Tarixi incilərin ilmələnmiş
nağılı
Minilliklər boyu gözəlliyi göz oxşayan, əlvan naxışları insanı valeh edən, məişətimizə xüsusi rahatlıq gətirən, folklorumuzun yaşıdı xalı-xalçalar, kilim və palazlar, cecim və dərnələr, şəddə və sumaxlar bir vaxtlar gəlin köçən qızların ən qiymətli cehizləri sayılıb. Cehizlik xalıxalçası olmayan qızların gəlin köçməsi çox müşkül imişE Bu gün isə onlar dəyişən zamanların dəyişməyən dəyərləridir. "İlmələrin dili" ilə açılan və ya bükülüb saxlanan hikmətlərdir. Xalçalarla bağlı formalaşmış xalq deyimləri, atalar sözləri bu gün də dillər əzbəridir.
Onlar xalı-xalça toxuyan nənələrin dilində daha şirin, dadlı-duzlu səslənir: "Xalına bax, xalı toxu", "Xalını xovuna sığallarlar", "Xalının tozu tükənər, dilin sözü tükənməz", "Xalını xalq saxlar", "Xalını xalq qədər əzizləyərlər", "Xalılı ev qurulu saraydır", "Xalı üstündə gəz, mələk kimi süz", "Xalı gözün nurunu, dizin təpərini artırar", "Xalça salan özü oturar", "Xalılı gəl, xalılı get" və sairə.
Xalılarımız nənələrimizin əllərinin ilmələnmiş nəğməsi, evlərinin yatarı, var-dövlətidir.
Tariximizin belə incilər sərvətinin qorunub saxlandığı Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin ekspozisiyası ilə yaxından tanış olduq. Bələdçi Təranə Məlikova 10 mindən artıq nadir incilər - eksponatlar saxlanan muzeyin ekspozisiyası ilə bağlı məlumat verəndə sanki tarixin səhifələrini vərəqlədik. Min bir çalardan yumaqlanmış iplər ilmələnib dolanırdı ərişin boynuna və "Min bir gecə" nağılının qəhrəmanlarına çevrilirdilər. "Dara" - tarıma çəkilmiş əriş-arğacın bir-birinə sıxdığı, həvələrin zərbindən kiplənmiş ilmələr illərin, əsrlərin sənət əsərlərinin incəliklərindən soraq verirdi. Nənələrimizin xalça toxuyarkən söylədiyi bayatıları, sayaçı sözlərini, ilmələrin vəsfini eşidirdik. 1976-cı ildə yaradılmış muzey 1980-ci ildən xalq rəssamı Lətif Kərimovun adını daşıyır. Fonddakı on min eksponatın altı mini xalçalardır. Qalan eksponatlar isə digər xalq tətbiqi sənət əsərləridir. Azərbaycanda regionlar üzrə xalçaçılıq sənət məktəbləri var: Qazax, Təbriz, Quba, Qarabağ, Şirvan, Bakı və Şamaxı.
Öyrənirik ki, əraziləri işğal olunmuş rayonlarımızın bəzilərinin də muzeylərindən qismən də olsa, gətirilmiş eksponatlar da burada saxlanılır. Onların ekspozisiyasını təşkil etmək isə hələ ki mümkün deyil.
Öyrənirik ki, XVII əsrin yadigarı olan Təbriz xalçalarının yaşı daha çoxdur. XVIII əsrdən qalma "Xilə-buta"lar isə əsasən Bakı və onun ətrafında daha çox yayılıb. "Əsrlərdən gələn məktublar"ın sinəsində - naxışlarında həmin dövrlərin təkcə təbiət mənzərələri və ya məişət əşyaları öz əksini tapmır. Eyni zamanda, "ilmələnmiş məktublarda" ictimai-siyasi hadisələr düzənlənir. Buta xalçalarının bir-birindən maraqlı 90-a yaxın adı var: incə gedişli butalar, rəqs edənlər, küsülü, sevgili, ana-balalı, nəvəli-nəticəli, ayaqlı butalar. Təbriz xalçalarında kompozisiya əsasən rəsmlərdən qurulur. "Ovçuluq" kompozisiyası muzeydə ən qədim sənət nümunəsi sayılır. Həmin xalçanın bizə ancaq dörddə bir hissəsi gəlib çatıb.
