daha neçə-neçə ağlagəlməz cinayətlər yazılır. Müstəntiqin ittihamından belə çıxır ki, Zeynallı Ruhulla Axundovun rəhbərliyi altında elm cəbhəsində genişmiqyaslı ziyanlı işlər aparıb. Məktəblər üçün dil və ədəbiyyat dərsliklərinin müntəzəm buraxılışına mane olub. Azərbaycan klassiklərindən M.F.Axundzadənin əsərlərinin və "Molla Nəsrəddin"in nəşrini bilərəkdən saxlatdırıb. İnqilabi folklor tərəfdarlarının əsərlərinin toplanmasını ləngidib. Əvəzinə "Koroğlu"nun materiallarını toplayıb. Çünki məhz burada təşkilatın Azərbaycanın müstəqilliyi haqqında ideyasını əks etdirməli imiş. Başdan-başa ziyanlı terminologiya və orfoqrafiya lüğəti tərtib edib, onu ziyalılar arasında yayıb.

İşdə H.Zeynallının sovet hökumətinə qarşı düşmənçilik fəaliyyətini ifşa edən 20-dək müttəhimin ifadələri var idi. M.Hüseynovun ifadəsində bildirilirdi ki, "Azərbaycan millətçi partiyası"nın tərkibində Zeynallı da olub.

1937-ci il oktyabrın 5-də Azərbaycan SSR-in Xalq Daxili İşlər komissarı Sumbatov-Topuridze 12493/81 nömrəli işə verilmiş ittihamnaməni təsdiq edir. Müttəhim Azərbaycan SSR Cinayət Məcəlləsinin 73, 64, 69 və 70-ci maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirilir.

1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası səyyar sessiyasının Matuleviçin, Zaryanovun və Jiqurun iştirakı ilə məhkəmə iclası olur. Saat 16.25-də başlanan iclas saat 16.40-da sona çatır.

Hənəfi Zeynallının da məhkəməsi cəmi 15 dəqiqə çəkir. Bütün repressiya qurbanlarının məhkəməsi kimi... Burada Hənəfi Zeynallı özünü tam günahkar hesab etdiyini, təslim olduğunu və mərhəmət dilədiyini söyləyir.

Hərbi kollegiya Hənəfi Baba oğlu Zeynallını ən yüksək cəzaya - güllələnməyə məhkum edir. Bir faktı da qeyd edək ki, o zaman Bakıda bütün quldur tribunal iclaslarını bəşər övladlarının qatili adını almış Matuleviç öz əlaltıları Zaryanov və Jiqurla birlikdə aparırdı.

Ertəsi günü hərbi kollegiyanın hökmü yerinə yetirilir. Hənəfi Zeynallının həyatına belə amansızcasına son qoyulması xalqın daha bir düşünən beyninin aradan götürülməsi, Azərbaycan elminə atılan güllə demək idi.

 

O, "xalq düşməni" ola bilməzdi

 

Yəqin ki, ölüm haqqında heç düşünməmişdi. Çünki bu qədər dərin biliyə və parlaq istedada malik olan, bu qədər coşqun həvəslə yazıb-yaradan gəncin həyatı hələ qabaqda idi. Nə bir xəstəliyi vardı, nə də narahatlığı. Heç kəsdən özünə qarşı pislik gözləmirdi. Çünki nə bir əyri işi, nə də bir kimsə ilə düşmənçiliyi yox idi. Cavanlıq eşqi ilə yaşayıb yaradırdı, elmi sevən, ziyalılığı, alicənablığı ilə fərqlənən istedadlı bir şəxsiyyət idi.

Amma əfsuslar olsun ki, o dövr özü-özünə "düşmən" axtarırdı. Əzrayıl çəngi ilə xalqın ən yaxşı oğullarından, ən parlaq simalarından yapışır, onları "millətçi", "xalq düşməni" və s. bu kimi adlarla damğalayıb sonra məhv edirdi. Ən amansız sellərdən, ən dəhşətli qasırğalardan da betər olan həmin rejim - Stalin repressiyaları Azərbaycanın say-seçmə oğulları sırasında Hənəfi Zeynallını apardı...

Kim idi Hənəfi Zeynallı? Tərcümeyi-halından sətirlər: 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində dəmirçi-nalbənd ailəsində anadan olmuşdu. Altı yaşından yetim qalmasına baxmayaraq, təhsildən ayrı düşməmişdi. Mədrəsədə oxumuş, rus-müsəlman orta məktəbini bitirmişdi. 1916-cı ildə müvəffəqiyyətlə İmperator Texniki Peşə Məktəbinə (Moskva Ali Texniki İnstitutuna) daxil olmuşdu. Lakin 1917-ci ildə fevral inqilabından sonra təhsilini dayandırmış, 1922-ci ilədək partiya, sovet, ictimai-təşkilati işlərdə çalışmış, müəllimlik etmişdi. 1919-cu ildə bolşeviklər partiyasına daxil olmuşdu.

