Bakıda "İslam İnkişaf Bankı Qrupu tərəfindən təmin olunmuş maliyyələşdirmə və imkanlar" mövzusunda seminar

 

İyunun 21-də Bakıda, "Gülüstan" sarayında "İslam İnkişaf Bankı Qrupu tərəfindən təmin olunmuş maliyyələşdirmə və imkanlar" mövzusunda seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə açan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Birama Sidibe İİB-nin MDB məkanında, xüsusilə də Azərbaycanda müxtəlif sahələr üzrə həyata keçirdiyi layihələr haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan MDB ölkələri arasında İİB-ə üzv olan ilk ölkədir. B.Sidibe vurğulamışdır ki, İİB iqtisadi cəhətdən sürətlə inkişaf edən Azərbaycanda layihələr həyata keçirməkdən məmnundur.

Tədbirdə çıxış edən "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev bildirmişdir ki, İİB ilə "Azərenerji" ASC arasında uzunmüddətli, məhsuldar əməkdaşlıq mövcuddurbu əməkdaşlığın nəticəsi olaraq bir sıra birgə layihələr həyata keçirilmişdir. Bu layihələr sırasında Mingəçevir Su Elektrik Stansiyasının bərpası, "Xaçmaz" yarımstansiyasının inşası və "Cənub" elektrik stansiyasının tikintisi kimi layihələr xüsusi əhəmiyyətə malikdir. Bildirilmişdir ki, İİB hesabına maliyyələşdirilən və "Azərenerji" ASC tərəfindən həyata keçirilən layihələr üzrə kreditlərin ümumi məbləği təxminən 300 milyon dollar təşkil edir. E.Pirverdiyev həmçinin qeyd etmişdir ki, son dövrlərdə Azərbaycanda alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalına ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. Azərbaycanda təmiz enerji istehsalı sahəsinin inkişafına hərtərəfli dövlət qayğısı İİB ilə gələcəkdə bu sahədə birgə layihələrin reallaşdırılması üçün əlverişli şərait yaradır.

Seminar İİB-nin MDB ölkələrində həyata keçirdiyi layihələr üzrə məruzələrlə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 iyun- S.  2.