Azərbaycanda ictimai
və humanitar elmlərin problemlərinə
mükəmməl nəzəri-konseptual yanaşma
Akademik Ramiz Mehdiyevin "İctimai və
humanitar elmlər:zaman kontekstində
baxış" kitabı haqqında qeydlər
Son dərəcə mürəkkəb və ağır proses kimi xarakterizə edilən keçid dövrünü geridə qoyaraq modernləşmə prosesinin yeni keyfiyyət mərhələsinə transformasiya edən müstəqil Azərbaycanın bütövlükdə regionda ən qüdrətli dövlətlərdən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf modelinə əsaslanır. Sosial-iqtisadi, mədəni sahələrdə yüksək tərəqqiyə nail olan, sürətlə yeniləşərək qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən respublikamız özünəməxsus inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir.
Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, sosial həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi kimi Azərbaycan son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana qətiyyətlə sinə gərən dövlətləri sırasında yüksəlmişdir. Cənab İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin yaratmışdır.
İnsan kapitalının formalaşdırılmasını prioritet məqsəd kimi önə çəkən, dövlətin innovasiya inkişafında müasir biliklərin roluna mühüm yer ayıran bu iqtisadi siyasətin elmi cəhətdən təhlili və əsaslandırılması qazanılmış uğurların davamlılığının təmini baxımından son dərəcə zəruridir. Postkeçid dövrünün paradiqmalarının elmi cəhətdən əsaslandırılması və proqnozlaşdırılması üçün ilk növbədə respublikanın son 15 ildə inamla gerçəkləşdirdiyi iqtisadi islahatları elmi təhlil prizmasından dəyərləndirməyə, əldə olunan nəzəri-təcrübi, fəlsəfi qənaətləri ümumiləşdirməyə, siyasi idarəetmədə, mühüm qərarların qəbulu prosesində elmi proqnozlara istinad etməyə ehtiyac duyulur. Sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu istiqamətə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi dayanır.
Bu da təsadüfi deyildir ki, son illərdə alimlər, filosoflar Azərbaycan elminin qarşısında duran başlıca vəzifələri, hədəfləri yeni dövrün reallıqları prizmasından göstərməyə çalışırlar. Bu xüsusda elmlə iqtisadiyyatın qarşılıqlı təsir mexanizmləri əsasında qırılmaz vəhdətinin təmini, innovativ biliklərə, nanotexnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, müxtəlif elm sahələrinin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi, qloballaşma dövründə xalqın etnik identikliyini şərtləndirən mənəvi-mədəni dəyərlərin qorunub saxlanılmasında ictimai və humanitar elmlərin geniş imkanlarının səfərbər edilməsi aktual məsələlər kimi nəzərdən keçirilir. Lakin danılmaz həqiqətdir ki, həmin tədqiqatların heç biri elmi-nəzəri, fəlsəfi məzmun yükünə, sanbalına, əhatəliliyinə, faktoloji zənginliyinə, problemlərə açıq və obyektiv təhlili yanaşmasına görə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi ilə müqayisəyə gəlmir.
Dərin elmi araşdırmaların, müşahidələrin nəticə kimi ərsəyə gəlmiş həmin məqalədə milli humanitariyanın ideya əsasları, ictimai şüura təsir edən effektiv humanitar texnologiyalar, milli mədəni-mənəvi oriyentasiya məsələləri, əski ideologiya və milli məfkurə kimi ciddi problemlər qaldırılmış, ilk növbədə humanitar və ictimai elmlərin qarşısında duran prioritet vəzifələr müəyyənləşdirilmişdir. Azərbaycan cəmiyyətinin ən müxtəlif problemləri ilə bağlı çoxsaylı sanballı əsərlərin müəllifi olan akademik Ramiz Mehdiyev görkəmli ictimaiyyətşünas alim kimi sözügedən məqalədə ictimai və humanitar elmlərin real mənzərəsini konseptual təhlilə cəlb etməklə yanaşı, onların cəmiyyət həyatına fəal nüfuzetmə, təsir imkanlarını da dəyərləndirmişdir. Eyni zamanda yüksək dövlətçilik, vətənpərvərlik və milli-intellektual təəssübkeşlik baxımından bu sahələrdə müşahidə olunan əsas nöqsanları göstərmiş, müvafiq elmi-tədqiqat institutlarının yeni dövr üçün vəzifələrini diqqətə çəkmiş, bununla da ölkənin intellektual kəsimini açıq fikir mübadiləsinə, müzakirələrə dəvət etmişdir.
