Azərbaycan iqtisadiyyatı
növbəti illərdə də uğurla
inkişaf edəcək
Bu fikir
Türkiyə və Orta Şərq
İdarəçilik İnstitutunun baş direktoru Eyyup Günay İşbirə
məxsusdur
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) bu günlərdə "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Türkiyə və Orta Şərq İdarəetmə İnstitutunun, Mərmərə Universitetinin, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin və başqa təhsil müəssisələri nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
Türkiyə və Orta Şərq İdarəçilik İnstitutunun baş direktoru professor Eyyup Günay İşbir əməkdaşımızla söhbətində elmi-praktiki konfransın əhəmiyyətindən danışmış və qlobal maliyyə böhranı şəraitində Azərbaycanın iqtisadi inkişafı və tətbiq etdiyi antiböhran siyasətinin dünyada maraqla qarşılandığını bildirmişdir:
- Azərbaycan hökumətinin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, bu ölkə qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. Dünya miqyasında böhranla mübarizə məqsədilə həyata keçirilmiş tədbirlərin təhlili göstərir ki, xarici və daxili borcu az olan, eyni zamanda yüksək maliyyə-valyuta ehtiyatlarına malik ölkələr böhrana daha hazırlıqlı və dayanıqlıdırlar. Həqiqətən Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olması və dayanıqlığı, habelə ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasət dünya böhranının nəticələrini digər ölkələrlə müqayisədə daha asan dəf etməyə imkan yaratmışdır.
Azərbaycanın qlobal böhrandan maksimum az itki ilə çıxan ölkələrdən olması düzgün aparılan iqtisadi siyasətin nəticəsidir. Maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştiraka ölkənin ehtiyatlı yanaşması qlobal maliyyə böhranının respublikaya təsirini zəiflədən əsas amillərdəndir. Dövlət İdarəçilik Akademiyasında "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçirilməsi də bu baxımdan olduqca önəmli hadisədir. Beynəlxalq tədbirdə qlobal maliyyə böhranından qurtarmağın yolları, dövlət idarəetmə sistemində antiböhran siyasət, eləcə də bu sahədə dünya təcrübəsi və Azərbaycan modeli araşdırılaraq müəyyən nəticələrə gəlinmişdir. Azərbaycanda olmağımın digər mühüm səbəbi isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Türkiyə və Orta Şərq İdarəçilik İnstitutu arasında birgə əməkdaşlığa dair protokolun imzalanmasıdır. Birgə razılaşmaya əsasən, Qafqaz İctimai Tədris və Araşdırma Mərkəzini qurmaq nəzərdə tutulub. Bu qurumun yaradılması Azərbaycan və Türkiyə arasında qeyd edilən sahədə yeni inkişaf mərhələsinin başlanmasına imkan yaradacaq. Ölkələrimiz böhran vaxtı və böhrandan sonrakı mərhələdə əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməklə bundan çıxış yollarını tapacaqlar.
Dünyada hələ də maliyyə böhranı yaşanmaqdadır. Dünya ölkələri bu böhrandan qurtarmaq üçün ən müxtəlif formatlı qurumlar yaratmaqla yaranmış vəziyyətdən çıxmağa çalışırlar. Lakin bu cəhdlər çox zaman müsbət nəticələrə gətirib çıxarmır. Məmnuniyyətlə deyə bilərəm ki, Türkiyə və Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində qlobal maliyyə böhranından az itki ilə çıxmaq mümkün olmuşdur. Avropa Birliyinə daxil olan ölkələr isə maliyyə böhranı ilə mübarizədə bir-birlərinə dəstək versələr belə, hələ də ciddi nəticələr əldə edə bilməyiblər. Məsələn, Yunanıstanda maliyyə böhranının ən ağır fəsadları özünü büruzə verir. İspaniya isə maliyyə böhranından yaxa qurtarmaq üçün hələ də yeni yollar axtarır. Ona görə də ölkələr birgə əməkdaşlıq mərkəzləri yaratmağa üstünlük verirlər. Bunun çox önəmli olması qənaətindəyəm. Türkiyə və Orta Şərq İdarəçilik İnstitutu da Fransa, Pakistan, Çinin analoji institutları ilə protokol imzalayıb. O cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə də protokolun imzalanmasını əhəmiyyətli sayırıq. Qafqaz İctimai Tədris və Araşdırma Mərkəzinin fəaliyyətə başlaması ilə bu sahədə mühüm nəticələrin əldə olunacağına inanıram. Bu toplantının davamının növbəti ildə Türkiyədə təşkil olunması ilə bağlı Azərbaycan tərəfi ilə razılığa gəlmişik.
- Eyyup bəy, beynəlxalq tədbir qlobal maliyyə böhranının və dövlət idarəetmə sistemində antiböhran siyasətinə həsr olunmuşdu. Maliyyə böhranından maksimum az itki ilə çıxmaq üçün təklif etdiyiniz yeni model barədə məlumat verməyiniz maraqlı olardı.
- Bu mövzuda beynəlxalq tədbirlərin keçirilməsi problemlə bağlı məsələyə fərqli yanaşmaları ortaya qoyur və onun müsbət mənada çözümünə yardımçı olur. Aparılan müzakirələrdə problemdən qurtarmaq üçün mən də bir model təklif etdim. Burada söhbət özəl sektorla ictimai sektorun işbirliyindən gedir. Özəl şirkətlərin dövlət dəstəyi olmadan qlobal maliyyə böhranından qurtulması mümkün deyil. Belə ki, hər iki tərəf qarşılıqlı güzəştlər əsasında məsələni həll edir. Hər hansı şirkət maliyyə böhranı səbəbindən işçilərini çıxarırsa, dövlət həmin an bir sıra maraqlı təkliflərlə çıxış edir. Yəni, dövlət şirkətlərə bir sıra imtiyazlar verməklə, vergi güzəştləri tətbiq etməklə işçilərə yardımçı olur. Qarşılıqlı anlaşmalar son nəticədə problemin çözümünə müsbət təsir göstərir. Bundan isə həmin dövlətin vətəndaşları faydalanır.
- Azərbaycandan hansı təəssüratlarla ayrılırsınız. Ümumiyyətlə, qlobal maliyyə böhranı şəraitində Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurları necə dəyərləndirərdiniz?
- Azərbaycana ilk olaraq 1997-ci ildə gəlmişdim. Orta Asiya ölkələrinə səfərdən qayıdan zaman Bakıda olmuşdum. Azərbaycanın bütün sahələr üzrə inkişaf etdiyinin bir daha şahidi oldum. Hava limanından yerə enən zaman bu inkişafın şahidi olmaq mümkündür. Dünya maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı təqdirəlayiq haldır. Konfrans zamanı məlumat əldə etdim ki, Azərbaycanda qlobal maliyyə böhranı zamanı da ümumi daxili məhsulda artım əldə edilmişdir. Qeyd edim ki, dünyanın inkişaf etmiş ölkələrində bu baxımdan vəziyyət heç də ürəkaçan deyil. Bu inkişafda Prezident İlham Əliyevin rolu çox böyükdür. Hesab edirəm ki, ölkənizin tutduğu iqtisadi inkişaf xətti düzgündür və gələcəkdə daha böyük nailiyyətlərin əldə olunmasına imkanlar açacaqdır.
Söhbəti yazdı: E.HACIALIYEV
Azərbaycan.- 2010.-22
iyun- S. 4.