Bakıda İslam
İnkişaf Bankının Strateji Əməkdaşlıq forumu
keçirilmişdir
İyunun 22-də Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankının (İİB) Strateji Əməkdaşlıq forumu keçirilmişdir.
Tədbirin məqsədi İİB-in fəaliyyət dairəsinə daxil olan ölkələrdə strateji siyasət dialoqunun inkişafını, problemlərin birgə həll edilməsini, qarşıya çıxan maneələrin sistemli həlli yolunda təcrübə mübadiləsini, qarşılıqlı əlaqələrin gücləndirilməsini təmin etməkdir.
Qurani-Kərimdən surə oxunduqdan sonra Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, İİB Qrupunun prezidenti Əhməd Məhəmməd Əli və başqaları çıxış etmişlər.
Forumun aktuallığını vurğulayan nazir Ş.Mustafayev qeyd etmişdir ki, 1975-ci ildən fəaliyyət göstərən İİB üzv dövlətlərin iqtisadiyyatının inkişaf etdirilməsində mühüm rol oynayır. İqtisadiyyatın şaxələndirilməsi, investisiya imkanlarının genişləndirilməsi sahəsində Azərbaycan İİB ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Banka üzv ölkələr arasında əlaqələrin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir.
İİB-in gələcək inkişafı üçün bankın fəaliyyət dairəsinə daxil olan ölkələrin beynəlxalq maliyyə təşkilatları, vətəndaş cəmiyyətləri arasında sıx əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu forum İİB-yə üzv ölkələr arasında fikir və təcrübə mübadiləsini aparmağa, maliyyə və ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müəyyənləşdirməyə imkan verir. İİB isə ölkələr arasında vasitəçi rolunu oynayır.
Ə.Məhəmməd Əli diqqətə çatdırmışdır ki, İİB-in məqsədi üzv ölkələr arasında əlaqələri daha da genişləndirmək, həmrəyliyi möhkəmləndirməkdir. Üzv ölkələr həyata keçirilən iqtisadi proqramları öz aralarında razılaşdırmalıdır. Bu, dövlətlər arasında strateji əməkdaşlığı daha da gücləndirəcəkdir.
Forumda İİB-in institusional potensialın genişləndirilməsinə, bankın gələcək inkişafına dair məruzələr dinlənilmiş, təqdimatlar keçirilmişdir.
Azərbaycan.- 2010.- 23 iyun- S.
5.