Ümumən elm sahəsində mövcud vəziyyəti - uğur və çatışmazlıqları, problemləri konseptual yanaşma və ümumiləşdirmə yolu ilə diqqətə çəkən məqalə məhz bu kimi məziyyətlərinə görə ilk gündən elmi mühitdə səmərəli müzakirələrə, diskussiyalara rəvac vermişdir. Respublikanın tanınmış elm xadimləri, ayrı-ayrı tədqiqatçılar, filosoflar, siyasətşünaslar, müəllimlər, yazıçılar, jurnalistlər Azərbaycan elminin mövcud problemlərinin aradan qaldırılmasına yeni imkanlar açan, ictimai fikri intellektual sferada həllini gözləyən aktual məsələlərə yönəldən "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi ilə bağlı dəyərli fikirlərini, təkliflərini, rəylərini bildirməyə ehtiyac duymuşlar. İctimai və humanitar elmlərin hazırkı durumunun kifayət qədər müxtəlif baxış prizmasından təhlilə cəlb edilməsi isə bu sahələrin üzləşdiyi mövcud problemlərin obyektiv şəkildə ictimaiyyətə çatdırılması, onların real həll mexanizmlərinin tapılmasına imkan verən səmərəli təkliflərin irəli sürülməsi baxımından da son dərəcə əhəmiyyətli olmuşdur.
Məqalənin aktuallığı həm də onunla şərtlənirdi ki, qısa müddətdə nəinki regionun, hətta Avropanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilən Azərbaycan elmi-texniki tərəqqinin ən yüksək səviyyəsinə nail olmağı, insan kapitalının formalaşdırılmasını özünün strateji hədəflərindən biri kimi müəyyənləşdirmişdir. Son 7 ildə dövlət büdcəsi vəsaitlərinin əhəmiyyətli dərəcədə artımı elm sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir çox problemlərin hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, bu strateji sahələrə dövlət investisiyalarının həcmcə artımını təmin etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 oktyabr 2009-cu il tarixli "Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında" sərəncamları da məhz elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılmasına xidmət edir.
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsinin müzakirəsi prosesində həm ictimai və humanitar elm sahələrinin inkişafına təkan verəcək, həm də onun ictimai-siyasi, sosial proseslərdə fəal iştirakına imkan yaradacaq zəngin elmi-nəzəri irs yaranmışdır. Elmi mühiti yaxşı mənada silkələyən məqalədə irəli sürülən tezis və prinsiplər əsasında qələmə alınan ayrı-ayrı sanballı yazılar cəmiyyətdə Azərbaycan elminin real vəziyyəti, gerçək potensialı, imkanları ilə bağlı dolğun və obyektiv təəssüratın formalaşması baxımından əhəmiyyətlidir.
Bu müzakirələrin ictimaiyyətin diqqətinə çatdırılmasında fəal mövqe tutan "Azərbaycan" qəzeti akademik Ramiz Mehdiyevin elmimizin keçmişinə, bugününə və sabahına mükəmməl elmi-fəlsəfi yanaşma olan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsini və ona verilmiş rəylərin aktuallığını, habelə xalqın, dövlətin mənafeyi baxımından əhəmiyyətini nəzərə alaraq onların kitab şəklində nəşrini məqsədəuyğun saymışdır. "Oskar" nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatda işıq üzü görən "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan kitabın ictimai dəyəri ilk növbədə onunla şərtlənir ki, burada bütövlükdə ölkə elminin inkişaf perspektivləri ilə bağlı qiymətli təkliflərin yer aldığı çoxsaylı müəllif məqalələri toplanmışdır. İki fəsildən ibarət kitabın giriş hissəsində Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi, habelə "Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir" sərlövhəli müsahibəsi yerləşdirilmişdir. Kitabın I və II fəsillərində isə sözügedən məqalənin müzakirəsi ilə bağlı keçirilmiş "dəyirmi masa"lar, habelə müəllif yazıları əksini tapmışdır.
Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi ətrafında aparılan təhlil və müzakirələrdə ilk növbədə bu məqama diqqət çəkilir ki, hazırda ictimai-fəlsəfi fikrin pozitiv məcrada inkişafında lokomotiv rolunu oynayan ictimai və humanitar elm sahələrinin müasirləşməsi, yeni dünya nizamının gerçəkliklərinə cavab verən elmi inkişaf prioritetlərinin müəyyənləşdirilməsi obyektiv tələbata çevrilmişdir. Söhbət, əslində, ictimai-humanitar elm sahələrində sanballı elmi tədqiqatların olmamasından deyil, mövcud potensialın müasir tələblərə uyğun konsolidasiyasından, optimal idarə edilməsindən gedir. İctimai və humanitar elm sahələri mövcud bədii və ictimai fikir tarixini, ümumən mədəniyyət tarixini faktoloji materialın təsviri metodologiyası, yaxud metodologiyasızlığı ilə deyil, düzgün müəyyənləşdirilmiş milli konsepsiya işığında təqdim etməlidir. Akademik Ramiz Mehdiyevin vurğuladığı kimi: "Dünya elminə inteqrasiya mərhələsində olduğumuz indiki vaxtda ictimai və humanitar elmlər sahəsində islahatların başlıca spesifikası müəyyənləşdirilməlidir. Bu elmlər hazırkı fazanın əsas xüsusiyyətlərini araşdırmalı və yeni ideyalar irəli sürməlidir".
Kitabda toplanmış məqalələrin əksəriyyətində rast gəlinən bu fikirlə də tam razılaşmaq olar ki, hazırkı mərhələdə azərbaycançılıq ideologiyası ruhunda köklənən, mütərəqqi milli və bəşəri dəyərləri əxz edən yeni intellektual elitanın formalaşmasında əsas ağırlıq məhz humanitar və ictimai elmlərin üzərinə düşür. Dövlətin milli varlığını - dilini, tarixini, ədəbiyyatını, folklorunu, mədəniyyətini, bir sözlə, milli-mənəvi özünəməxsusluğunu elmi səviyyədə araşdıran, tədqiqat və təhlil obyektinə çevirən humanitar və ictimai elmlərin yeni dövrün tələbləri səviyyəsində inkişafı ümumən Azərbaycanın dövlətçilik ideologiyasının düzgün məcrada inkişafı nöqteyi-nəzərindən vacibdir. Bu məqama diqqət çəkən akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" əsərində haqlı olaraq yazır: "Biz daim böyük fəxrlə deyirik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş etmişdir. Onun fəlsəfəsi hər bir azərbaycanlıya imkan verir ki, o, azərbaycanlı olduğunu qürur hissi ilə desin. Lakin gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsi prosesi heç də problemsiz deyildir. Gənclərimizin əsl azərbaycanlı kimi tərbiyəsi bizim vətəndaşlıq borcumuzdur və xalqımızın gələcəyi deməkdir. Müasir dünyada vəzifələrimizin öhdəsindən layiqincə gələ bilməyimiz üçün aidiyyəti elmi qurumlar azərbaycançılıq məfkurəsinin nəzəri-konseptual əsaslarını işləyib hazırlamalıdırlar. Gənclərimizin milli və müasir ruhda tərbiyəsi məsələləri də həmin fəaliyyət proqramının tərkib hissəsi olmalıdır".
"İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabında məqaləsi yer alan müəlliflər bu fikri də xüsusi önə çəkirlər ki, ictimai və humanitar elmlər qloballaşma proseslərinin mənfi təzahürlərinə qarşı daha səmərəli tədqiqatçılıq metodologiyası ilə müqavimət göstərməli, bütün potensiyası ilə milli identikliyi qorumağa çalışmalıdır. Bu zərurət, ilk növbədə, Azərbaycanın Avratlantik məkana inteqrasiya yolunda olan dövlət kimi sivil Qərb mədəniyyətinin təsirlərinə məruz qalması ilə şərtlənir. Bəşəriyyətin tarixi təkamül prosesinin hazırkı siyasi epoxası üçün səciyyəvi olan qloballaşma dalğası bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış etnik təfəkkür və düşüncə sisteminin, milli-mənəvi dəyərlərin total təhdidlərə, ideya avtoritarizminə məruz qalması ilə müşayiət olunur. Belə şəraitdə milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi bütün dünya ölkələrində mənəviyyat problemlərini kəskinləşdirmişdir. Tranzitar proseslərin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunmasını çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Bəlkə də bu zərurətin dərkindən doğan həqiqətin nəticəsidir ki, indi ayrı-ayrı xalqların etnik-mənəvi kökünə dönüşü sürətlənir, antiqloballaşma hərəkatı güclənir. Bu ziddiyyətli meyillər fonunda xalqımıza xas zəngin düşüncə sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi ilə bağlı fikir və düşüncələr də xüsusi aktuallıq kəsb edir.
Praqmatik siyasətçi kimi bu reallığı güzgün qiymətləndirən dövlət başçısı İlham Əliyev hələ AMEA-nın 2005-ci ilin dekabrında keçirilmiş 60 illik yubileyində, eləcə də Azərbaycan Ensiklopediyasını hazırlayan redaksiya heyəti ilə görüşdə çıxış edərkən elm xadimlərini qloballaşan dünyanın yeni çağırışlarına hazır olmağa, elmi tədqiqatlarda milli maraq və mənafeləri maksimum dərəcədə nəzərə almağa çağırmış, müasir dövrdə xüsusən də humanitar-ictimai elm sahələrinin qarşısında yeni vəzifələrin dayandığını vurğulamışdır.
Diskussiyalara qoşulan ziyalı elitası bu tezisin üzərində də xüsusi dayanır ki, Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatdığı hazırkı mərhələdə sosial, iqtisadi, hüquqi, siyasi və mədəni sahələrdə həyata keçirilən mürəkkəb və çoxqatlı islahatların ictimai düşüncədə obyektiv dərkinə təminat yaradan mühüm amillərdən biri də respublikanın müasir fəlsəfi-siyasi fikrinin elmi əsaslarla araşdırılması, əldə olunan pozitiv nəticələrin praktik şəkildə tətbiqidir. Milli iqtisadiyyatın keçmiş planlı-təsərrüfat sisteminin seqmentlərindən tamamilə xilas olduğu, azad bazar prinsiplərinə uyğunlaşdırıldığı postkeçid mərhələsi cəmiyyətin ən mühüm, aparıcı sahəsi olan elm və təhsil qarşısında da mahiyyətcə yeni vəzifələr müəyyənləşdirir.
Müasir elmi nəzəriyyələr də göstərir ki, cəmiyyətin sosial-iqtisadi sferası digər sahələrlə sıx şəkildə bağlıdır. Onların bir-biri ilə uyğunlaşmayan inkişafı isə sonda ciddi ziddiyyətlərə və sosiumun dağılmasına gətirib çıxarır. İqtisadi sahə keyfiyyətcə yeni səviyyəyə keçirsə, sosial-mədəni sahə də eyni yeniləşmə ilə ayaqlaşmalı, hətta iqtisadi sıçrayışın hərəkətverici qüvvəsinə çevrilməlidir. Müasir mərhələdə yeni sintetik elmi metodologiyalara əsaslanan modellər cəmiyyətin bütün sahələri arasında sıx bağlantıların olduğunu sübut edir. Bu mənada, Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatması sosial-mədəni, siyasi, ideoloji və başqa sahələrdə də ciddi yeniləşmələr tələb edir. İlk növbədə iqtisadi inkişafın yaratdığı keyfiyyətcə yeni sosiomədəni mühitin fəlsəfi-elmi cəhətdən təhlili son dərəcə vacibdir.
