Bir rayon haqqında iki kitab

 

Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Nizami Xudiyevin Xaçmaz rayonuna həsr olunmuş "Xaçmaz" və Xudat şəhər 1 nömrəli orta məktəbin müəllimi Ramiz Məmmədovla birgə tərtib etdiyi "Xaçmaz: görüşlər, düşüncələrE" adlı kitabları "Təhsil" nəşriyyatı tərəfindən işıq üzü görüb.

"Xaçmaz" kitabının elmi redaktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudovdur. Kitabda Xaçmazın tarixi keçmişinə nəzər salınır, şəhərsalma mədəniyyəti, iqtisadiyyatı haqqında, eləcə də bu gün aparılan quruculuq işlərindən bəhs olunur. Müəllif həm ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin bu bölgəyə göstərdiyi diqqət və qayğıdan da söz açır.

"Xaçmaz: görüşlər, düşüncələr..." kitabında isə bir deputat kimi Nizami Xudiyevin öz seçiciləri ilə görüşlərindən danışılır, rayonun qədirbilən və qonaqpərvər camaatından məhəbbətlə söz açılır. Müəllif bildirir ki, belə görüşlər zamanı həm Xaçmazın tarixini, mədəniyyətini, coğrafi mövqeyini, təbiətini öyrənmək, həm də seçicilərin həyat şəraiti, problemləri, gündəlik qayğıları ilə maraqlanmaq mümkün olub.

Hər iki kitabda respublikamızın "Şimal qapısı" adlanan Xaçmazın gözəlliklərindən, tərəqqisindən, eləcə də bölgədə baş verən yeniliklərdən bəhs edilir.

 

 

Azərbaycan.- 2010.-  19 iyun- S.  8.