Bakıda "İslam Konfransı
Təşkilatının üzv ölkələri arasında
ticarətin gücləndirilməsi üçün yol xəritəsinin
hazırlanması"na dair Ticarətin Maliyyələşdirilməsi
üzrə Beynəlxalq İslam Korporasiyasının
iclası başa çatmışdır
İslam İnkişaf Bankının (İİB) illik toplantısı çərçivəsində Bakıda keçirilən "İslam Konfransı Təşkilatının (İKT) üzv ölkələri arasında ticarətin gücləndirilməsi üçün yol xəritəsinin hazırlanması"na dair Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının iclası iyunun 22-də başa çatmışdır.
Tədbirin ikinci günündə bir daha ekspertlərin diqqəti İİB-in üzvü olan ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirəcək və yeni nailiyyətlərin qazanılmasına təkan verəcək yol xəritəsinin hazırlanmasına yönəldilmişdir.
İKT-nin üzv ölkələrinin iqtisadiyyatı üçün ticari yardımlar üzrə müvafiq yol xəritəsinin hazırlanmasına dair məsələlər müzakirə olunmuş, bir sıra təkliflər irəli sürülmüş və müəyyən razılıqlar əldə edilmişdir.
Xarici ekspertlər islam ölkələri arasında yol xəritəsinin dövlətlər arasında ticarətin gücləndirilməsində, bu sahədə əlaqələrin mükəmməl qurulmasında əhəmiyyətini vurğulamışlar.
Bildirilmişdir ki, islam ölkələri ilə Avropa İttifaqına üzv dövlətlər arasında ticarətin inkişaf etdirilməsi zəruridir. İslam ölkələri ticarətin inkişafı üçün mövcud potensialdan səmərəli istifadə etməli, bürokratik əngəlləri aradan qaldırmalıdırlar.
İclasda, həmçinin islam ölkələri arasında ticarətin inkişafı istiqamətində gömrük prosedurlarının sadələşdirilməsinə, beynəlxalq miqyasda dövlətlər arasında əlaqələrin genişləndirilməsinə, qarşıya çıxan maneələrin aradan qaldırılması istiqamətində birgə səylərin göstərilməsinə, maliyyə sisteminin gücləndirilməsinə, təcrübə mübadiləsinə və s. məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
Tədbirdə
qərara alınmışdır ki, İKT-nin üzv ölkələri
arasında ticarətin gücləndirilməsinə dair yol xəritəsinin
prioritetlərinə nazirlərin Bakıda keçiriləcək
görüşündə baxılsın.
AzərTAc
Azərbaycan.- 2010.-23 iyun- S.
5.