Azərbaycanda iqtisadi və sosial sahələrin paralel inkişafına xüsusi diqqət verilir

 

Azərbaycan dünya maliyyə böhranı şəraitində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi siyasət nəticəsində öz dinamik inkişafını qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, Azərbaycanda mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində heç bir çətinlik yaranmayıb. Hazırda ölkəmizin kifayət qədər valyuta ehtiyatları var və büdcə gəlirləri sabit şəkildə yığılır. Sözsüz ki, Azərbaycanın belə yüksək nailiyyətlər əldə etməsində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün neft strategiyası durur. Neft amili, Prezident İlham Əliyev tərəfindən də dəfələrlə qeyd edildiyi kimi, iqtisadi uğurlarımızın müəyyən edilməsində stimullaşdırıcı rol oynayır. Lakin bütün uğurlarımız təkcə neft amili ilə bağlı deyil. Burada əsas rolu ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən düzgün iqtisadi siyasət oynayır.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar bütün sahələrin dinamik inkişafına güclü təkan verib. Nəticədə ölkəmiz bütün sahələrdə qısa müddətdə böyük nailiyyətlərə imza atıb. Geniş imkanlarına görə neft sektorundan geri qalmayan kənd təsərrüfatı da düzgün iqtisadi siyasət sayəsində inkişaf prosesini yaşayır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən güzəştlərin edilməsi müsbət nəticələr verir. Hazırda ölkəmiz əsas qida məhsulları sayılan un, ət, toyuq, meyvə, tərəvəz və s.-nin idxalından demək olar ki, azaddır. Digər sektorlarda da böyük uğurlar göz qarşısındadır. Son illər ölkəmizdə tikinti, nəqliyyat, turizm, eləcə də İTK sahələrində böyük nailiyyətlər qazanılıb.

Prezident İlham Əliyev XVII Beynəlxalq Xəzər neft-qaz sərgisində demişdir: "Bu gün Azərbaycan enerji, yəni, neft-qaz amilindən daha da az asılı vəziyyətdədir və getdikcə bu asılılıq daha da azalacaqdır. Bizim iqtisadi nailiyyətlərimizin statistikası bunu əyani şəkildə göstərir. 2009-cu ilin rəqəmlərini götürsək, Azərbaycanda son illər ərzində aparılan işlərin elə bil ki, nümunəsini görərik.

Çünki 2009-cu ildə dünya üzrə neftin qiyməti 3-4 dəfə aşağı düşdü, iqtisadi və maliyyə böhranı, demək olar ki, bütün ölkələrə mənfi təsir göstərdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı keçən il 9 faizdən çox artmışdır.

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanın inkişafına mənfi təsir göstərməmişdir. Biz bütün sosial proqramları, bütün infrastruktur layihələri icra etdik".

Bu misalı ona görə xatırladırıq ki, bir çox ölkələr hələ də qlobal iqtisadi böhranın törətdiyi fəsadların aradan qaldırılması üçün mübarizə aparır. Maliyyə böhranının acı nəticələri indi də Avropa ölkələrində özünü kəskin şəkildə büruzə verir. Hazırda Yunanıstan, İspaniya və Portuqaliya böhranlı dövrlərini yaşayır.

Bütün bunların fonunda isə dünyanın müxtəlif maliyyə qurumları və iqtisadi sahədə təhlil aparan analitik mərkəzləri ölkəmiz barədə müsbət rəylər söyləyirlər. Bu fikir ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun "Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri" mövzusunda keçirilən konfransda bir daha vurğulanıb. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının aparıcı mütəxəssislərinin, ABŞ-ın nüfuzlu iqtisadçı təhlilçilərinin qatıldığı bu tədbirdə böhranın Mərkəzi Asiya və Qafqaz bölgəsində yerləşən 8 dövlətin iqtisadi və maliyyə sektoruna təsiri geniş müzakirə edilmişdir. Konfransda çıxış edən mütəxəssislərin əsas fikri belə olub ki, Azərbaycan qlobal maliyyə böhranından ən az zərər çəkən ölkədir. Ötən il dünyada bir çox dövlətlər maliyyə böhranı nəticəsində müxtəlif çətinliklərlə üzləşdiyi halda, Azərbaycanda milli valyutanın sabitliyi qorunub saxlanmaqla iqtisadi yüksəlişə nail olunub.

Konfransda çıxış edən Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya Departamentinin nümayəndəsi Ratna Sahay qeyd etmişdir ki, Azərbaycan nəinki maliyyə böhranından ən az ziyan çəkən ölkədir, hətta bəzi sahələrdə dinamik inkişaf edib. O, həmçinin vurğulayıb ki, ölkə buna düzgün iqtisadi siyasət nəticəsində nail olub. Ən önəmli cəhəti isə odur ki, ekspert ölkəmizdə əldə olunan iqtisadi inkişafı təbii sərvətlərimizin bolluğu ilə deyil, dövlətin apardığı düzgün iqtisadi siyasətlə əlaqələndirmişdir. R.Sahay misal olaraq göstərir ki, Rusiya ilə Qazaxıstanda Azərbaycandan daha çox neft hasil edildiyi halda, belə bir inkişafa nail ola bilməyiblər.

