Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı yüksəkdir

 

Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi onlarda tezliklə öz doğma yurdlarına dönəcəklərinə əminlik yaradıb

 

 Hər il iyunun 20-si BMT Baş Assambleyasının qətnaməsinə əsasən Beynəlxalq Qaçqınlar Günü kimi qeyd olunur. 2000-ci il dekabrın 4-də Baş Assambleyanın qəbul etdiyi həmin qətnamədən, eləcə də bu qətnamənin qəbuluna səbəb olan əsas amillərdən biri kimi göstərilən qaçqınların statusuna dair 1951-ci ildə təsdiq edilmiş Cenevrə konvensiyasından ötən müddət ərzində isə çox təəssüf ki, sözügedən sahədə bütün dünya üzrə vəziyyət daha da pisləşib. Qaçqın və məcburi köçkünə çevrilən, öz doğma yurd-yuvalarından didərgin salınan insanların sayı milyonlarla ölçülməyə başlanıb. Bəşəriyyətin artıq sivilizasiyalar əsri sayılan XXI yüzillikdə yaşamasına baxmayaraq, qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllində acizlik nümayiş etdirməsi isə insanlıq tarixinə sadəcə qara hərflərlə yazılan sətirlərdən başqa bir şey deyil.

 

 Ötən əsrin son on illiyində SSRİ-nin dağılması ilə kifayət qədər mürəkkəb bir şərait yarandığı dövrdə dövlət müstəqilliyini bərpa edən Azərbaycandan da bu ağrılı problem yan keçmədi. Ermənistanın havadarlarından aldığı siyasi, hərbi, maliyyə və digər dəstək sayəsində ilk əvvəl ərazisində yaşayan soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti aparması nəticəsində on minlərlə soydaşımız Azərbaycana pənah gətirməli oldu. Halbuki bir andaca qaçqına çevrilən həmin insanların 1988-ci ilə qədər yaşadığı ərazilər onların ata-baba torpağı idi. Ermənistan adlı dövlət tarixən Azərbaycana məxsus olan, yüzilliklər boyu azərbaycanlıların yaşadığı bir ərazidə yaradılmışdı. 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində isə Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik 7 rayonun ərazisi işğal olundu və burada erməni vəhşiliyi özünü qabarıq şəkildə büruzə verdi, xalqımıza qarşı yeni soyqırımları törədildi, etnik təmizləmə siyasəti aparıldı, qadına, qocaya, uşağa, körpəyə aman verilmədi, minlərlə azərbaycanlı qətlə yetirildi. Bədnam qonşumuzun bu təcavüz siyasəti Azərbaycanda yüz minlərlə insanın doğma torpağından didərgin düşərək öz Vətənində məcburi köçkünə çevrilməsi ilə nəticələndi. İlkin hesablamalara görə, təcavüz nəticəsində Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox zərər dəydi. Lakin işğal faktının 20 ildən artıq davam etməsi nəzərə alınarsa, dəymiş zərərin daha bir neçə 10 milyard dollar artdığı, bu günə kimi ən azı 80 milyard dollar təşkil etdiyini söyləmək olar. Bununla yanaşı, işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla dağıdılıb, fauna və floraya qarşı dəhşətli qəsdlər indi də davam etdirilir.

İşğal faktı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların ilk illərdə üzləşdiyi sosial problemlərin həllinin çoxluğu və onların həlli istiqamətində lazımi addımların atılmaması isə vəziyyəti daha da ağırlaşdırmışdı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. Bu insanların səsi dünya ictimaiyyətinə çatdırıldı. Ulu öndər müxtəlif ölkələrin dövlət başcıları, rəsmi şəxsləri ilə keçirilən çoxsaylı görüşlərində, beynəlxalq və yerli qurumlarda etdiyi çıxışlarında mütləq qaçqın və məcburi köçkünlər məsələsinə toxunur, bunu ölkədə bir nömrəli problem adlandırırdı.

 Ümummilli liderin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə verdiyi diqqətin nə dərəcədə böyük olduğunu sadə rəqəmlərlə də ifadə etmək olar. Belə ki, 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırılmışdı. Ulu öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkir, söhbətlər aparır, problemlərini elə yerindicə dinləyir, onların həlli istiqamətində müvafiq göstərişlər verirdi. Bu insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün də konkret addımlar atılırdı. Məsələn, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli və "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" 2002-ci il 13 may tarixli 700 nömrəli fərmanlarına uyğun olaraq Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.

 Doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də daim xüsusi diqqət mərkəzindədir. Xatırlatmaq yerinə düşərdi ki, cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirmiş və burada bildirmişdi ki, ölkədə bir dənə də olsun çadır düşərgəsi qalmayacaq. Bundan sonra qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərin miqyası daha da genişləndi, onlar üçün bütün sosial-texniki infrastruktura malik yeni müasir qəsəbələr salındı. 2007-ci ilin dekabrında ölkədə sonuncu çadır düşərgəsi də ləğv olundu.

 Ümummilli lider Heydər Əliyevin siyasətinin davamı olaraq Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını, Azərbaycan ərazilərinin işğalına son qoyulmasını prioritet məsələ kimi qarşıya qoyub. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən təmizlənməsi, soydaşlarımızın, qaçqın-köçkün bacı-qardaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda duran bundan başqa, bundan daha önəmli vəzifə yoxdur. Çünki bütün başqa məsələlər öz həllini tapır və tapacaqdır".

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə son 6 ildə Prezident İlham Əliyev tərəfindən 22 fərman və sərəncam imzalanıb, onların icrası ilə əlaqədar Nazirlər Kabinetinin 78 qərar və sərəncamı və Milli Məclis tərəfindən 1 qanun qəbul edilib. 2003-2008-ci illər ərzində isə Azərbaycan Prezidenti 12 dəfə məcburi köçkünlərlə görüşüb, bu qəbildən olan insanların probleminə həsr olunmuş bir beynəlxalq konfrans və iki geniş müşavirə keçirilib. Prezident İlham Əliyev 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən bu insanların məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində zəruri addımlar atılıb və atılmaqdadır. Xatırladaq ki, 2007-ci ildə həmin sərəncama əlavələr edilib və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. Azərbaycanın artan iqtisadi imkanları isə yurd-yuvalarından didərgin düşmüş insanların problemlərinin daha sürətli həllinə imkan verir. Burada mühüm bir önəmli fakt xüsusi qeyd edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan indiyədək qaçqın və məcburi köçkünlərə 3 milyard dollar vəsait xərclənib. Həmin vəsaitin 800 milyon dollarını beynəlxalq təşkilatlar, qalan hissəsini isə Azərbaycan hökuməti ayırıb. Onu da bildirək ki, qaçqın və məcburi köçkünlərin saxlanması üçün Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Cari il üçün isə qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına 310 milyon manat vəsait ayrılıb. Vəsaitin 203 milyon manatı dövlət büdcəsindən, 80 milyon manatı Dövlət Neft Fondundan, 27 milyon manatı isə humanitar təşkilatların büdcələrindən maliyyələşdirilməsi nəzərdə tutulur. Ümumiyyətlə isə dövlət büdcəsindən, Neft Fondundan qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı ayrılan vəsaitin həcmi son illərdə xeyli artıb, onların təyinatı üzrə səmərəli istifadəsinə nəzarət gücləndirilib.

Bununla yanaşı, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası öz fəaliyyətini respublikamızdakı qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial problemlərinin vaxtaşırı olaraq ətraflı təhlil edilməsi, daha çox ehtiyac duyulan, ciddi narahatlıq doğuran vacib məsələlərin aidiyyəti dövlət orqanları və beynəlxalq humanitar və inkişaf təşkilatları, donor ölkə və maliyyə qurumları ilə birlikdə araşdırılması, məsələnin həlli yollarının müəyyən edilməsi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində qurur və onların bu sahədəki fəaliyyətini əlaqələndirir. Hazırda isə hökumət tərəfindən beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq humanitar təşkilatlar ilə birlikdə "Böyük Repatriasiya (Böyük Qayıdış)" Proqramının layihəsinin hazırlanması ilə əlaqədar müəyyən işlər görülür. Artıq 34 dövlət orqanından və 14 beynəlxalq təşkilatdan müvafiq təkliflər alınıb.

O da xüsusi qeyd edilməlidir ki, dövlətlə yanaşı, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çoxsaylı problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və onların həlli istiqamətində Heydər Əliyev Fondu da misilsiz xidmətlər göstərməkdədir. Xatırladaq ki, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına, erməni vəhşiliklərinə həsr edilən "Azərbaycan" internet portalı yaradılıb. Həmçinin Heydər Əliyev Fondu tərəfindən məcburi köçkün uşaqların təhsil problemlərinin həllinə daim böyük qayğı göstərilir, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlər keçirilir.

Bütün bunlar qaçqınların və məcburi köçkünlərin Azərbaycan Prezidentinin, Heydər Əliyev Fondunun daim xüsusi diqqət mərkəzində olduğunu aydın şəkildə nümayiş etdirir. Bu diqqət və qayğını daim öz üzərində hiss edən məcburi köçkünlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində tezliklə doğma yurda qayıdacaqları günün uzaqda olmadığına əmindirlər.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 20 iyun- S.  2.