Vladimir Çernenko: Azərbaycanın daha böyük uğurlara imza atacağına inanıram

 

Rusiyalı alim ölkəmizdə iqtisadi sahədə həyata keçirilən inkişafı çox yüksək qiymətləndirir

 

Sosial-iqtisadi sahədə inkişaf tempinə görə son altı ildə dünyada lider olan Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən dövlət kimi yaxşı tanınır. Bakıda və ölkənin müxtəlif regionlarında keçirilən belə tədbirlər də Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Diqqət çəkən daha bir mühüm fakt ondan ibarətdir ki, belə tədbirlər ölkənin zəngin tarixi, mədəniyyəti, müasir inkişaf yolu barədə beynəlxalq ictimaiyyətin daha ətraflı bilgi əldə etməsi ilə nəticələnir.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans da bu qəbildən hesab edilə bilər. Tədbirdə iştirak edən xarici qonaqlar, o cümlədən Sankt-Peterburq Dövlət İqtisadiyyatServis Universitetinin nümayəndələri Azərbaycanın mövcud iqtisadi inkişaf tempinin yüksək olduğunu bildirdilər. Sankt-Peterburq Dövlət İqtisadiyyatServis Universitetinin Dünya iqtisadiyyatı kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Vladimir Çernenko da Azərbaycanın inkişaf səviyyəsinə heyran qaldığını belə bildirdi: "Mən Azərbaycanda ilk dəfədir ki, oluram. Təəssüratım çox böyükdür. Mənə elə gəlir ki, sanki Sankt-Peterburqdan uzaqlaşmamışam. Bilirsiniz ki, Azərbaycanın Rusiyadakı ən böyük diasporu məhz Sankt-Peterburqdadır. Onların sayı 280 min nəfərə çatır. Elə mənim tələbələrimin bəziləri də azərbaycanlılardır.

Ölkənizə gəlincə, ilk dəfə olduğum paytaxt Bakı barədə məndə olduqca böyük təəssürat yaranıb. Burada şəhərlə daha çox tanış olmağa çalışdım. Dedilər ki, məhşur "Brilyant əl" filminin bir hissəsi Bakıda çəkilib. Bakı qədimliyi və müasirliyi özündə əks etdirir. Burada olan tikinti işləri də diqqətimi xüsusi cəlb etdi. Bildiyimə görə, burada yeni bir gəmi zavodu inşa olunur. Bu Azərbaycanın çox güclü iqtisadiyyatının olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonra daha böyük uğurlara imza atacağına inanıram. Çünki bunun üçün Azərbaycanın potensialı, təbii ehtiyatları var".

Vladimir Çernenko beynəlxalq elmi-praktiki konfransın əhəmiyyətini də yüksək qiymətləndirdi: "Konfransın təşkilindən, burada iştirak edənlərin tərkibindən çox məmnun oldum. Belə tədbirlər qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynayır."

Çernenko Azərbaycan və Rusiya arasında mövcud münasibətlərin inkişaf səviyyəsinin də qənaətbəxş olduğunu, bu məsələdə hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin mühüm rol oynadığını xüsusi qeyd edir. Onun fikrincə, münasibətləri daha geniş miqyasa çatdırılması üçün potensialları kifayət qədər böyükdür: "Siyasi münasibətlər qurulandan sonra iqtisadi sferada əlaqələrin yaradılması prosesi başlanır. Bu, dövlətlər arasında münasibətləri daha da möhkəmləndirir, onu keyfiyyətcə yeni mərhələyə çıxarır. Rusiya və Azəbaycan arasında bu sahədə yüksək münasibətlər formalaşıb, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi elə də kiçik rəqəmlərlə ölçülmür. Düzdür, milyradlarla dollar həcmində olan bu ticarət dövriyyəsinin artırılması üçün hər iki tərəf lazımi potensiala malikdirbundan yararlanmaq üçün dövlətlər səviyyəsində müvafiq addımlar atılır. Bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün hər bir dövlətin qarşı tərəfdə özəl tərəfdaşlarla iqtisadi əlaqələrini də inkişaf etdirməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki özəl kapitalın da iqtisadiyyata cəlb edilməsi həm inkişafı, həm də qarşılıqlı münasibətləri daha möhkəm əsaslar üzərində qurur".

