ATƏT ilə hüquqi əməkdaşlıq yüksək səviyyədədir

 

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorellə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın ATƏT ilə sıx əməkdaşlığını vurğulayan nazir respublikamızda aparılan məhkəmə-hüquq islahatlarından danışaraq həyata keçirilən tədbirlərdə, o cümlədən hakimlərin seçimi və tədrisində ATƏT-in fəal iştirakını qeyd etmiş, ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə faydalı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.

Ölkəmizlə hərtərəfli, xüsusilə hüquqi sahədə səmərəli əməkdaşlığı təqdir edən qonaq ədliyyə və məhkəmə sahəsində əldə olunmuş uğurları yüksək qiymətləndirmiş, xüsusilə Məhkəmə-Hüquq Şurası ilə birgə tədris tədbirlərinin müsbət nəticələrini, habelə penitensiar sistemin şəffaflığını qeyd edərək cəzaçəkmə müəssisələrinə başçəkmələrin həyata keçirilməsi üçün hər cür şərait yaradılmasından məmnunluğunu bildirmişdir. Əməkdaşlığa dair konkret təkliflər irəli sürən B.Cankorel Azərbaycanın hüquqi nailiyyətlərini alqışlamışdır.

Görüşdə, həmçinin yuvenal ədliyyənin inkişafı, qeydiyyat və məhkəmə qərarlarının icrası sahəsində əməkdaşlıq, inzibati ədliyyənin formalaşdırılması, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, hüquqşünasların xarici ölkələrə tədris səfərlərinin təşkili və s. məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 22 iyun- S.  3.