Nazirlər Kabinetində qəbul

 

İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bakıda səfərdə olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) prezidenti Kanayo Nvanzeni qəbul etmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səmimi keçən görüş zamanı hər iki tərəf Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu məmnunluqla qeyd etmişdir. Son illər İFAD-ın Azərbaycan hökumətinin yaxından dəstəyi ilə respublikamızda kənd təsərrüfatının inkişafı, aqrar sektorda islahatların aparılması və torpaqların özəlləşdirilməsi istiqamətində iki böyük layihə işləyib həyata keçirdiyi vurğulanmışdır. Digər iki layihənin icrası isə uğurla davam etdirilir.

Azərbaycan hökumətinin İFAD ilə belə səmərəli əməkdaşlığına yüksək qiymət verən qonaq, ölkə rəhbərliyinə xüsusi minnətdarlığını ifadə edərək nəzərə çatdırmışdır ki, növbəti ildə bütün dünya üçün aktual olan yoxsulluğun aradan qaldırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində daha bir layihənin icrasına hazırlıq gedir. Yeni layihənin İFAD təşkilatı region ölkələri arasında ilk dəfə məhz Azərbaycanda həyata keçirəcəkdir.

Görüşdə kənd təsərrüfatının aktual problemlərinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov qəbulda iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-23 iyun- S.  1.