Azərbaycanın folklor
paytaxtı
Bəlli olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına əsasən, 2010-cu ildə "Qazax - Azərbaycanın folklor paytaxtı" elan olunmuşdur. Qazaxın çoxsahəli folkloru, hələ yazı mədəniyyətinin kifayət qədər formalaşmadığı bir dövrdə rəvayətlər, əsatirlər, əfsanələr, tapmacalar, atalar sözləri, xalq tamaşaları və s. şəklində yaddaşlarda yurd salaraq nəsillərdən-nəsillərə keçə-keçə xalqın tarixi, taleyi barədə əvəzsiz bilgilər verə-verə kamil sənət səviyyəsinə yüksəlmişdir.
Min illərin əks-sədası
Tarixin ən qədim söz-sənət inciləri folklorda, şifahi xalq ədəbiyyatı nümunələrində yaşayır. İlkin dövrlərdən başlayaraq fikrin ifadə tərzi etibarilə folklorun çoxsahəli janrları geniş yayılmışdı. Əmək mahnıları, mövsüm və mərasim nəğmələri, atalar sözləri və tapmacalar, bağlamalar, oyunlar, xalq tamaşaları və sair.
Bu janr, adətən, mənsub olduğu xalqın zəngin həyat təcrübəsini, onun ta qədimdən başlayaraq bu günə qədər məşğul olduğu fəaliyyət sahəsini - əməyini, peşəsini, dünyagörüşünü, arzu-istəyini müdrikcəsinə ifadə edir. Həyatın, məişətin, düşüncənin ən dürüst bədii ifadəsini məhz folklorda, şifahi xalq yaradıcılığında tapmışdır. Son dərəcə yığcam, lakonik ifadələrlə böyük fikirlər, anlayışlar bildirmək bu janrın əsas xüsusiyyətlərindəndir.
Qazax folklorunun öz özəlliyi, öz gözəlliyi var. Bu torpağın hər guşəsində şairanəlik, əsrarəngizlik, füsunkarlıq duyulur. Qarayazı meşələri, Ceyrançöl düzləri, Göyəzən və Avey dağları, Xanım bulaq, Pəri bulaq, Bayram bulaq, ən ümdəsi isə Damcılı bulaq həmişə yaradıcı ürəklərin ilham mənbəyi olub, hər an insanları xoş əhvallara, ülvi duyğulara aparıb. Akademik Teymur Bünyadov yaxşı deyir ki, bu yerlər həmişə ədiblər yurdu, igidlər məskəni, zülfü pərişan, siyah tellər oylağı olub. Burada Aşıq Ələsgər saz çalıb, Vurğun xəyala dalıb, Kərəm at oynadıb... Çox güman ki, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçən söz sərraflarından çoxunun adları və ünvanları sirli-soraqlı zamanın yaddaşında, lal sükuta qərq olan məzarlarda ilişib qalıb. Bu unudulmaz unudulanları gərək folklorlarda, rəvayətlərdə, əfsanələrdə, ən müxtəlif şifahi xalq nümunələrində arayıb axtaraq.
Bizə bəlli olanı budur ki, XVIII əsrin böyük şairləri - Molla Vəli Vidadi və Molla Pənah Vaqif bu qədim yerlərin yetirmələri, Azərbaycan ədəbiyyatının klassikləri, şeir-sənət aləminin öncülləri, mənəvi dünyamızın sönməz çıraqlarıdır. Şifahi xalq sənətindən, müdrik folklor qaynaqlarından ilham alan Qazaxın azman sənətkarları və yenilməz sərkərdələri elə bu əzəmətli bünövrə üzərində ucalıblar. Qazax şairləri zaman-zaman müxtəlif mövzularda bir-birindən məzmunlu, bir-birindən gözəl əsərlərini xalqımıza ərməğan eləmiş, ibrətamizliklə dolu heyrətli ədəbi aləm yaratmışlar. Bunların arasında on doqquzuncu yüzilliyin yazarlarından Əbdürrəhman ağa Dilbaz, Mustafa ağa Arif, Mirzə Məhəmməd Qaib oğlu, Kazım ağa Saliq, Yəhya bəy Qazaği, İbrahim Əfəndi Nicati, Abdulla ağa Şıxlinski, Hüseyn Əfəndi Qaibov, Abbas ağa Nazir və başqaları xüsusi yer tuturlar.
