İslam İnkişaf Bankı
Qrupunun 35-ci illik toplantısının açılış
mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
- Bismillahir-Rəhmanir-Rəhim!
Hörmətli İslam
İnkişaf Bankının prezidenti doktor Əhməd Məhəmməd
Əli!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Mən sizin
hamınızı Azərbaycanda səmimiyyətlə
salamlayıram. Azərbaycana xoş gəlmisiniz!
İslam İnkişaf
Bankının Müdirlər Şurasının illik
toplantısının Azərbaycanda keçirilməsi ölkəmiz
üçün çox əlamətdar bir hadisədir. Əminəm
ki, bu toplantı uğurlu keçəcək və
toplantının nəticələri bankın üzvü olan
ölkələr arasında əməkdaşlığın
dərinləşməsinə xidmət edəcək, eyni
zamanda, bankın perspektivləri haqqında geniş fikir
mübadiləsi aparılacaqdır.
İslam İnkişaf
Bankı ilə Azərbaycan arasında əlaqələr
çox uğurla və sürətlə inkişaf edir. Bu
gün bu barədə burada artıq rəqəmlər
göstərildi. Uzun illərdir ki, biz bu səmərəli əməkdaşlıqdan
böyük mənfəət götürürük və Azərbaycanın
uğurlu iqtisadi inkişafında İslam İnkişaf
Bankının xidməti çox böyük olmuşdur. Əminəm
ki, gələcək illərdə də bu əməkdaşlıq
dərinləşəcək və ölkəmiz
qarşısında duran iqtisadi və sosial məsələlərin
həlli üçün biz uğurlu əməkdaşlığımızı
davam etdirəcəyik.
Əməkdaşlığımızın
gözəl perspektivləri vardır. Azərbaycan öz
inkişaf dövrünü yaşayır və bankın xətti
ilə Azərbaycanda həyata keçirilmiş layihələr
özünü doğruldur. Ölkəmizin hərtərəfli
inkişafını təmin etmək üçün biz gələcəkdə
də iqtisadi islahatlarımızı davam etdirəcəyik.
Bir sözlə, mən qeyd etmək istəyirəm ki,
İslam İnkişaf Bankı ilə Azərbaycan arasında
bugünə qədərki əməkdaşlıq çox
uğurlu olmuşdur. Biz bu əməkdaşlıqdan çox
məmnunuq və ümid edirik ki, biz gələcəkdə də
bu əməkdaşlığın dərinləşməsinə
bərabər səylərimizi göstərəcəyik.
Hesab edirəm ki,
bugünkü toplantı, eyni zamanda, bankın üzvü olan
ölkələr arasında da əlaqələrin genişlənməsinə
xidmət edəcək, islam həmrəyliyini gücləndirəcəkdir.
Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi
üçün öz səylərini göstərir.
Baxmayaraq ki, biz müstəqil ölkə kimi nisbətən gəncik,
biz artıq İslam Konfransı Təşkilatının
çox fəal üzvünə çevrilmişik. İslam
Konfransı Təşkilatının xətti ilə Azərbaycanda
çoxsaylı tədbirlər keçirilmişdir və o tədbirlərin
çox gözəl nəticələri vardır. İslam həmrəyliyinin
gücləndirilməsi bizim ümumi işimizdir. Biz bu həmrəyliyi
bir-birimizə verdiyimiz siyasi dəstəklə gücləndirə
bilərik. Aramızda olan iqtisadi əlaqələrin
inkişafı sayəsində bu həmrəyliyi daha da
gücləndirə bilərik. Belə imkanlar vardır və
İslam Konfransı Təşkilatının üzvü olan
ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın
genişlənməsi hamımızın
marağındadır. Azərbaycan öz tərəfindən
bu istiqamətdə səylərini davam etdirəcəkdir. Nəinki
iqtisadi və siyasi sahədə, eyni zamanda, bütün
başqa sahələrdə - mədəniyyət, humanitar sahələrində
əlaqələrimizi gücləndirməliyik.