Hazırda Azərbaycanın bazar iqtisadiyyatı sisteminə sürətli transformasiyasının spesifik cəhətləri, daha dəqiqi, "İnkişafın Azərbaycan modeli" ilə bağlı müzakirələrə dünyanın nüfuzlu elm mərkəzlərində də kifayət qədər həssaslıqla yanaşılır. Bu kontekstdə ölkənin elm xadimləri akademik Ramiz Mehdiyevin bu fikri ilə də şərikdir ki, Azərbaycanın özünəməxsus milli inkişaf modeli elmi tədqiqatlarda dərindən araşdırılmalı, onun nəzəri-fəlsəfi əsasları işlənib hazırlanmalıdır. Azərbaycanın iqtisadi sahədəki nailiyyətləri təkcə iqtisadiyyatın deyil, həm də politologiya, siyasi sosiologiya, fəlsəfə kimi ictimai elmlər vasitəsilə təhlilə cəlb olunmalıdır. Müasir politologiya və siyasi fəlsəfə cərəyan edən hadisə və proseslərin mahiyyətini, onlarin qarşılıqlı təsir imkanlarını araşdırmaqla yanaşı, idarəçilik üçün səmərəli futuroloji proqnozlarla çıxış etməlidir.
Elmlə dövlət idarəçiliyinin üzvi şəkildə əlaqələndirilməsi, mühüm siyasi qərarların qəbulu mərhələsində elmi proqnozlara, təhlillərə istinad olunması inkişaf etmiş ölkələrin təcrübəsində uğurla sınaqdan çıxmışdır. Müstəqil Azərbaycan da hazırda inkişafının elə mərhələsindədir ki, bundan sonrakı sosial-iqtisadi uğurların davamlılığının təmin edilməsi prosesində əsaslandırılmış elmi qənaətlərə geniş istinad olunmalıdır. Milli iqtisadiyyatın sürətli artım tempi strateji mahiyyət kəsb edən elmi tədqiqatların maliyyəşdirilməsini, ölkənin iqtisadi, siyasi, elmi-mədəni və humanitar həyatı ilə bağlı sanballı araşdırmaların, innovativ layihələrin ortaya qoyulmasını şərtləndirir.
İqtisadi tərəqqi,
demokratikləşmə, insan
hüquqlarının etibarlı təminatı
baxımından özünün yüksək
inkişaf mərhələsinə
çatmış dövlətlərin bu
nailiyyətləri məhz elmə, təhsilə böyük diqqət və qayğı nəticəsində
əldə etdiyi də danılmaz həqiqətdir.
İntellektual potensial
əhəmiyyətinə və gətirdiyi dividendlərə
görə bu gün
hətta zəngin təbii sərvətləri belə üstələyir.
Müasir dünyada rəqabətə
tab gətirmək üçün
ilk növbədə elmə, zəngin
biliklərə, informasiya
texnologiyalarına arxalanmaq lazımdır.
Bu
reallığı düzgün dəyərləndirən
dövlət başçısı İlham
Əliyev son 7 ildə ölkə həyatının
bir çox strateji əhəmiyyətli sahələri kimi, elmə xüsusi
qayğı ilə yanaşmış, bu
sahədə dövrün tələbləri
ilə səsləşən islahatların həyata
keçirilməsini təmin etmişdir. Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar
elmlər: zaman kontekstində
baxış" məqaləsi isə əminliklə deməyə
əsas verir ki,
ölkə rəhbərliyi yaxın illərdə istər elm, istərsə də ali
təhsil sferasında səmərəli islahatlar
yönümündə bir sıra
inamlı tədbirlər həyata keçirəcəkdir.
"Azərbaycan" qəzetinin elmi ictimaiyyətin pozitiv ruhda köklənməsinə, milli ideallar uğrunda səfərbər olunmasına xidmət edən bir sanballı əsəri və onunla bağlı dəyərli müzakirələri ictimaiyyətə toplu halında çatdırmaq istiqamətindəki təşəbbüsü isə təqdir olunmalıdır. İnanırıq ki, qəzetin gərgin əmək bahasına ərsəyə gətirdiyi "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabı Azərbaycan elminin inkişaf yolunun canlı mənzərəsini özündə təcəssüm etdirən əyani vəsait kimi cəmiyyətdə də maraqla qarşılanacaqdır.
Mahmud KƏRİMOV,
AMEA-nın prezidenti,
Akademik
Azərbaycan.- 2010.- 23 iyun- S.
3.