Azərbaycanın bütün
uğurları Prezident İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən
iqtisadi islahatlar sayəsində
qazanılmışdır
"Azərbaycanın bütün uğurları Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar sayəsində qazanılmışdır". Bu cümlə Azərbaycanın Lüksemburq Hersoqluğundakı səfiri Emin Eyyubovun fransız dilində nəşr olunan yerli "Le Jeudi" jurnalına verdiyi müsahibəsindən götürülmüşdür.
Azərbaycan-Lüksemburq əlaqələrinin mövcudluğu dövründə ilk dəfə bu ölkədə respublikamızla bağlı tədbir keçirilmişdir. Respublika gününün qeyd olunduğu mərasimdə "Le Jeudi" jurnalının əməkdaşı Kostas Kalfos Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğunda səfiri, eyni zamanda, ölkəmizin Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Emin Eyyubovdan aldığı müsahibə jurnalın 17 iyun tarixli nömrəsində dərc olunmuşdur. Müsahibə AzərTAc-ın xüsusi müxbiri Əsgər Əliyevin tərcüməsində oxuculara təqdim edilir.
Enerji amilinə əsaslanan dinamik əməkdaşlıq
- Avropadakı böhran
ölkənizin iqtisadiyyatına təsir etmişdirmi?
- 2009-cu ildə Azərbaycan iqtisadiyyatı 10 faizə yaxın inkişaf etmiş, artım tempi 5,4 faiz olmuşdur. Sənaye məhsulunda 5,6, kənd təsərrüfatında 1,5 və qeyri-neft sektorunda 2,5 faiz yüksəliş qeydə alınmışdır. Dünya İqtisadi Forumu informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə Azərbaycanın MDB ölkələri sırasında birinci yeri tutduğunu qeyd etmişdir. İnflyasiya 3,8 faiz olmuşdur. Bu isə öz növbəsində ölkədə həyat səviyyəsinin yüksəlişindən xəbər verir. Ölkənin valyuta ehtiyatı 22,3 milyard dollardır. Əldə edilmiş mənfəət sağlamlıq, təhsil, bölgələrin və müasir infrastruktur sahələrinin inkişafına sərmayə qoyulmasına yönəldilmişdir. Bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar sayəsində qazanılmışdır.
- Bu
yaxınlarda Dağlıq Qarabağda keçirilmiş "seçkilər"ə
Azərbaycanın münasibəti necədir?
- Ərazilərimizin 20 faizini erməni silahlı qüvvələri işğal etmiş, xalqımıza qarşı etnik təmizləmə aparılmış, Azərbaycana qarşı təcavüzkar siyasət yeridən Ermənistan Dağlıq Qarabağda marionet rejim yaratmışdır.
Beynəlxalq ictimaiyyət real vəziyyət barədə aydın təsəvvürə malikdir və onun statusunu legitimləşdirməyə səy göstərən erməni tərəfinin bütün cəhdlərini qətiyyətlə pisləmişdir. Bu separatçı rejim heç bir ölkə tərəfindən tanınmamışdır. Ermənistan beynəlxalq hüquq normalarına əsaslanaraq münaqişənin həlli istiqamətindəki danışıqlarda konstruktiv addımlar atmalı və vəziyyəti mürəkkəbləşdirmək səyindən uzaq olmalıdır.
- Ölkənizin neft
siyasəti sahəsində Avropa
İttifaqı və Rusiya ilə əlaqələri
barədə nə deyə bilərsiniz?
- Avropanın enerji təchizatına ciddi yardım etmək məqsədilə 1994-cü ildən Azərbaycan bir çox ölkələrlə sıx əməkdaşlıq edir. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi enerji nəqli ilə bağlı böyük layihələr artıq gerçəkləşmişdir.
2007-ci ildən ölkə təbii ehtiyatları sayəsində enerjiyə olan öz tələbatını tamamilə ödəyir. Bir müddətdən sonra isə Azərbaycan əsas ixracat ölkə kimi Gürcüstanın, Türkiyənin, Rusiyanın və İranın, 2008-ci ildən etibarən Yunanıstanın təbii qazla əsas təminatçısına çevrilmişdir. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrinə öz ərazisindən enerjinin nəqlinə hazırdır. Ölkəmiz bu sahədə artıq Qazaxıstanla əməkdaşlıq edir və Nabukko layihəsində əhəmiyyətli ölkə hesab olunur.
Əməkdaşlıq
- Azərbaycan Gürcüstan
və Ermənistanla əməkdaşlığa nə dərəcədə
meyillidir?
- Azərbaycan 15 il ərzində bir neçə böyük regional layihənin həyata keçirilməsində əsas ölkə kimi çıxış etmişdir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri istifadəyə verilmiş və tam fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üzərində işlər gedir. Biz Türkiyə və Gürcüstanla fəal əməkdaşlıq edirik. Amma işğal edilmiş ərazilərimizi tərk etməyincə və doğma torpaqlarından zorla çıxarılmış azərbaycanlılar öz yurdlarına qayıtmayınca Ermənistanla hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz.
- Dağlıq Qarabağ
münaqişəsinin dinc yolla
həlli mümkündürmü?
- Dağlıq Qarabağa muxtariyyət statusu bu bölgədə yaşayan bütün əhalinin bərabər iştirakı ilə həll oluna bilər. Regionun əhalisi erməni və azərbaycanlılardan ibarətdir. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz isti ocaqlarından didərgin düşmüş və məcburi köçkünə çevrilmişlər. Onların öz torpaqlarına qayıdışı hüquqi və demokratik baza əsasında təmin olunmalıdır. Bu isə yalnız erməni silahlı birləşmələri işğal etdikləri ərazilərimizi tərk etdikdən sonra mümkündür. Ərazilərimizin heç bir şərt qoyulmadan azad edilməsi BMT, ATƏT, Avropa Şurası və Avropa Parlamentinin qəbul etdiyi qətnamələrdə öz əksini tapmışdır.
- Azərbaycan-Lüksemburq əlaqələri
barədə nə deyə bilərsiniz?
- İqtisadi əlaqələrimizdə nəzərəçarpacaq dərəcədə irəliləyiş vardır. 2008-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,46 milyon dollar olduğu halda, 2009-cu ildə 53,72 milyon dollar təşkil etmişdir.
Hər il ölkəmizin maliyyə sahəsinin mütəxəssisləri Lüksemburq təcrübəsi ilə yaxından tanış olmaq üçün ölkənizə səfər edirlər. Ümumiyyətlə, biz yaxşı siyasi əlaqələr saxlayırıq.
Azərbaycan.- 2010.- 20 iyun- S.
1.