Böyük iftixar hissi ilə
deyə bilərəm ki, 2009-cu il Bakı şəhəri
islam mədəniyyətinin paytaxtı elan edilmişdi və
bütün il boyu müxtəlif tədbirlər
keçirilmişdi. Yəni, biz bütün istiqamətlərdə
çalışırıq ki, müsəlman ölkələri
arasında əməkdaşlığa öz töhfəmizi
verək və bu səylərimizi davam etdirəcəyik.
Mən xüsusilə Azərbaycanın
böyük dostu doktor Əhməd Məhəmməd Əlinin
çıxışında səslənən fikirlərə
öz münasibətimi bildirmək istəyirəm. Ona
böyük minnətdarlığımı bildirmək istəyirəm
ki, Azərbaycan dövləti və xalqı haqqında
çox xoş sözlər ifadə edib, eyni zamanda, ölkəmiz
üçün ən ağır, ən birinci problem olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı fikirlərini bildirib. Bu, çox qiymətli və
dəyərli fikirlərdir. Bu, əsl dostluq əlamətidir.
Mən bu fürsətdən istifadə edərək,
bütün müsəlman bacı-qardaşlarımıza Azərbaycanın
haqq işinə öz dəstəyini verdiklərinə
görə bir daha minnətdarlığımı bildirmək
istəyirəm.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki,
ölkəmiz və bölgəmiz üçün
böyük problemlər yaradır. Ermənistanın Azərbaycana
əsassız torpaq iddiası nəticəsində Azərbaycanın
dünya birliyi tərəfindən tanınmış ərazisinin
20 faizi hazırda Ermənistanın işğalçı
qüvvələrinin işğalı altındadır. Bu
işğal və etnik təmizləmə siyasəti nəticəsində
bir milyon Azərbaycan vətəndaşı öz doğma
torpağında qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. Bu işğal nəticəsində
zəbt edilmiş ərazilərdə demək olar ki,
bütün binalar, infrastruktur dağıdılıbdır,
muzeylərimiz talan edilibdir, eksponatlar oğurlanıbdır. Əcdadlarımızın
qəbirləri, tarixi abidələrimiz, məscidlərimiz erməni
vandalları tərəfindən
dağıdılıbdır. İşğal edilmiş
torpaqlar artıq ölü bölgəyə çevrilibdir.
Bu ərazilərdə azərbaycanlılar əsrlər boyu
yaşamışlar.
Ermənistanın
işğalçı siyasəti bu gün də davam edir.
Dağlıq Qarabağ və onun ətrafında yerləşən
bölgələr uzun illərdir ki, işğal altında
saxlanılır. Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır və mən heç şübhə
etmirəm ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir.
Münaqişənin həlli yalnız ölkəmizin ərazi
bütövlüyü çərçivəsində
mümkün ola bilər və bizim mövqeyimizi, yəni haqq-ədalət
mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların
çoxsaylı qərarları və qətnamələri
vardır. Bu gün hörmətli cənab Əhməd Məhəmməd
Əli bu barədə öz fikirlərini bildirdi. BMT Təhlükəsizlik
Şurası, yəni beynəlxalq müstəvidə ən
ali orqan tərəfindən bu məsələ ilə
bağlı dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələrdə
birmənalı göstərilir ki, Ermənistanın
işğalçı qüvvələri Azərbaycanın ərazilərindən
qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr
icrasız qalıbdır.
İslam Konfransı Təşkilatı
dəfələrlə buna oxşar qətnamələr qəbul
edibdir. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, bütün
başqa beynəlxalq təşkilatlar Azərbaycanın ərazi
bütövlüyünü tanıyır və dəstəkləyirlər.
Ancaq Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl
qoymur. Ermənistan beynəlxalq təşkilatların qərarları
ilə hesablaşmır və bu siyasətə, bu
işğalçı siyasətə son qoyulmalıdır, Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmalıdır və
işğaldan əziyyət çəkmiş bütün
insanlar öz dədə-baba torpaqlarına
qayıtmalıdırlar.