İyirminci əsr Qazaxda sözün, sənətin əsl intibah dövrü, əvəzsiz inkişaf mərhələsinin zirvəsi sayıla bilər. Osman Sarıvəlli, Səməd Vurğun, Mehdi Hüseyn və başqaları elimizin zəngin folklor nümunələrindən qaynaqlanaraq ölməz sənət inciləri yaradıblar. Xalq yazıçıları İsmayıl Şıxlı, İsa Hüseynov, Yusif Səmədoğlu, Mirvarid Dilbazi, Hüseyn Arif, Nəriman Həsənzadə, Vidadi Babanlı və başqaları xalqımıza layiq əsərləri ilə mənəvi dünyamızı zənginləşdiriblər. Bunların hər biri folklordan, şifahi xalq ədəbiyyatından güc-qüvvə alaraq söz-sənət aləmində əbədi lövbər salıblar.
Qazax aşığı, el
yaraşığı
Qazax folklorunun ən uca zirvələrindən biri aşıq sənəti ilə bağlıdır. Qazax mahalının sazlı-sözlü mənəvi dünyasının şah budağı el sənətkarları, haqq aşıqlarıdır.
Deyirlər, Qazax aşıq üslubu Göyçə və Borçalı aşıq məktəblərinin tərkib hissəsi, ayrılmaz bir parçasıdır. Aşıqlar xalqımızın ən qədim, ən ülvi sənəti olan şeir və musiqimizi yaradır, təbliğ edir, yaşadırlar. Bu əsərlərin çoxu elə kamildir ki, haqlı olaraq türk dünyasının inciləri sayılır. Türklər zaman-zaman at belində, sinədə qalxan, əldə qılınc, çiynində telli sazla zəfər çalıblar. Osman Sarıvəllinin sözü ilə desək, "Qılıncların, nizələrin yaraladığı, lakin qapısını aça bilmədiyi ürəkləri böyük aşıq sazın-sözün, əqlin-kamalın, müdrik ustadnamələrin, şirin qoşmaların, könülaçan müxəmməslərin və gəraylıların ecazkar qüdrəti ilə açdı, fəth etdi".
Tarix boyu Qazax mahalının saz-söz sərrafları toyların, məclislərin, el şənliklərinin bəzəyi olub. Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Mirzə Səməd, Dərya Məhəmməd, Aşıq Avdı Avdıyev, Aşıq Ədalət kimi ustad sənətkarlar elimizin əsl mənəvi sərvətidir. Ustadların yolunu uğurla yaşadan mahir ifaçılardan Aşıq Hüseyn Xalaoğlu, Aşıq Solmaz Kosayeva, Aşıq Pakizə Musaköylü, Aşıq Rakif, Aşıq Camoy Qurbanov, Aşıq Yaqub Yaqubov, Aşıq Hacı Abdıyev, Aşıq Şəhadət Gülməmmədov və onlarca başqası sinədəftər sənətkar kimi hər yanda tanınır.
Əlbəttə, bu həmişəyaşar sənət ilk öncə xalqın ruhundan, onun ən dəqiq ifadəçisi olan folklordan bəhrələnir. Qazaxın saz və söz biliciləri deyirlər ki, bu yerlərin aşıq sənətini əsasən üç qrupa ayırmaq olar. Birinci qrupa ustad aşıqlar daxil edilir. Onlar aşıq sənətini yaşadan və inkişaf etdirən görkəmli sənətkarlar sayılırlar. XIX əsrdə yaşamış Aşıq Dərviş Mahmud, Aşıq Mansur, Aşıq Məmmədyar, Aşıq Müsəllim, Aşıq Miskin Əli, Aşıq Mirzə Səməd, Avdı Qaymaxlı və başqaları yalnız folkloru, aşıq yaradıcılığını mükəmməl bilmələri ilə deyil, eyni zamanda, coşqun şairlik təbinə malik olmaları ilə də fərqlənirdilər. Belə sənətkarların şeirləri əsasında xalq dastanları yaranırdı. Məsələn, Aşıq Avdı gözəl ifaçı olmaqla yanaşı, sənət aləmində həm də onlarca divani, gəraylı, qoşma, təcnis və müxəmməsin, "Avdı və Mehriban" adlı dastanın, habelə məşhur "İncəgülü" aşıq havasının müəllifi kimi tanınır. Yaxud Aşıq Mirzə Səmədin "Sarıtel" və "Boğça Çiçəyi" dastanları el arasında geniş yayılmışdır. Aşıq Məmmədyarın çox şeirləri, təcnisləri, qoşmaları, deyişmələri və digər janrlardakı şeirləri var və təəssüf ki, onlar bu günə kimi nəşr olunmayıb.
