Teatr festivaldan qayıdıb

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nüfuzlu beynəlxalq tədbirlərdə uğurlu çıxışları onun yeni-yeni ölkələrdən dəvət almasına səbəb olmuşdur.

Teatr belə dəvətlərdən birini də Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərində keçirilən "Bosporskie aqonı" XII Beynəlxalq Antik İncəsənət Festivalının Təşkilat Komitəsindən almışdır. Teatrın 11 nəfərdən ibarət heyəti iyunun əvvəlində Simferopola yola düşmüşdür.

Onlar Krım Tatar Akademik Musiqili Dram Teatrında keçirilən müsabiqəyə qatılmışlar. Sevindirici haldır ki, orada teatrın kollektivinə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Krım Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Bosporskie aqonı" XII Beynəlxalq Antik İncəsənət Festivalının Təşkilat Komitəsinin diplomunu, eləcə də Krımdakı Azərbaycan icmasının təşəkkürnaməsini təqdim etmişlər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının uğurlu tamaşalarından biri, görkəmli Braziliya dramaturqu Qilyermo Fiqeyredonun "Ezop" tamaşası (rejissor xalq artisti, professor C.Səlimova) göstərilmişdir. Tamaşaçılar əməkdar artistlər İlqar Cahangirov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, İradə Rəşidova, Vüsal Mehrəliyev, Rövşən Abbasov, eləcə də digər aktyorların çıxışını alqışlarla qarşılamışlar. Əsəri rus dilinə Səriyyə İsmayılova tərcümə etmişdir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kollektivinin çıxışları Krımın müxtəlif televiziya kanallarnın da diqqət mərkəzində olmuş, kollektiv üzvlərindən müsahibələr alınmışdır.

Festivalın təntənəli bağlanışı qədim Simferopolun mərmər mağaralarında olmuşdur. Həmin tədbirdə Krım Muxtar Vilayəti Nazirləri Sovetinin sədr müavini, festivalın təşkilat komitəsinin sədri, Ukraynanın əməkdar mədəniyyət işçisi T.Omirxina, "Bospor" fondunun direktor müavini Y.Kremenko, münsiflər heyətinin sədri L.N.Kadırova festivalın beynəlxalq əhəmiyyətindən danışmışlar. Sonra Krımın, Ukraynanın incəsənət ustaları və özfəaliyyət kollektivlərinin çıxışları olmuş, mükafatların təqdimatı keçirilmişdir. Bunu ən yaxşı antik tamaşaya görə mükafatdiplom alan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının beynəlxalq teatr festivalında növbəti uğurlu qələbəsi hesab etmək olar.

 

 

Zəkurə QULİYEVA

 

Azərbaycan.- 2010.- 22 iyun- S.  6.