1922-ci ildə ADU-ya (indi Bakı Dövlət Universiteti) qəbul olunmuş, 1927-ci ildə universiteti bitirərək təyinatını Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı kafedrasına, sonra isə APİ-yə almışdı. 1930-cu ildə dosent olmuşdu.

Hənəfi Zeynallının fəaliyyətinin bir qolu da onun naşirliyi idi. 1923-cü ildən başlayaraq o, Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmişdi. Burada baş redaktor vəzifəsində çalışmışdı. Həmin vaxtdan 1931-ci ilə qədər "Kommunist" qəzeti, "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət", "Maarif işçisi" jurnalları ilə əməkdaşlıq etmişdi.

1930-cu ildən Azərbaycan DETİ-nin ədəbiyyat bölməsində işləmiş, folklor qrupuna, 1934-cü ildən akademiyada folklor bölməsinə rəhbərlik etmiş və həm də Azərnəşrdə redaktor kimi çalışmışdı.

Hənəfi Zeynallının əsərləri içərisində 1926-cı ildə yazdığı "Azərbaycanın atalar sözləri və məsəllər" kitabı xüsusi dəyərə malikdir. Burada dörd minədək atalar sözü və məsəllər toplanıb. Əgər amansız ruzigar - Stalin rejimi göyü çaxnaşdırıb yeri lərzəyə salmasaydı, Hənəfinin ömürnaməsinə hələ neçə belə uğurlu səhifələr yazılacaq, kitablarının üstünə yeni kitabları qalaqlanacaqdı. O, hələ nə qədər xalq incisi - folklor nümunəsi toplayacaq, neçə tədqiqat əsərinin altında "Hənəfi Zeynallı" imzası qoyulacaqdı. Amma Hənəfinin elə özünün topladığı həmin folklorun içərisində belə bir məsəl də vardı: sən saydığını say, gör fələk nə sayır...

H.Zeynallının diqqət yetirdiyi janrlar sırasında atalar sözü və məsəllər, bir də nağıllar xüsusi yer tutur. Onun xalq ədəbiyyatına elmi münasibətindən alim əxlaqı ilə bərabər, vətəndaşlıq münasibəti də qabarıq görünürdü. O, folkloru toplayıb tədqiq etməyin təkcə vətəndaşlıq işi deyil, həm də tarixi bir vəzifə olduğunu göstərirdi. Atalar sözlərini mənsur qismin qısa, mənalı, tez yayılıb hamının dilinin əzbəri olan bir janrı kimi qiymətləndirirdi. Atalar sözlərinin məna və məzmununa çox geniş ölçülərlə yanaşır, onların xalqın həyat tərzi, taleyi, mənşəyi ilə bağlı olması qənaətinə gəlirdi: "Bizcə, bu atalar sözlərinin məna və əhəmiyyəti qayət böyükdür. Hətta o qədər böyükdür ki, onları araşdıran birisi o sözləri yaradan xalqın adı, ailə həyatından başlayıb ictimai münasibətinə qədər, tarix boyu keçirmiş olduğu iqtisadi dövrlərə qədər, hətta o elin bədiiyyat, ruhiyyət, əxlaq, din və fəlsəfəsinə qədər bələd ola bilər".

Hənəfi Zeynallı ədəbiyyat tarixinə müstəqil əsər həsr etməmiş, lakin klassik irsə dair bütün məqalələrini ədəbiyyatımızın tarixi vəziyyətini nəzərə alaraq yazmışdır. O, ədəbiyyat tariximiz haqqında keçən əsrin 20-ci illərində meydana çıxmaqda olan nəzəriyyələrə, dövrünün mövcud ədəbiyyat tarixlərinə laqeyd deyildi.

20-ci illərdə tənqid və ədəbiyyatşünaslığın qarşısında duran problemlərdən biri klassik irsin mənimsənilməsi idi. Bu problemin həllində mürəkkəb, dolaşıq, mübahisəli cəhətlər çox idi. Hənəfi bu zaman da ədəbiyyat tariximizin taleyini düşünürdü.

