Bakıda İslam İnkişaf Bankı İcraedici Direktorlar Şurasının iclası olmuşdur

 

İyunun 20-də Bakıda İslam İnkişaf Bankının (İİB) İcraedici Direktorlar Şurasının prezidenti Əhməd Məhəmməd Əlinin sədrliyi ilə 268-ci iclası öz işinə başlamışdır.

Tədbirdə İİB Müdirlər Şurasının 35-ci İllik Toplantısına ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına dərin təşəkkür edilmiş, bankla Azərbaycan arasında sıx əməkdaşlığın olduğu vurğulanmışdır.

İclasın gündəliyinə bir sıra mühüm məsələlərin, o cümlədən İİB Qrupuna yeni üzv ölkələrlə strateji tərəfdaşlıq, xüsusən Türkiyə ilə imzalanmış tərəfdaşlıq sazişinin müzakirəsi daxildir.

Tədbirdə İİB Qrupunun İslahat Proqramının yerinə yetirilməsində əldə olunan nailiyyətlər üzrə hesabat, 2008-ci ilin iyununda İİB-in Müdirlər Şurasının Ciddə şəhərində keçirilən görüşündə verilən Ciddə bəyannaməsinin yerinə yetirilməsi üzrə hesabat və digər məsələlər nəzərdən keçirilmişdir. Xatırladaq ki, Ciddə bəyannaməsinə əsasən, ehtiyacı olan üzv ölkələrə beynəlxalq ərzaq böhranı ilə mübarizə aparmaqda yardım göstərmək məqsədilə 1,5 milyard ABŞ dolları ayrılmışdır.

İcraedici Direktorlar Şurasının iclasında iyunun 23-24-də Bakıda İslam İnkişaf Bankının Müdirlər Şurasının Maliyyə, İqtisadiyyat və Planlaşdırma nazirlərinin iştirakı ilə 35-ci İllik Toplantının keçirilməsi istiqamətində görülən işlər müzakirə olunmuşdur.

Bundan əlavə, bir sıra inzibati texniki məsələlər, bir sıra üzv ölkələrdə yeni inkişaf layihələrinin maliyyələşdirilməsi, banka üzv olmayan ölkələrdə müsəlman icmaları üçün qrant yardımlar da müzakirə edilmişdir.

İyunun 20-də həmçinin Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası, İnvestisiyaİxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, İnkişaf naminə İslam Həmrəylik Fondunun illik iclasları keçirilmişdir.

 

 

Azərbaycan.- 2010.-  22 iyun- S.  2.