Bir də demək istəyirəm
ki, ölkəmiz üçün bu, ən böyük və
ən ağrılı problemdir və Azərbaycan dövlət
müstəqilliyinə qovuşandan sonra bu problem bir nömrəli
problem kimi qarşımızda dayanır.
Buna baxmayaraq, biz müstəqillik
dövründə böyük və şərəfli yol
keçə bilmişik. Azərbaycan müstəqilliyi əldə
edəndə - 1991-ci ildə vəziyyətimiz çox
ağır idi. Bir tərəfdən erməni
işğalı, digər tərəfdən ölkə
daxilində gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül
demək olar ki, ölkəni iflic vəziyyətinə
salmışdı. Ancaq Azərbaycan xalqının iradəsi
və böyük lider Heydər Əliyevin fəaliyyəti nəticəsində
Azərbaycan o böhranlı vəziyyətdən şərəflə
çıxa bilmişdir. 1990-cı illərin ortalarında
sabitlik yaranmışdır, həm iqtisadi, həm siyasi
sabitlik bərqərar olunmuşdur. Bu, bizə imkan verdi ki,
sürətlə inkişaf edək. O gündən bu günə
qədər Azərbaycanın hərtərəfli
inkişafı ölkə qarşısında duran problemlərin
həlli üçün bizə şərait yaratdı.
1995-2010-cu illərdə
ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə
qoyulmuşdur. Bu sərmayə nəticəsində ölkə
iqtisadiyyatının müxtəlif sahələri inkişaf
etməyə başlamışdır. Bu gün iqtisadi
inkişafımızı göstərən bəzi rəqəmlər
səsləndi. Azərbaycan son illər ərzində iqtisadi
inkişaf baxımından, sözün əsl mənasında,
ən sürətlə inkişaf edən ölkədir.
Ümumi daxili məhsulun, sənaye istehsalının
artımı, investisiyaların cəlb edilməsi və ən
önəmlisi, yoxsulluğun demək olar ki, 4 dəfədən
çox aşağı düşməsi bizim əsas nəticələrimizdir.
Bu onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur.
Biz sadəcə olaraq 20 ilə yaxındır ki, bazar
iqtisadiyyatı şəraitində yaşayırıq. Bundan əvvəl
- Sovet İttifaqının tərkibində
yaşadığımız dövrdə Azərbaycanda bazar
iqtisadiyyatı yox idi. Ancaq buna baxmayaraq, artıq
iqtisadiyyatımızın 85 faizi özəl sektorda
formalaşır və özəl sektorun inkişafı bizim
üçün prioritetdir. Biz özəl sektoru müxtəlif
yollarla stimullaşdırmaq üçün tədbirlər
görürük ki, Azərbaycanda güclü sahibkarlar sinfi
yaransın. Artıq bunun nəticələrini
görürük.
Biz
çalışmışıq və
çalışırıq ki, ölkə
iqtisadiyyatının bütün sahələrini inkişaf
etdirək. Qeyri-neft sektorunu inkişaf etdirək və bu istiqamətdə
də böyük nailiyyətlər əldə edildi. Bunun ən
gözəl göstəricisi ondan ibarətdir ki, həm
iqtisadi və maliyyə böhranına, eyni zamanda, bildiyiniz kimi,
dünyada neftin qiymətinin bir neçə dəfə
aşağı düşməsinə baxmayaraq, keçən
il Azərbaycan iqtisadiyyatı 9 faizdən çox
artmışdır. Yəni, bu artım bu günə qədər
görülən işlərin nəticəsidir. Artıq Azərbaycan
iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, bir sektordan
asılı deyildir. Azərbaycan investisiya qoyuluşu
üçün də çox əlverişli ölkədir.
Həm daxili, həm xarici investisiyalar Azərbaycanda dövlət
səviyyəsində qorunur və bu, bizə imkan verir ki,
iqtisadiyyatımızı sürətlə inkişaf etdirək.
