Qədim Ellada həm də müasirliyin simvoludur

 

Yunanıstana bir həftəlik səfərdən sonra azərbaycanlı jurnalistlər məhz bu qənaətə gəldilər

 

 Ölkəmizin kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Bakı ilə Xanya şəhəri arasında birbaşa aviasiya reysinin açılışı ərəfəsində iyunun 9-dan 16-dək Yunanıstanda səfərdə olub. Bu sətirlərin müəllifinin də daxil olduğu media qrupu ilə ölkə parlamentində, Mədəniyyət və Turizm Nazirliyində, Azərbaycanın Yunanıstandakı səfirliyində keçirilən görüşlərdə dövlətlərarası münasibətlərə, ölkələrimiz arasındakı əməkdaşlığa geniş spektrdə işıq salındı. Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Antania Altoniu, Yunanıstanın turizm üzrə baş katibi Georgi Pousalos, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev ilə görüşlər zamanı qədim Ellada torpağının güclü turizm potensialı olduğu, Azərbaycanla Yunanıstan arasında genişmiqyaslı iqtisadi mədəni əlaqələr çərçivəsində turizmə də geniş yer ayrılması zərurəti diqqətə çatdırıldı.

Afinanın yaraşıqlı, zəngin ənənəsi olan otellərində, əsrarəngiz Krit adasında səmimi və istiqanlı Yunanıstan sakinləri və rəsmiləri ilə rəngarəng mövzulu söhbətlərimiz oldu. Turizm kompleksində insanı valeh edən, heyrətə salan təbii gözəlliklərlə, əsl qonaqpərvərlik nümunəsi ilə qarşılaşdıq. Afinanın hər guşəsi, küçəsi, bağı-bağçası çoxəsrlik tarixə malik Yunanıstanın zəngin turizm ənənələrinə malik olduğundan xəbər verir. Akropolda, Grand Bretagne, Crowwn Plaza və digər otellərdə keçirilən görüşlərdə Azərbaycan jurnalistlərinə Yunanıstanın tarixi keçmişi, mədəniyyəti, turizm və otelçilik sənayesinin inkişafı ilə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, Yunanıstan turizm bazarında müalicəvi, biznes, istirahət turizm növləri daha çox inkişaf etmişdir. Bu da ölkəmizin müvafiq şirkətlərində böyük maraq doğurur. 2005-ci il aprelin 7-də Azərbaycan Respublikası hökuməti ilə Yunanıstan Respublikası hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır. Həmin sazişə əsasən ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Yunanıstanın ölkəmizdəki səfirliyi ilə birgə əməkdaşlığı sayəsində 2008-ci il noyabrın 23-dən dekabrın 1-dək Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkətləri və KİV nümayəndələrindən ibarət heyətin Yunanıstana infoturu təşkil edilmişdir.

Bu gün Yunanıstan turistlərin daha çox ziyarət etdiyi ölkələrdən biridir. Dünyanın nüfuzlu turizm dərgilərindən olan "Lonely Planet" Yunanıstanı 2010-cu ilin ən çox tələb olunan turizm məntəqəsi siyahısına daxil edib. Son onillikdə bu ölkəyə gələn ziyarətçilərin sayı müntəzəm olaraq artmaqdadır. 2004-cü ildə Olimpiya oyunlarının keçirildiyi dövrdə qədim Elladaya 14 milyon 200 min turist gəlmişdi. Məftunedici gözəlliyi, zəngin tarixi ilə tanınan Krit adası dünyanın ən çox ziyarət olunan turizm məntəqələrindəndir.

