Avropa Xalq Partiyası Yeni Azərbaycan Partiyası ilə əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır

 

İtaliyada Avropa Xalq Partiyasına (AXP) daxil olan siyasi qurumların birgə toplantısı keçirilmişdir. Yığıncaqda ölkəmizi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil etmişdir. Milli Məclisin deputatı toplantı ilə əlaqədar AzərTAc-a verdiyi müsahibəsində demişdir: Ən yüksək səviyyədə təşkil olunmuş toplantıda bu partiyaya daxil olan Bolqarıstan, Malta və Albaniyanın xarici işlər nazirləri, Gürcüstan Baş nazirinin birinci müavini, Xorvatiya parlamentinin komitə sədri və digərləri iştirak etmişlər. Yığıncaq Avropa Xalq Partiyasının prezidenti Vilfrid Martensin və İtaliyanın xarici işlər naziri Franko Fratinin rəhbərliyi altında keçirilmişdir.

Müzakirələr nəticəsində ümumi fikir ondan ibarət olmuşdur ki, AXP Avropada yeni fəaliyyətə başlamış siyasi partiyalarla, o cümlədən Yeni Azərbaycan Partiyası ilə əlaqələri daha yüksək səviyyədə təşkil etsin.

Yeni Azərbaycan Partiyası hazırda beynəlxalq aktiv fəaliyyətdədir. Bu fəaliyyət AXP tərəfindən çox yüksək səviyyədə dəstəklənir.

Xatırladaq ki, AXP prezidenti V.Martensin bu yaxınlarda Azərbaycana səfər etmişdir. Ölkəmizdə onun kitabının təqdimatı keçirilmişdir. Mövcud əlaqələrimiz bizə imkan verir ki, YAP-ın Avropanın ən nüfuzlu və mötəbər partiyası ilə əlaqələrini daha da möhkəmləndirməklə Azərbaycanın mövqeyini Avropada daha yüksək səviyyədə tanıdaq.

Mən yığıncaqdakı çıxışımda AXP-yə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqı tərəfindən bu yaxınlarda qəbul olunmuş qətnaməni dəstəklədiyi üçün öz minnətdarlığımı bildirdim. Digər tərəfdən, Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində AXP-nin verdiyi dəstəyi yüksək qiymətləndirdim. YAP-ın bu istiqamətdə gördüyü işlərin daha yüksək səviyyəyə qalxması istiqamətində fəaliyyət göstərmək arzusunu ifadə etdim.

AXP sədri və İtaliyanın xarici işlər naziri Azərbaycan nümayəndə heyətinin çıxışını xüsusi vuğulamışlar. Onlar qeyd etmişər ki, AXP sədrinin Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycanda hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası Avropa dəyərlərini ölkəmizə gətirmək istiqamətində və Azərbaycan həqiqətlərini Avropaya çatdırmaqda çox önəmli fəaliyyət göstərir və bu fəaliyyətə dəstək vermək lazımdır.

 

 

Azərbaycan.- 2010.- 23 iyun- S.  3.