Yeni nəşrlər

 

Cəlal Allahverdiyevin təqdimatında geniş ictimai auditoriyaya çıxarılan "İrəvan ədəbi mühiti" (1920-1950-ci illər) kitabı tariximizin və ədəbiyyatımızın, həmçinin mədəniyyət və incəsənətimizin bütövlükdə elmi, ədəbi təhlilə gətirilməsi nöqteyi-nəzərdən olduqca mühüm əhəmiyyət daşıyır. Müəllif kitabda Azərbaycan ədəbi mühitinin formalaşmasında və inkişafında böyük rol oynamış, milli iradə nümayiş etdirmiş ziyalılarının fəaliyyətindən, erməni şovinizminin əhatəsində azəri türklərinin üzləşdiyi ictimai-siyasi, eləcə də iqtisadi-sosial və mədəni problemlərdən söz açmaqla yanaşı, orada formalaşmış anadilli mətbuatın, maarif və təhsilin, ədəbiyyat və teatrın üzərinə düşən vəzifələrdən, onların necə yerinə yetirilməsindən bəhs edir.

Kitabın diqqətçəkən məqamlarından biri qədim yurd yerlərimizdə daşnak tör-töküntülərinin şovinist siyasətini təsdiqləyən materialların verilməsi, bütün dövrlərdə Azərbaycan ədəbi mühitinin canlanması üçün şair və yazıçıların xidmətlərinin təhlili ilə yanaşı, Ermənistan rəhbərliyinin buna daim mane olmasını əks etdirən faktlarla zənginliyidir. Tədqiqatlar göstərir ki, ötən əsrin otuzuncu illərinə qədər İrəvanda bədii əsər çap etdirmək qeyri-mümkün idi. Ozamankı qəzetlərin səhifələrində ictimai-siyasi mövzularda məqalələr, şeirfelyetonlar (təbii ki, dövrün tələbləri ilə səsləşdiyi üçün) ara-sıra dərc olunsa da, bütövlükdə bədii əsərlərin küll halında nəşrinə yazılmamış qanunlara görə qadağalar qoyulub. 1920-1931-ci illər ərzində Azərbaycan dilində bir ədəd belə bədii əsərin nəşr olunmaması məhz həmin siyasətdən irəli gəlirdi. Acınacaqlısı odur ki, 1988-ci il hadisələrindən sonra orada qalan türk ədəbiyyatı nümunələrinin taleyi məlum deyil. "Göyçə aşıqları", Nəsib Əfəndiyevin "Üçlər" romanı, Abbas Tahirin "Sona", Əbülfət İbrahimin "Bədii ədəbiyyat uğrunda", Abbas Azərinin "Gülümsəyən şəfəqlər" kitabları da bu qəbildən olan, daha doğrusu, mənimsənilən, repressiya ədəbiyyatına çevrilən, işğal edilən bədii sənət nümunələrindəndir.

 

* * *

 

 Son illər silsilə publisistik kitabların müəllifinə çevrilən, yazıçı-publisist Mustafa Çəmənlinin sənət çesməsindən durula-durula süzülüb gələn daha bir sənədli romanı əlimizdədir. Müəllifin stolüstü əsərlər sırasına daxil olacaq "Fred Asif" romanında Azərbaycan xalqının erməni daşnak, quldur dəstələrinin, sonra isə "nizamlı" ordusu ilə üz-üzə qaldığı günlərdə qeyrətini silaha çevirib düşmənə qarşı amansız mübarizə meydanına atılan, Vətənə tuşlanmış odsaçan güllələri sinəsinə sıxaraq şəhidlik zirvəsinə ucalan, qəhrəmanlığı, şücaəti barədə yetərincə yazılan, Azərbaycanın Milli Qəhrəmanı, "General Məhəmməd Əsədov mükafatı" laureatı Asif Məhərrəmovun keçdiyi ömürdöyüş yoluna ayna tutulur.

Fred Asifin həyat yollarının eniş-yoxuşlarını piyada gedən, lakin yorulub təntisə də, qədəmlərini bərkidib Qarabağın ağlı-qaralı, ağrılı-acılı günlərində torpaq uğrunda canlarını və qanlarını əsirgəməyən igid, qorxmaz oğulların döyüş yollarını salnaməyə çevirən Mustafa Çəmənli həm də "Mənim dünyamın adamları"nın "İtirilmiş səs"lərini eşitdikdən sonra bir daha əmin olur ki, "Səs qərib olmur". O, "Xallı gürzə"nin ovsunundan sonra "Muğam dünyasının Xanı"ndan soruşur ki, "Burdan bir atlı keçdi", gördünmü? "Mən olmayanda dostum ol", "Oxu, gözəl", "Nəğməli xatirələr"ində və "Sənətkar ömrünün izləri"ndə "Səsin ruhu" yaşayacaq...

 

 

Azərbaycan.- 2010.- 20 iyun- S.  6.