İkinci qrupa daxil olanlar ifaçı aşıqlardır. Bunların şairliyi, fərdi yaradıcılıq meyli olmasa da, gözəl səsə, yaxşı saz çalmaq və məclis aparmaq qabiliyyətinə malikdirlər. Onlar ustad aşıqların zəngin irsini öyrənir, təbliğ edir və gələcək nəsillər üçün yaşadırlar. Bu mənada Aşıq Ədalət Nəsibovun, Aşıq Hacının, Aşıq Kərəmin, Aşıq Yaqubun, Aşıq Camoyun, Aşıq Saqifin Aşıq Məmmədəlinin, Aşıq Abdunun, Aşıq Yaşarın və başqalarının fəaliyyəti təqdirəlayiqdir.
Üçüncü qrupa aşıq poeziyası üslubunda yazıb-yaradan el şairləri daxildir. Onların çoxu çalıb-oxumur, lakin dürlü sözləri ilə aşıq poeziyasını zənginləşdirir, dövrün aktual məsələlərini öz əsərlərində əks etdirirlər. Bu mənada el şairləri aşıq poeziyasına yeni nəfəs, ictimai məzmun gətirirlər. Yazıları klassik aşıq şeiri formasında olsa da, burada müasirlik son dərəcə güclü olur. Bu sahədə Qulu Cəfər oğlu Məşədiyevin, "Həvəskar" ləqəbli şair Allahverdi Vəli oğlu Hacalıyevin və başqalarının xidmətləri xüsusi qeyd olunmalıdır. Bir sözlə, Qazax aşıq sənəti elə bir mənəvi sərvətdir ki, onun mükəmməl araşdırılıb təbliğ olunması vacibdir.
Folklorun digər
sahələrində də illər, əsrlər boyu çox
dəyərli nümunələr yaradılmışdır və
elə buna görə də heç təsadüfi deyil ki, qədim
Qazax mahalı folklorun paytaxtı elan olunmuşdur.
Bayramın ilk tədbiri
Kütləvi bayrama Novruz şənlikləri günü start verildi. Bütün Qazax mahalı ayağa qalxmışdı. Təkcə rayonun mərkəzində deyil, qəsəbələrdə, kəndlərdə, hər eldə-obada xonçalar bəzənmiş, məclislər qurulmuş, süfrələr açılmışdı. Bu bayramın bir özəlliyi də onda idi ki, hər yerdə xalqın adət-ənənəsindən irəli gələn tədbirlərə xüsusi üstünlük verilirdi. Milli məişətimizi əks etdirən səhnələr, məclislər qurulmuş, sərgilər açılmış, xalq mahnılarının ifaçılarına geniş meydan verilmiş, folklorun ən müxtəlif növlərinin səslənməsi üçün hər şərait yaradılmışdı. Hara gedirdin, hara baxırdın çoxsahəli Qazax el sənətinin geniş mənzərəsi göz önündə canlanırdı. Ən böyük tədbir isə Heydər Əliyev adına Parkda keçirilirdi.
Səhər tezdən rayon sakinlərinin çoxunu çaparların çağırışı, xalq musiqisinin sədaları oyatdı. Qoşa zurnanın şaqraq səsi, aşıqların gur avazı, kəhər atların yürüşü hamını mərkəzi meydana səsləyirdi. Üzlərdə təbəssüm, ürəklərdə sevinc, dodaqlarda mahnı... Hamı deyib-gülür, şənlik edirdi. Kimi bayatı deyir, kimi rəvayət, hekayət danışır, kimi folklorun, xalq sənətinin sehrindən, səviyyəsindən söz açırdı. Dəstə-dəstə düzülən aşıqlar səs-səsə verərək bir-birinə meydan oxuyurdular.
Bayram bir də öz nəhəng səmənisi ilə göz oxşayırdı. Heydər parkının mərkəzində 16,5 metrlik çoxmərtəbəli səməni ucalırdı. Bu, bolluq, bərəkət rəmzi öz əzəməti ilə hamını heyrətə salırdı. Rəngarəng geyimli oğlan və qızlar nəhəng səməninin ətrafında dövrə vurub oxuyur, oynayırdılar.
Söz-sənət məclisi hamını sanki ovsunlayırdı. Musiqi sədaları altında folklorun, şifahi xalq sənətinin ən müxtəlif inciləri ürəkləri riqqətə gətirirdi. Qazax folklorunda nələr varmış! Vətən, torpaq, sevgi, sədaqət, hünər, rəşadət haqqında əsrlərdən, nəsillərdən süzülüb gələn ən incə, ən ülvi sözlər səslənir, hamı canından çox sevdiyi doğma torpağı, ana vətəni vəsf edirdi. Bu gur çal-çağırın içində incə ruhlu şair dostum Eldar Nəsiblinin də saf, səmimi, bir az da həzin, hüznlü səsi eşidilirdi:
Gözünü aç bu elə, obaya yaxşı bax!