Biz beynəlxalq maliyyə
qurumları ilə də sıx əməkdaşlıq edirik
və bu əməkdaşlığın da gözəl nəticələri
vardır. Ölkədə, ümumiyyətlə, iqtisadi və
siyasi sabitlik mövcuddur. Hesab edirəm ki,
uğurlarımızın əsas səbəbi məhz bundan
ibarətdir. Çünki sabitlik olmayan yerdə iqtisadi
inkişafdan, investisiyalardan söhbət gedə bilməz. Biz
bunu yaxşı bilirik. Çünki müstəqilliyimizin
qısa tarixində müxtəlif dövrlər olmuşdur və
biz görürdük ki, sabitlik pozulanda bu, öz mənfi nəticələrini
dərhal iqtisadi məsələlərdə də göstərir.
Bu gün Azərbaycan gələcəyə
çox böyük ümidlərlə baxır. Biz ölkə
iqtisadiyyatının gücləndirilməsi sahəsində əldə
edilmiş uğurlarla kifayətlənməyəcəyik.
Qarşımızda böyük hədəflər var ki, Azərbaycanı
inkişaf etmiş ölkələrin sırasına daxil edək.
Bu istiqamətdə artıq gözəl nəticələr
vardır. Bu gün rəqəmlər səsləndirildi. Rəqabət
qabiliyyətliliyinə görə Azərbaycan MDB məkanında
birinci, dünya miqyasında isə 51-ci yerdədir. Biz hələ
bu yolun başlanğıcındayıq. İqtisadi
islahatlarımızın davam etdirilməsi və böyük
layihələrin icrası nəticəsində ölkədə
əlavə imkanlar yaradılacaqdır.
Bir sözlə, iqtisadi
sabitlik imkan verir ki, biz siyasi cəhətdən də müstəqil
siyasətimizi cəsarətlə aparaq. Azərbaycan o ölkələrdəndir
ki, müstəqil siyasət aparır. Bizim siyasətimiz Azərbaycan
xalqının maraqlarına əsaslanır və eyni zamanda,
bölgədə gedən proseslərə də müsbət
təsir göstərir. Biz beynəlxalq və regional əməkdaşlıq
işlərində çox fəal iştirak edirik. Azərbaycanın
təşəbbüsü ilə bölgədə uğurla
icra edilən nəhəng enerji layihələri bunun bariz
nümunəsidir. Bizim təşəbbüsümüzlə
müxtəlif istiqamətlərə neft-qaz kəmərləri
çəkildi. Bu gün bu kəmərlər həm Azərbaycanın
iqtisadi maraqlarını təmin edir, bölgənin
inkişafına xidmət göstərir, bölgədə gedən
əməkdaşlığı dərinləşdirir və
bütövlükdə, qitənin enerji təhlükəsizliyinə
də öz müsbət təsirini göstərir. Biz enerji
resurslarımızdan çox uğurla və məharətlə
istifadə edə bildik və əldə edilmiş gəlirləri
qeyri-neft sektoruna yönəltdik. Məhz bunun nəticəsində
biz ölkə iqtisadiyyatında şaxələndirmə
meyillərini daha da gücləndirdik.
Biz, eyni zamanda, bütün
maliyyə sistemimizdə şəffaflıq prinsiplərini tətbiq
edirik və bu istiqamətdə də böyük nailiyyətlər
əldə edilibdir. Azərbaycanın Dövlət Neft Fondu
çox şəffaf bir qurumdur, Birləşmiş Millətlər
Təşkilatı tərəfindən
mükafatlandırılıb və hasilatda şəffaflıq
təşəbbüsünün fəal üzvü kimi Azərbaycan
bu sahədə də liderlik göstərir. Azərbaycanın
enerji resursları hələ uzun illər bizə imkan verəcək
ki, iqtisadiyyatımızı gücləndirək. Ancaq bizim əsas
vəzifəmiz bu kapitalı insan kapitalına çevirməkdir.
Bu məqsədlə Azərbaycanda sosial və humanitar sahələrdə
çox böyük tədbirlər görülür.
