Toğrul Nərimanbəyovun 80 illik yubileyi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2010-cu ilin avqust ayında müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Toğrul Fərman oğlu Nərimanbəyovun anadan olmasının 80 ili tamam olur.

Toğrul Nərimanbəyov mahir boyakar, monumentalçı və teatr rəssamı kimi öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın yaradıcılığı qısa müddətdə böyük şöhrət qazanmışdır. Onun əsərləri müxtəlif muzeykolleksiyalarda nümayiş etdirilərək gənc rəssamlar nəslinin formalaşmasına müsbət təsir göstərməkdədir.

Görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 80 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Toğrul Nərimanbəyovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.-  23 iyun- S.  1.