Damcılısında durul, Dəli Kürə qarış, ax!
Ərlər, ərənlər yurdu olub bu ulu torpaq!
Hər kaha, hər mağara sirli Azıxdır, oğlum!
Bura Qazaxdır, oğlum!
Növbəti tədbir Abidələrin Beynəlxalq Mühafizə Günündə keçirildi. Bu, heç də təsadüfi deyil. Folklorun paytaxtı ulu Qazax qədim və qiymətli abidələr diyarıdır. Burada on ikinci yüzilliyin yadigarı Sınıq körpü, tunc dövründən qalan Babadərviş və neolit-tunc dövründən xəbər verən Göytəpə yaşayış yerləri kimi dünya əhəmiyyətli abidələr mövcuddur. Bundan əlavə, 112 respublika və yerli əhəmiyyətli arxeoloji, memarlıq və monumental abidə, habelə dekorativ tətbiqi sənət nümunəsi qeydə alınıb. Yuxarı Əskipara və Şəkərqala kəndlərindəki məbədlər, Qıraq Kəsəməndəki dairəvi qüllə, Poylu kəndindəki məqbərələr qrupu, Qatır, Qızılhacılı və Kazım körpüləri, Qırmızı körpü, habelə Qızıl qaya baxanları valeh edir. Bunların ən məşhurlarından, ən gözəllərindən, ən çox diqqəti cəlb edənlərdən biri də Damcılı bulağıdır. Tədbir də elə məhz Damcılı mağara-düşərgəsində keçirilirdi.
1956-cı ildə arxeoloji tədqiqatlar zamanı üzə çıxarılan zəngin maddi-mədəniyyət nümunələrinin tədqiqi, düşərgənin daş dövrünə məxsus olduğunu sübut etmiş və o, dünya əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.
"Avey" Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru, şair Tofiq Saleh Qazax abidələrinin tarixi, taleyi barədə danışırdı. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Valeh Vəliyev abidələrin tədqiqi və təbliğindən, onların bərpası və mühafizəsi üçün görülməsi vacib olan işlərdən, Qaymaqlı kənd mədəniyyət evinin müdiri Kazım Kazımlı tarixi abidələrlə bağlı folklor nümunələrindən söz açdı. Bilavasitə İncə dərəsinə məxsus olan ağılar, oxşamalar, bayatılar, holavarlar, sayaçı sözlər ipə-sapa düzüldü. K.Kazımlı deyir ki, eldə-elatda yaranan və yaşayan el nəğmələrindən biri də qımqımıdır. Bayatıya bənzər qımqımılar heç bir ölçüyə, vəznə və formaya tabe olmayan yığcam məzmunlu el deyimləri, könül pıçıltılarıdır. Qız-gəlinlər, ağbirçəklər gəbə toxuyanda, inək sağanda, yun darayanda, nehrə çalxalayanda, cəhrə əyirəndə, corab hörəndə öz doğmalarına, sevgililərinə, qohum-qardaşlarına, igidlərə, gözəllərə zümzüməsayağı qımqımı oxuyur, onları ən xoş sözlərlə əzizləməyə çalışırlar.
Şənlikdə
Dilboz atlarında ad çıxaran çaparlara da geniş
meydan verildi.
Mədəniyyət
və turizm şöbəsinin baş abidə mühafizəçisi
Nöfəl Qurbanov deyir ki, bölgəmiz hələ qədimdən
"Dilboz" atları ilə də ad çıxarıb. Qazax rayonunda
1948-ci ildən 1958-ci ilə kimi atçılıq texnikumu,
1987-ci ildən 1993-cü ilə qədər isə at idman məktəbi
fəaliyyət göstərib. Yəni,
atçılıq sahəsində müəyyən təcrübəmiz
var. Bölgəmiz həm də səfalı təbiəti, əsrarəngiz
mənzərələri, əvəzsiz flora və faunası,
mədəniyyət və arxeoloji abidələri ilə zəngindir.
Bir sözlə, at üstündə turizmin
inkişaf etdirilməsi üçün hər cür şəraitimiz
vardır.