Bu il mayın 24-də "Hyatt Regensy" otelində keçirilən mətbuat konfransında Yunanıstanın Bakıdakı səfiri cənab İoannis Metaskas bildirmişdi ki, ölkəsi özünün mülayim iqlimi, gözəl Aralıq dənizi sahili əraziləri, klassik arxeoloji və tarixi yerləri ilə bütün dünyada məşhurdur. Gözəl və sakit adalar, əsl yunan qonaqpərvərliyi ölkəyə turist axınını artıran amillərdəndir. "2009-cu ilin oktyabr ayından Yunanıstan barədə beynəlxalq mediada neqativ açıqlamalar yer alır. Bu isə reallığı əks etdirmir. Bilirsiniz ki, 2007-ci ildən başlayan iqtsiadi böhran 2008-ci ildə pik həddinə çatdı. Bu maliyyə böhranı üçün məsuliyyət daşımayan Yunanıstan həm o zaman, həm də indi açıq iqtisadiyyata malik olmaqla yanaşı, dövrün tələbinə uyğun tamamilə inteqrasiya olunmuş bir sistemə malikdir. Bu gün Yunanıstanda ümumi vəziyyət sabitdir və ölkə dünyanın hər yerindən gələn qonaqlarını gülərüzlə, bol süfrə ilə qarşılamağa hazırdır".

Azərbaycanlı turistlərin yay mövsümü ərzində Kritə nəzərdə tutulan səfəri, Bakıdan Xanya şəhərinə yeni aviareysin açılışı ilə bağlı pilot layihənin iyul ayında reallaşdırılacağına inamını bildirən Yunanıstanın ölkəmizdəki səfirliyinin iqtisadiyyat və ticarət üzrə konsulu Olqa Mezeridou-Qauova bildirdi ki, bu layihə çərçivəsində ilk dəfə olaraq səfirliyimizə gəlmədən viza almaq, həftədə bir dəfə təyyarə ilə Krit adasına səfər etmək mümkün olacaq. Bu, Azərbaycanla Yunanıstan arasında qarşılıqlı inam və hörmətin təzahürüdür. Əgər builki pilot layihəmiz uğurlu olarsa, gələn il bu layihə daha sərfəli şərtlərlə davam etdiriləcək: "Yunanıstan öz təkrarsız gözəlliyini təqdim etməklə həm də etibarlı təhlükəsizliyə təminat verir. Turizm eyni zamanda, biznes sahəsində də bir çox imkanları üzə çıxarır".

Afinadan Krit adasınadək olan yeddi saatlıq dəniz yolunun yorğunluğu elə ilk saatlardanca canımızdan çıxdı. Köhnə tanışım "Kalamaki-Travel" şirkətinin rəhbəri Miltiadis Despotakis bizi əziz adamları kimi qarşıladı, Bakıdakı dostlarını soruşdu, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə aralarındakı xoş münasibəti xatırlatdı. O ümidvar olduğunu bildirdi ki, rəsmi Bakı Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin intensivləşməsinə, Bakıdan Xanyaya birbaşa hava reysinin açılmasına yardımçı olacaq:

- Zaman dəyişdikcə turizmin mahiyyəti də dəyişir. İnsanlar indi hansısa şəhərin yüksək komfortlu, yaraşıqlı otellərində yalnız kalorili yeməklərdən dadıb bütün günü yatmaq, yaxud televizora baxmaq istəmirlər. Bunun üçün xərc çəkib dünyanın hansısa şəhərinə uçmaq lazım deyil, elə evdə də bu cür vaxt keçirmək mümkündür. Turizm fəlsəfəsi indi başqa məqamları önə çəkir - daha çox öyrənmək, getdiyin ölkənin geopolitik mövqeyi, xalqın adət-ənənəsi, mədəniyyəti, tarixi keçmişi, məişəti, mətbəxi, insanların davranışı, təbiətə, heyvanlara münasibəti, gələcəyə baxışı barədə daha çox və ətraflı məlumat toplamaq. Ona görə də qonaqlarımızı eyni oteldə qalmağa, darıxmağa, nədənsə bezməyə qoymuruq, tez-tez yerlərini dəyişirik. Bu, sadəcə yerdəyişmə deyil, müşahidə zənginliyinə, gözlərin dincəlməsinə, ruhun təzələnməsinə xidmət edən münasibətdir.