Sosial sahənin gücləndirilməsi
üçün konkret proqramlar icra edilir. Təhsil, səhiyyə,
mədəniyyət, idman - bu sahələr bizim
üçün prioritetdir. Gəlirlərin ədalətli
bölüşdürülməsi bir tərəfdən cəmiyyətdə
ədalət prinsiplərinin bərqərar olunmasını təsdiqləyir,
digər tərəfdən bizə imkan verir ki, ölkə
qarşısında duran vəzifələri daha da
böyük səmərə ilə və keyfiyyətlə
icra edək. Biz böyük infrastruktur layihələrini,
xüsusilə nəqliyyat sektorunda layihələri icra edirik
ki, onlar ölkəmizi gücləndirir və eyni zamanda, beynəlxalq
məna daşıyır. Bizim təşəbbüsümüzlə
çəkilən dəmir yolları, açılan dəhlizlər
bölgə üçün böyük əhəmiyyət
daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi nəticəsində
Asiya ilə Avropa yeni dəmir yolu ilə birləşəcəkdir.
Bu təşəbbüsü biz göstərmişik və
ilkin maliyyə resurslarını biz səfərbər
etmişik. Eyni zamanda, Şimal-Cənub dəhlizinin fəaliyyəti
nəticəsində Azərbaycan bu baxımdan da öz
imkanlarını genişləndirəcəkdir. Bizim
coğrafi vəziyyətimiz əlverişlidir. Ancaq infrastruktur
layihələri olmadan bu coğrafi vəziyyət o qədər
də böyük əhəmiyyət daşımır. Biz
öz coğrafi vəziyyətimizdən uğurla istifadə
etməliyik və edirik. Beləliklə, Azərbaycan öz
tarixi missiyasını davam etdirəcəkdir. Tarixi İpək
Yolu vaxtilə Azərbaycan ərazisindən keçmişdir.
Biz bu gün müasir infrastruktur layihələri ilə,
öz təşəbbüslərimizlə bu tarixi İpək
Yolunu müxtəlif formalarda bərpa edirik.
Qarşımızda duran vəzifələr
çoxdur. Bu günə qədər əldə edilmiş
uğurlar bizi daha da ruhlandırır. Çünki iqtisadi cəhətdən
möhkəm və sabit olan ölkə əlbəttə ki,
siyasi çəkisini də artıracaqdır. Azərbaycanın
bölgədəki rolu artır, dünyadakı mövqeləri
möhkəmlənir. Biz beynəlxalq təşkilatlarda
özümüzü çox etibarlı tərəfdaş
kimi göstərə bilmişik. Qonşu dövlətlərlə
bizim çox səmərəli, qarşılıqlı
maraqlar və qarşılıqlı hörmət əsasında
qurulmuş münasibətlərimiz vardır. Bu da hər bir
ölkə üçün çox vacibdir ki, onun
qonşuluğunda da işlər yaxşı getsin.
Bizim gələcək
planlarımız da aydındır. Biz öz işimizi proqram əsasında
qururuq. 2004-2008-ci illərdə regionların sosial-iqtisadi
inkişafına dair birinci proqramın uğurlu icrası bizə
imkan verdi ki, artıq ölkəmizin iqtisadiyyatını
böyük dərəcədə şaxələndirək.
Bu gün biz ikinci dövlət proqramını icra edirik.
2009-2013-cü illəri əhatə edən bu proqramın nəticəsində
əminəm ki, ölkə qarşısında duran əsas
infrastruktur və sosial məsələlər öz həllini
tapacaqdır. Bizim proqramlarımız çox konkret xarakter
daşıyır. Onların icra mexanizmləri, konkret cədvəli
və ən önəmlisi maliyyə resursları vardır.
Bu, bizə deməyə imkan verir ki, ikinci proqram da uğurla
icra ediləcəkdir.