Son dövrlər dünya miqyasında qlobal maliyyə böhranının ikinci dalğasının da başlaya biləcəyinə dair fikirlərə toxunan rusiyalı iqtisadiyyatçı, onun baş verəcəyi təqdirdə Azərbaycanın yenə də bundan ciddi zərər görməyəcəyini xüsusi qeyd edir. Çernenko xatırlatdı ki, hələ fəsadları tam aradan qalxmayan qlobal maliyyə böhranı 2006-cı ildə ABŞ-ın ipoteka bazarından başlanıb, daha sonra isə dünyanın digər dövlətlərinə yayılıb: "Əslində, belə bir böhranın yaşana biləcəyinə dair əvvəlcədən müəyyən xəbərdarlıqlar edilmişdi. Lakin heç kim böhranın miqyasının bu səviyyədə olacağını gözləmirdi. Heç bir analitikbunu əvvəlcədən görə bilməzdi. Lakin mənim fikrimcə, sivil dünya bazarının formalaşmasının əleyhinə olan müəyyən qruplar da mövcuddur ki, onların da bu məsələdə müəyyən rolunun olması istisna deyil.

Mən də hesab edirəm ki, dünya təsərrüfatında qlobal iqtisadi böhranın ikinci dalğası olacaq. Lakin bu böhranın təsirləri Azərbaycana toxunmayacaq. Təhlillər göstərir ki, yeni böhran dalğasının Rusiya iqtisadiyyatına də ciddi təsiri olmayacaq. Bunu əminliklə söyləyə bilərəm. Böhranın yeni dalğasının başlanmasının səbəblərinə gəlincə, bu Avropa ilə bağlı olacaq. Məsələ burasındadır ki, Avropa ölkələrinin böyük əksəriyyətinin daxili borcları çox böyükdür. Buraya ilk növbədə Avropanın inkişaf etmiş ölkələri aiddir. Hazırda Avropa İttifaqı daxilində elə də xoş olmayan vəziyyət formalaşıb. İttifaqın bəzi üzv ölkələrinin həddən artıq böyük miqdarda borcu var. Hesab edirəm ki, dövlətlər mərkəzi banklar çərçivəsində borc öhdəliklərini almağa başlayacaqlar. Lakin borc öhdəliklərinin alınması son nəticədə dövriyyəyə əlavə pul kütləsinin buraxılmasını tələb edir. Əlavə pul kütləsinin dövriyyəyə buraxılması isə sonda inflaysiyanı yüksəldə bilər. İnflyasiyanın yüksək olmasının nə demək olduğunu isə yəqin ki, izah etməyə ehtiyac yoxdur. Azərbaycan, eləcə də Rusiya xarici bazardan nisbətən izolyasiya olunmuş vəziyyətdədirlər, avro zonasına daxil deyillər. Biz hələ ki, Ümumdünya Ticarət Təşkilatının üzvləri deyilik. Bu baxımdan ətraf iqtisadi mühitdə baş verənlər Azərbaycan və Rusiya iqtisadiyyatlarına daha az, cüzi, bəlkə də hiss olunmayacaq dərəcədə təsir edəcək. Dünya iqtisadiyyatına inteqrasiyada müəyyən məsafənin gözlənməsi isə milli iqtisadiyyat üçün müəyyən üstünlüklər gətirir. Məsələn, Azərbaycan ötən il yenə də ümumi daxili məhsulun artım göstəricisinə görə, 182 ölkə arasında birinci yerə çıxıb və ötən il üçün iqtisadi artım 9,3 faiz təşkil edib. Əlbəttə, qlobal maliyyə böhranının özünü daha qabarıq hiss etdirdiy bir vaxtda bu, olduqca mühüm nailiyyətdir, iqtisadi siyasətin düzgünlüyündən xəbər verən mühüm faktordur".

Rusiyalı alim onu da xatırladır ki, Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranı zamanı vaxtında lazımi tədbirlər gördü: "İnkişaf tempinin sürətlənməsi üçün belə tənzimlənmə davam edir. Digər tərəfdən həm Azərbaycanın, həm də Rusiyanın malik olduğu daha bir üstünlük təbii sərvətlər, o cümlədən enerji ehtiyatları ilə zəngin olmasıdır. Bu da iqtisadi inkişaf, qlobal böhranlar yarandıqda onlarla daha səmərəli mübarizə üçün öz rolunu oynayır".

Bütün bunlar bir daha Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin kifayət qədər təkmil xarakter daşıdığının beynəlxalq miqyasda da etiraf olunduğunu, bu sahədə görülən işlərin yüksək qiymətləndirildiyini təsdiq edir. Şübhəsiz ki, bu da ölkəmizin dünya miqyasında nüfuzunun daha da artmasında vacib rol oynayan faktorlardan biridir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 20 iyun- S.  3.