Bütün bu
imkanları nəzərə alaraq at üstündə turizmin
marşrut layihəsini və dəqiq xəritəsini
hazırlamışıq. Mərkəzin əsas
bazasının Ağstafaçay dəryaçasının
sağ sahilində, füsunkar təbiətli Cəfərli kəndində
olması nəzərdə tutulur. Marşrut
on bir memarlıq və səkkiz arxeoloji abidəni, dörd
çeşmə və bulağı, təbiətin bir
çox mənzərəli guşəsini əhatə edir.
Cəfərli kəndindən
səfərə başlayan atlı
"qonaqlarımız" məxməri yamaclar və
şiş qayalı dağlar boyu Dəmirçilərə
doğru üz tutacaqlar. Yol boyu "Çülgələr"
adlı yalçın qayaları, mavi gözlü
"Coğaz gölü"nü, əzəmətli Göyəzən
dağını, tarixi qala divarlarını, Fərəhli kəndinin
ecazkar təbiətini, qədim insan məskəni sayılan
Aveydağ mağaralarını, Damcılı və Məmməd
Koxa bulaqlarını, Koroğlu məbədini və onlarca digər
mənzərəli yerləri seyr edəcəklər. Səyyahlar
Daş Salahlı kəndində daşdan su süzgəci
düzəldən sənətkarların və xalça
ustalarının əl işləri ilə
Maraqlı
marşrut turistləri dağları, dərələri, vadiləri
aşaraq məşhur Qırmızı körpüyə,
habelə "Dəli Kür"ün sahilindəki əsrarəngiz
Tuqay meşələrinə gətirib
çıxaracaqdır. Ekoturizmin inkişafı üçün potensial mənbə
olan bu nadir meşə zolağında səyahətçilər
ovçuluqla və balıqçılıqla da məşğul
ola bilərlər.
Aşağı
Salahlı kəndi ərazisində isə onlar yerin təkindən
çıxan möcüzəli mədən suyundan bəhrələnəcəklər. Bu şəfalı
su dəri xəstəlikləri üçün
faydalıdır. Qaşınmalardan əziyyət çəkənlər
həmin
Zənnimcə, yol boyu
Ağköynək kəndinin əsrarəngiz mənzərələri
Xanlıqlar kəndindəki məşhur Didəban qülləsi,
səfalı Bayram bulağı, habelə "Babadərviş"
arxeoloji abidə komplesi də turistlərin marağına səbəb
olacaqdır.
Təqribən
bir həftəlik səyyahət Cəfərli kəndində
başa çatacaqdır. Biz belə nəzərdə
tutmuşuq. Bu barədə müvafiq təşkilatlara
dəfələrlə müraciət eləmişik. Təəssüf ki, təklifimizə hələ də
baş qoşan, cavab verən yoxdur.
Qədim və
zəngin tarixə malik Qazaxda əsrarəngiz yerlər,
minillik abidələr, Avey, Göyəzən, Damcılı
kimi misilsiz mənzərələr, Dəli Kür, Tuqay
meşələri, eləcə də adı dillərdə gəzən
Dilboz atları və başqa maraq doğuran mənbələr
çoxdur. Burada at üstündə turizm nə
üçün olmasın?
Zəruri bir qeyd
Onu da deməyi
özümüzə borc bilirik ki, indiyədək Qazaxın
folkloru çox az tədqiq edilmişdir.
1968-ci ildə iki kitab şəklində çıxan "Azərbaycan
folkloru antalogiyası" kimi akademik nəşrdə
Qazaxın adına rast gəlmək olmur.
Sonra həmin seriyadan "Qarabağ folkloru",
"Borçalı folkloru", "Naxçıvan
folkloru" adlı ayrıca kitablar nəşr olunsa da, Qazax
folkloru nəzər-diqqətdən kənarda qalıb. Bilavasitə
mütəxəssislərin əlindən çıxan
beşcildlik "Azərbaycan nağılları"nda,
"Atmacalar", "Yanıltmaclar", "Atalar sözləri",
"Bayatılar" adlı kitablarda və digər toplularda
da Qazax folkloru öz layiqli yerini tapmamışdır. Xüsusən,
Göyəzən və Avey dağları, Qırmızı
körpü və Damcılı bulağı, Qarayazı və
Tuqay meşələri, Babadərviş və Göytəpə
kurqanları, onlarca, yüzlərlə tarixi toponimlər
haqqında əfsanə və rəvayətlərin tədqiqinə
və təbliğinə böyük ehtiyac duyulur.
Ümidvarıq
ki, yazılı ədəbiyyatdakı bu kəsir aradan
qaldırılacaq, Qazax folklorunun sanballı, səviyyəli
topluları oxuculara təqdim olunacaqdır.
Əhməd İSAYEV
Azərbaycan.- 2010.- 20 iyun- S.
4.