Bununla bərabər, bir daha
demək istəyirəm ki, biz beynəlxalq maliyyə
qurumları ilə də əməkdaşlığımızı
dərinləşdirəcəyik. Xüsusilə, İslam
İnkişaf Bankı ilə əməkdaşlığımızın
çox gözəl perspektivləri vardır. Biz bir daha
İslam İnkişaf Bankının rəhbərliyinə
böyük minnətdarlıq hissi ilə müraciət etmək
istəyirik. Minnətdarlığımızı bildirmək
istəyirik ki, bizə kömək göstərildi, xüsusilə
ölkəmizin ağır illərində bu əməkdaşlıq,
bu yardımlar, bu kreditlər çox böyük məna
daşıyırdı. Bu gün də böyük məna
daşıyır və mən heç şübhə etmirəm
ki, biz bu uğurlu əməkdaşlığı gələcəkdə
davam etdirəcəyik.
Bir daha demək istəyirəm
ki, bugünkü toplantı ölkəmizin həyatında
xüsusi yer tutur. Bir tərəfdən bizim üçün
böyük şərəfdir ki, belə bir beynəlxalq tədbir
Azərbaycanda keçirilir. Digər tərəfdən, mən
bilirəm ki, qonaqlarımızın arasında Azərbaycanda
ilk dəfə olanların sayı az deyildir. Bu da bizə, bizim
hamımıza imkan yaradır ki, bir-birimizi daha da yaxşı
tanıyaq, həm şəxsi əlaqələr
yaradılsın, həm də nazirlər səviyyəsində
əlaqələr daha da gücləndirilsin.
Azərbaycanın
böyük tarixi, böyük mədəniyyəti vardır.
Bu gün dostumuz doktor Əhməd Məhəmməd Əli Azərbaycanın
tarixi haqqında çox dəyərli fikirlər söyləmişdir.
Ancaq müstəqillik tariximiz o qədər də böyük
deyildir. Ona görə bəzi hallarda Azərbaycan haqqında
dünyada kifayət qədər məlumat yoxdur. Ancaq bu,
müvəqqəti bir məsələdir. Vaxt keçdikcə
Azərbaycanı tanıyanların sayı çox
olacaqdır və ölkə haqqında dəqiq, qərəzsiz
məlumat üstünlük təşkil edəcəkdir. Biz
isə istəyirik ki, müsəlman aləmi arasında bu əməkdaşlığı
daha da dərinləşdirək. Biz istəyirik ki, müsəlman
ölkələri daim bir-birinə dəstək olsunlar.
Bütün beynəlxalq təşkilatlarda bir-birimizin lehinə
səsimizi ucaltmalıyıq. Biz bunu edirik, daha da böyük
səviyyədə və daha da böyük miqyasda etməliyik.
Çünki bizim gücümüz birliyimizdədir. Bizim
amalımız da birdir. Biz istəyirik ki, dünyada sülh, əmin-amanlıq,
ədalət olsun. Biz istəyirik işğalçılar
işğal edilmiş bütün torpaqlardan çəkilsinlər.
İşğaldan əziyyət çəkmiş
bütün insanlar öz doğma torpaqlarına, tarixi
torpaqlarına qayıtsınlar ki, nəhayət dünyada ədalət
bərpa edilsin. Ancaq bu, asan məsələ deyildir. Əfsuslar
olsun ki, ədalətsizliklər də kifayət qədər
çoxdur. Biz birgə səylərimizlə bu ədalətsizliklərə
qarşı mübarizə aparmalıyıq. Öz haqq səsimizi
ucaltmalıyıq. Digər tərəfdən,
gücümüzü, müştərək
gücümüzü iqtisadi imkanlarla artırmalıyıq.
Bu niyyətlə mən sizə
bir daha öz hörmətimi bildirmək istəyirəm, sizi
bir daha Azərbaycanda salamlayıram. Əminəm ki, Azərbaycana
səfəriniz uğurlu, yaddaqalan olacaqdır. Bütün
nümayəndə heyətlərinin rəhbərlərinə
müraciət edib, xahiş edirəm ki, mənim səmimi
salamlarımı və ən xoş arzularımı təmsil
etdiyiniz ölkələrin dövlət və hökumət
başçılarına çatdırasınız. Sağ
olun.
AzərTAc
Azərbaycan.- 2010.- 24 iyun- S.
1.