Beynəlxalq qurumların rəyləri Dövlət Statistika Komitəsinin bu ilin 5 ayı üzrə açıqladığı rəqəmlərlə də üst-üstə düşür. Dövlət Statistika Komitəsindən aldığımız məlumatda ölkəyə kapital qoyuluşunun ilbəil artdığı göstərilir. Cari il 5 ayın nəticələrinə əsasən, iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3012,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 11,3 faiz çox vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi tikinti işlərində istifadə edilmiş vəsaitin 65,4 faizini təşkil etmişdir. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar inşaat işlərinə 1831,7 milyon, qeyri-dövlət müəssisələri 1189,6 milyon manat vəsait sərf etmişlər. Məhsul istehsalı obyektlərinin inşasında 1538,4 milyon, xidmət sahələri üzrə obyektlərin tikintisində isə 1482,9 milyon manatlıq vəsaitdən istifadə olunmuşdur.

Ölkəmiz inkişaf etdikcə əldə edilən maliyyə qaynaqlarından iqtisadiyyatın dinamik inkişafına qoyulan kapital qoyuluşunun həcmi də artır. Əvvəlki illərdən fərqli olaraq kapital qoyuluşunda daxili investisiyalar üstünlük təşkil edir. Azərbaycan artıq dünya maliyyə qurumlarından müxtəlif şərtlər altında kredit götürmək asılılığından azad olmuşdur. İndi biz kredit alarkən həmin maliyyə qurumları qarşısında müxtəlif şərtlər qoyuruq. Məsələn, hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitin 77,7 faizini daxili, 22,3 faizini xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmişdir. Daxili mənbələrdən yönəldilən vəsaitdə dövlətin payı böyükdür. Daxili mənbələr hesabına yönəldilən vəsaitin 75,1 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 24,9 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.

Dünyada baş verən maliyyə böhranına baxmayaraq, dövlət iqtisadiyyatın müxtəlif sahələrinə kapital qoyuluşunu uğurla davam etdirir. Belə ki, cari ildə dövlət büdcəsindən inşaat işlərini həyata keçirmək üçün 3549 milyon manat ayrılması nəzərdə tutulmuşdur. Artıq 5 ayda onun 1022,7 milyon manatından istifadə edilmişdir.

Əsas kapitala yönəldilmiş sərmayədə dövlətlə yanaşı, bank, büdcədənkənar fondlar və əhali qrupu da yaxından iştirak edir. Hesabat dövründə əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 1586,1 milyon, bank kreditləri 93 milyon, büdcə vəsaitləri 1081,3 milyon, büdcədənkənar fondların vəsaitləri 152,5 milyon, əhalinin şəxsi vəsaitləri 108 milyon manat təşkil etmişdir.

Ölkəmizdə kapital qoyuluşu siyasəti planlı şəkildə həyata keçirilir. Sərmayə qoyularkən iqtisadiyyat və sosial sahələrin paralel inkişafına xüsusi diqqət yetirilir. Buna əmin olmaq üçün təkcə bu ilin əvvəlindən tikilib istifadəyə verilmiş obyektlərin siyahısına nəzər salmaq kifayətdir. Belə ki, bu dövrdə Naxçıvanda avtomobil zavodu, Cəlilabadda Göytəpə su anbarı, Biləsuvarda konserv zavodu, Salyanda soyuducu anbar kompleksi, Qəbələdə "Gilan" piano fabriki istifadəyə verilib. Eyni zamanda ümumi sahəsi 622,8 min kvadratmetr olan yaşayış evləri, 135 çarpayılıq xəstəxana, növbədə 40 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 260 şagirdlik ümumtəhsil məktəb binası, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi və 140 yerlik klub inşa olunub.

İqtisadiyyatın sürətli inkişafı, investisiyaların müvafiq qanunlarla qorunması xarici investorlar üçün Azərbaycanı cəlbedici ölkəyə çevirir. Buna görə də daxili maliyyə mənbələrinin zənginliyinə baxmayaraq, cari ilin yanvar-may aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 675,1 milyon manat təşkil edərək əvvəlki ilin müvafiq dövründəkindən 44,6 faiz çox olmuşdur. Ölkəmizin investisiya qoyuluşu sahəsində əsas tərəfdaşları Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə və Koreya kimi inkişaf etmiş ölkələrdır. Bu dövlətlərin ölkəmizə qoyulan xarici investisiyadakı payı 91,8 faizdir.

Ölkəmizin tikinti sektoru da dinamik inkişaf edir. Cari ilin əvvəlindən tikinti müəssisələri tərəfindən həyata keçirilən inşaat işlərinin həcmi əvvəlki ilin müvafiq dövründəkindən 22 faiz çoxdur. Tikinti sektorunda qeyri-dövlət mülkiyyətli tikinti şirkətlərinin fəaliyyəti daha genişdir. Hesabat dövründə yerinə yetirilmiş ümumi inşaat işlərinin 71 faizinin özəl sektor tərəfindən həyata keçirilməsi bunu aydın göstərir.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2010.-22  iyun- S.  1.