Muzeydə xovlularla yanaşı, müxtəlif növlü 642 ədəd xovsuz xalça da saxlanır və ekspozisiya vasitəsilə nümayiş etdirilir. Beynəlxalq sərgilərdə həmin xalçaların foto-şəkilləri yüksək qiymətləndirilir. Xalçaların ən dəyərlisi onun ilmələrinin həm sayca, həm də çalarca zəngin olmasıdır ki, bu sahədə Təbriz xalçaları birinciliyini bu günə qədər qoruyub saxlayır.
2006-cı il may ayının 18-də muzeydə olarkən Azərbaycan Prezidenti İlham Əliyev yeni binanın tikilməsi ilə bağlı öz tövsiyələrini verib. Dənizkənarı parkda, Muğam muzeyinin yaxınlığında inşasına başlanmış yeni binanın gələn il istifadəyə verilməsini səbirsizliklə gözləyən əməkdaşlar tərəfindən indidən tərtib olunmuş çoxsaylı layihələr var. Onlar xalqımızın nadir sənət inciləri nümunələrinin beynəlxalq miqyasda təbliğində mühüm amillərdəndir.
Muzeylə əməkdaşlığa gəldikdə, akademik Məşədixanım Nemətovanın (xalçaçılığın tarixi, daş kitabələrin oxunması ilə bağlı), tarix elmləri doktoru Arif Mustafayevin (milli geyim eskizləri üzrə), Solmaz xanım Qaşqayın (keramikanın tədqiqi ilə əlaqədar), rəssam Cəfər Mücrünün, Babayi Qulamın, Eldar Mikayılzadənin, Lətifə Qarayevanın və başqalarının adlarını çəkmək olar. Zahidə Haşımova burada ən gənc rəssam-xalçaçıdır. O, xalçaçılıq sənətində etdiyi yeniliklə diqqəti çəkir. Lətif Kərimovun nəvəsi, elmi işçi Əfşan Səfərova da babasının adını daşıyan muzeydə xidmət göstərməyi özünə şərəf sayır. Rəssam Əzim Əzimzadənin nəvəsi Nigar Əzimzadə isə öz qobelenləri ilə burada çıxış edir. Yeganə çətən ustası Tariyel Bəşirov (Lətif Kərimovun tələbəsi) özünün məharətini burada keçirdiyi sərgisi ilə göstərib. Muncuqla işlənmiş xalçanın müəllifi Bədirə Əliyevanın əsərləri dünyanı dolaşır. Şəhla Əsgərovanın xalça sapları ilə toxuduğu araqçın (qədim geyim və bəzək nümunələri) ekspozisiyanın dəyərini artıran sənət incilərindəndir. Təkəlduz sənətinin bugünkü ustalarından sayılan Arifə Məmmədovanın sərgidə nümayiş etdirilən əsərləri respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələrinin, diplomatların diqqətini daha çox cəlb edir.
Yeri gəlmişkən, burada bədii tikmənin, xüsusən güləbətinin bərpası istiqamətində də layihələrin həyata keçirilməsi planlaşdırılır. Bir sözlə, muzeydə bir çox tətbiqi sənət incilərinə - misgərliyə, zərgərliyə, ağacoymaya can veriləcək ki, bu da xalqımızın milli-mənəvi dəyərlərinin, qeyri-maddi irsinin qorunması istiqamətində dövlətimizin, xüsusən də Heydər Əliyev Fondunun yürütdüyü siyasətin tərkib hissəsidir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 19
iyun- S. 8.