Bir gün eşidərsiz...

 

Aşıq ədəbiyyatı inciləri yaradan ustad sənətkarlar arasında sayılıb-seçilən klassiklərdən biri də Göyçə aşıq məktəbinin yetirməsi Aşıq Alı olub. Doğulduğu yurd, ulu Göyçə mahalı laylası telli sazla çalınan Aşıq, Şair Məmmədhüseyn, Aşıq Musa, Dədə Ələsgər, Zodlu Abdulla, Aşıq Nəcəf, Aşıq Əsəd, Növrəs İman, Şair Bəhmən, Xəyallı Həsən, Aşıq Aydın kimi neçə-neçə el nəğməkarı yetirib.

Aşıq ədəbiyyatı nümunələrində dövrün xoş ovqatlı anları ilə yanaşı, hicranın geniş yer alması heç də təsadüfi deyildir: "Aşıq gördüyün çağırır", - bunu atalarımız söyləyib. Aşıq Alıdan bizə qalmış yadigarları arasında da belə misralara az təsadüf olunmur. Bir sözlə, Göyçə aşıq məktəbinin klassiklərindən biri kimi tanınan Aşıq Alıdan bizlərə nələr qalmayıb: qoşma, gəraylı, təcnis, müxəmməs, divani, dastan ("Aşıq Alı və Əsmər", "Aşıq Alının Türkiyə səfəri")...

Ruhu, nəfəsi, sözü sazın sinəsinə köçən Aşıq Alının - Təcnis Alının "baxmaqdan savayı" gözünə nə qaldığını kimsə özündən savayı belə tutarlı deyə bilməzdi:

 

Havaya baxıram, hava məxşuşdu,

Gəzdiyim oylaqlar yadıma düşdü.

Bir gün eşidərsiz Alı da köçdü,

Sındı telli sazı, təzə nə qaldı...

 

Dövrünün qüdrətli saz-söz ustadları arasında öz dəst-xətti ilə seçilən, aşıq sənətinin incəliklərini qoşma və təcnislərində, gəraylı və müxəmməslərində göstərən Aşıq Alının yaradıcılığında dövrün ictimai-siyasi mənzərəsi öz əksini tapıb.

1800-cü ilin iyun ayında Göyçə mahalının Qızılvəng kəndində anadan olmuş Alı çox gənc yaşlarında aşıq sənətinin dərinliklərinə baş vurub. Aşıq sənəti incəliklərinə qədər mənimsəyərək o, xalq bilicisinə və el nəğməkarına çevrilib.

Aşıq Alının yaradıcılığında təcnis xüsusilə seçilir. Ümumiyyətlə, Göyçə aşıq məktəbi yetirmələrinin yaradıcılığında təcnis həmişə şah əsərə çevrilib. Aşıq Alı isə onların arasında parlayan dan ulduzunu xatırladır. Təcnis, digər şeir növləri kimi təkcə duyğuların poetik ifadəsi deyil. Burada həm də şairdən kamil bilik, Azərbaycan dilinin incəliklərinə bələdlilik tələb edilir. Antonimsinonim sözlərdən başı çıxmayan kimsə təcnisin nə olduğunu çətin ki, anlasın. Ona görə də daim hesab edilib ki, təcnis, aşıq şeir növləri arasında ən çətinidir. Aşıq Alının "Almasın" rədifli təcnisində bunu daha aydın hiss etmək mümkündür:

 

Bimürvət yar məni candan elədi,

Tutubdu dəstində ay qalmasın.

Yarın bağçasının seyrinə vardım,

Heç görmədim yarın ay almasın.

 

Bayram ayı demək olmaz hər aya,

Təbib gərək dərman edə həraya.

Şahlar şahı, özün yetir haraya,

Düşmən üstümüzə ayağ almasın.

 

Vətəndən cüda düşən el sənətkarı qəribliyin ağrılarını "Qaldı" rədifli qoşması ilə belə dilə gətirib:

 

Canım cida düşdü, gedir vətəndən,

Məkanım, məskənim virana qaldı.

Sanki ayrılıbdı güldən, çəməndən,

Bülbülün əlacı fəqana qaldı.

 

Aşıq Alının sazının sözünün sədası bütün türk ellərini dolaşmışdı. "Gedirəm" qoşmasında aşıq bu səfərinin heç könüllü olmadığına işarə vurur:

 

Alışır sinəmdə qəmli atəşim,

Düşəndə yadıma dostum, sirdaşım.

Gözləsin yolumu yarım, yoldaşım,

Sizə verib bir nişana gedirəm.

 

Aşıq Alının ədəbi sənət nümunələri təkcə sazın pərdələrinə sığınmayıb. Aşığın poeziya nümunələri bəstəkarların da diqqətini çəkmişdir. "Yalan oldu" gəraylısı da bu qəbildəndir.

Göyçə həsrətli, Qarabağ dərdli, Təbriz niskilli Aşıq Alının poeziyası təkcə zəmanəsinin deyil, bugünün aktual mövzularını özündə əks etdirir. Ona görə də yaşarlıdır, uzunömürlüdür.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.- 20 iyun- S.  6.