1928-ci ildə ədəbi ictimaiyyət böyük realist sənətkar M.F.Axundzadənin vəfatının 50 illiyini qeyd etdi. Həmin ilin təkcə mart ayında Hənəfinin böyük sənətkara həsr olunmuş üç məqaləsi çap olundu. Müəllif Axundzadəni şair, dramaturq və islahatçı kimi dərk və təhlil edirdi. Müşahidə və mülahizələri göstərir ki, Hənəfi Zeynallı Mirzə Fətəli yaradıcılığını vətəndaş məhəbbəti, həm də ayıq gözlə təhlil etmişdir. Tənqidçi böyük dramaturqun yaradıcılığına əlahiddə nəzər salmır, sənətkar və mühit problemini meydana qoyur və həmin problemə onun həllini təmin edən düzgün mövqedən - maarifçilikdən işıq salır. Onun M.F.Axundzadəyə həsr etdiyi məqalələrini tənqidimizin klassikə obyektiv münasibətinin nümunələri kimi qiymətləndirmək olar.

Hənəfi Zeynallının Mirzə Cəlilə və XX əsr Azərbaycan ədəbiyyatının digər klassiklərinə münasibətində də ən yaxşı cəhət tarixi şəraitdən çıxış edərək qiymət verməsi və realizm mövqeyindən yanaşması idi. Tənqidçi C.Məmmədquluzadənin tip yaratmaq ustalığına yüksək qiymət verir, onların həyatiliyini və bununla bağlı milli xarakterini fərqləndirirdi. Mirzə Cəlilin bütün yazdıqlarını həyatdan alınmış lövhələr hesab edən tənqidçi onun obrazlarının milli məişətimiz üçün tipik olduğunu təsdiqləyirdi.

Hənəfi Zeynallı haqlı olaraq hesab edirdi ki, Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatında görkəmli yer tutan mütəfəkkir sənətkarlardandır. Cavidin yaradıcılığı haqqında ilk fikir söyləyən, onun mühüm əsərlərini nisbətən ətraflı təhlil edən müəlliflər arasında Hənəfi Zeynallı xüsusi olaraq diqqəti cəlb edirdi. Çünki o, müasirləri olan bir sıra tənqidçilərlə müqayisədə Cavid sənətinə daha obyektiv və əsaslı yanaşırdı. Cavid yaradıcılığını onun sənətinin mahiyyətindən və problemlərindən çıxış edərək qiymətləndirirdi. Hənəfi Zeynallının Hüseyn Cavidə belə geniş, hərtərəfli münasibəti onun və bütövlükdə 20-ci illər tənqidimizin metodoloji imkanlarını əks etdirirdi. Hələ o zaman qoyub həll etdiyi dram və səhnə, tarix və şəxsiyyət, sənətkar və tarix, dram dili və tamaşaçı problemləri bu gün də aktuallığını itirməmişdir.

Hənəfi Zeynallı proletar ədəbiyyatına baxışını da izhar etmişdir. Burada diqqəti cəlb edən xüsusiyyətlərdən biri müasirliklə tarixiliyin vəhdətdə götürülməsi idi. Hənəfi Zeynallı sənəti müvəqqəti şüarlara tabe edən nəzəriyyəçilərin fikirləri ilə barışmırdı. "Çünki bir düşüncənin əsas nöqtələrini nəzərə almadan onu təqris və ya tənqid etmək fənn yolundan sapmaq deməkdir"- yazırdı.

Hənəfinin hər fikri onun dərin düşüncə və biliyindən xəbər verirdi. Məsələn, o deyirdi: "Həyatdan alınmış təcrübədən sənət doğur və ona su verir, sənət özü də həyatdan aldığı qüvvətlə yaranır və həyata nüfuz yetirməyə başlayır. Ona görə sənətlə həyat bir-birindən ayrılmaz iki parça kimi meydana çıxır".

Rus və dünya ədəbiyyatının incilərinə laqeyd qalmayan Hənəfi Zeynallı bu sahədə də öz sözünü demişdi. O, rus şairi Mixail Yuryeviç Lermontovun ölümü barədə belə yazmışdı: "Bu ölüm labüd idi. 27 yaşında şair bütün mühitin alçaqlığını üzünə çırpdıqca kimsə ona dost ola bilməzdi. Bu qədər gəncliyinə baxmayaraq, Lermontov özündən sonra çox irs qoymuşdur. Onun əsəri üsyançı bir ruhdan doğan daima irəli, yüksəklərə atılan azadlıq nəğmələridir. Onlar çarpışma üçün susayanların şeiridir".

Həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış, Rusiya, bəlkə də bütün bəşəriyyət üçün zəngin bir irs qoyub getmiş Lermontov haqqında bu sözləri yazarkən Hənəfi Zeynallı görəsən, ağlına gətirmişdimi ki, elə özü də dünyanı vaxtsız tərk edəcək və xalqına, vətəni Azərbaycana böyük irs əmanət qoyacaq?..

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2010.- 19 iyun- S.  6.