Krit adasında keçirdiyimiz üç gün ərzində Xanyanın, Refinnonun və İraklionun dəbdəbəli, eyni zamanda, sadə, saatlarla fikirləşsən belə, cüzi irad tutmağa səbəb tapmadığın otellərində Yunanıstanın şərəfli keçmişi, bugünü və gələcəyi barədə kifayət qədər məlumat topladıq, yunanların sadəliyini, qonaq qarşılayıb yola salmaq mədəniyyətini şərtləndirən məqamları rahatca izləyə bildik. Miltiadis Despotakis xalqlarımızı birləşdirən ümumi dəyərlərin zənginləşməsi yolunun qarşılıqlı səfərlərdən, turist marşrutlarından keçdiyini bildirdi. Gözümüz üstə yeriniz var. Azərbaycana və azərbaycanlılara hörmətimiz tükənməzdir. Turist kimi, qonaq kimi gələnlərə yurdumuzu tanımaqda, dincəlməkdə, öz gücünü bərpa etməkdə hər cür köməyə hazırıq - dedi. Almerida Beach Kyan Aktı otelinin sahibəsi xanım Toula Paradakı isə Azərbaycandan gələn ilk turistləri qiymətlə bağlı xüsusi sürprizlər gözlədiyini dedi.

Yalnız Yunanıstanda deyil, bütün dünyada öz cazibədarlığı, iqlimi, relyefi və digər təbii-coğrafi üstünlükləri ilə məşhur olan Krit adasında keçirdiyimiz günlər yəqin ki, yaddaşımızda uzun müddət yaşayacaq. Egey dənizinin dupduru suyu, sahilin narın qumu, zeytun, əncir, söyüd, çinar ağaclarının boy-boya verdiyi yaşıl yamaclar, otellərdəki yüksək səviyyəli servis, daim gülərüz yunanların xoş qılığı bu yerlərə dönə-dönə gəlməyə stimul verir. Homerin və Esxilin, Sofoklun və Platonun, Demosfenin vətəni qədim Yunanıstan özünün çoxəsrlik mədəniyyəti, incəsənəti və memarlığı, fəlsəfəsi və təhsili üzərində yeni ideya və texnologiyaların və perspektivlərin mayasını cücərtməkdə olduqca ustadır. Mərmər, zeytun və şərabla uzağa getməyin mümkünsüzlüyünü yaxşı dərk edən yunanlar təbii şəraitin yaratdığı şansdan yüz faizlik istifadəyə üstünlük verirlər. Turizm sənayesinin prioritet olduğu hər addımda təsdiqlənir. Ölkəyə ildə 11 milyon turist gəlir. Bu isə Yunanıstanın büdcəsinə 4 milyard dollar əlavə gəlir gətirir.

Afina hava limanından yola düşərkən müşayiətçimiz, milliyyətcə rus olan Roman Matveyeviç dedi ki, 14 ildir Yunanıstandayam. Bu ölkəyə, yunan dostlarıma elə öyrəşmişəm ki, heç doğulub boya-başa çatdığım Ukraynaya dönmək barədə fikirləşmirəm də. Doğrudur, hər adam vətəndən uzaqlarda ömrü boyu yaşaya bilmir. Amma hər halda, gəlmək, gəzmək, öyrənmək mümkündür və hər bir adam sakini olduğu Yer kürəsinin maraqlı guşələrinə baş çəkmək şansını əldən verməməlidir. Güman edirəm ki, sizin, necə deyərlər, bu "kəşfiyyat xarakterli" gəlişinizdən sonra imkanı və həvəsi olan azərbaycanlılar turizm şirkətlərinə müraciət edəcək, öz istirahətlərini məhz Yunanıstanda, əsrarəngiz Krit adasında keçirməyə üstünlük verəcəklər.

 

 

Akif CABBARLI,

Bakı-Afina-Xanya-Bakı

 

Azərbaycan.- 2010.- 20 iyun.- S.  3.