XXX Yay Olimpiya Oyunlarına
hazırlıq haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Müstəqil Azərbaycan
Respublikasında Olimpiya hərəkatı ildən-ilə
geniş vüsət alır. Ölkəmizin
idmançılarının 2008-ci il Pekin Olimpiadasında 1
qızıl, 2 gümüş və 4 bürünc medal əldə
edərək böyük nailiyyət qazanması bunun parlaq təcəssümüdür.
Böyük Britaniyanın London şəhərində 2012-ci ildə keçiriləcək növbəti XXX Yay Olimpiya Oyunlarına Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin müvafiq idman federasiyaları tərəfindən hazırlıq işləri aparılır. Müxtəlif irimiqyaslı yarışlarda idmançılarımızın son dövrlərdəki qələbələri və yeni gənc idmançılar nəslinin aşkar olunan potensial imkanları bu Olimpiya Oyunlarında yüksək nəticələr göstərilərək, əvvəlki mövqelərin daha da yaxşılaşdırılacağına inam yaradır.
Azərbaycanın milli olimpiya komandasının 2012-ci ildə London şəhərində keçiriləcək XXX Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanması, bu mərhələdə onların rəsmi beynəlxalq yarışlara qatılması, lisenziyaların qazanılması və idmançıların London Olimpiadasında iştirakının lazımi səviyyədə təmin olunması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXX Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
1.2. Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 22 iyun
2010-cu il
Azərbaycan.- 2010.- 23
iyun- S. 1.