Bakıda İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimi olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

İyunun 23-də Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən 35-ci illik toplantısında quruma üzv olan 56 ölkənin maliyyə, iqtisadiyyat və planlaşdırma nazirləri, regional və beynəlxalq maliyyə təşkilatlarının, inkişaf üzrə milli maliyyə təşkilatlarının, bankların, İslam Konfransı Təşkilatına üzv ölkələrin nümayəndələri və digər yüksək vəzifəli qonaqlar iştirak edir. Toplantıda əsasən Nigeriyanın İslam İnkişaf Bankının əsas kapitalındakı iştirak payını artırmaqla bağlı müraciətinə baxılması, 2010-cu ildə bankın xalis gəlirindən texniki yardım qrant əməliyyatlarına və təqaüd proqramına vəsait ayırması, bankın Müdirlər Şurasının 39-cu illik toplantısının Tacikistanda keçirilməsi ilə bağlı bu ölkənin dəvəti, 36-cı illik toplantının tarixinin və yerinin müəyyənləşdirilməsi məsələləri müzakirə olunacaqdır. Bundan əlavə, toplantı çərçivəsində bankın üzvü olan ölkələr üçün yeni layihələrin təsdiqi, bir sıra kredit sazişlərinin imzalanması nəzərdə tutulur.

Əvvəlcə rəsmi foto çəkdirildi.

Mərasimdə iştirak edən müdirlər, icraçı direktorlar və İslam İnkişaf Bankı Qrupunun idarə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundular.

İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısı müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başladı.

Toplantını İslam İnkişaf Bankı Müdirlər Şurasının sədri, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV açaraq dedi:

- Bismillahir-rəhmanir-rəhim.

Möhtərəm cənab Prezident!

Hörmətli müdirlər və alternativ müdirlər!

Hörmətli nazirlər və səfirlər!

Hörmətli qonaqlar, qardaş və bacılar!

Böyük məmnunluqla sizi ikinci evinizdə - Bakı şəhərində, Azərbaycanda salamlayıram. Mən hər birinizə bu bir neçə günü xoş keçirməyi, iclaslarımıza isə uğurlu nəticələr arzulayıram. Eyni zamanda, ümid edirəm ki, iclaslar zamanı qəbul ediləcək qərarlar Cənubi Amerikada Surinam, Şimali Afrikada Mərakeş, Cənub-Şərqi Asiyada Bruney və İndoneziya arasında böyük bir ərazidə yerləşən bütün üzv ölkələr arasında əlaqələri daha da gücləndirəcəkdir.

Xanımlar və cənablar, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin açılış mərasimində iştirakı məclisimizə şərəf verir. Bütün iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə açılış mərasimində iştirak etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Möhtərəm cənab Prezidentin icazəsi ilə Müdirlər Şurasının sədri kimi öz çıxışımı diqqətinizə çatdırmaq istərdim.

İslam İnkişaf Bankının 35-ci illik toplantısında iştirak etdiyinə və göstərdiyi himayədarlığa görə, bank qrupunun müdirləri adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıq və təşəkkür etməkdən böyük şərəf hissi duyuram.

İslam İnkişaf Bankının Müdirlər Şurasının sədri olaraq, icazə verin hamınıza, Şuranın iclasına Azərbaycanın ev sahibliyi etməsinə yaratdığınız imkana görə təşəkkürümüzü bildirim. Sizin iştirakınızdan şərəf duyur və hər birinizi ölkəmizdə ürəkdən salamlayıram. Ümid edirəm ki, təşkilati işlər ürəyinizcədir və geri qayıtdıqda bu vacib iclasdan, ölkəmiz və xalqımızla bağlı xoş xatirələr aparacaqsınız. Eyni zamanda, üzv ölkələrin sosial-iqtisadi inkişafına verdikləri tükənməz töhfələrinə görə bankın prezidenti hörmətli Əhməd Məhəmməd Əliyə, İcraçı Direktorlar Şurasına və bankın bütün heyətinə dərin minnətdarlığımı bildirirəm. Yüksək keyfiyyət standartlarının saxlanılması istiqamətində göstərdiyiniz səylər öz əksini beynəlxalq reytinq agentlikləri tərəfindən davamlı olaraq verilən ən yüksək reytinq dərəcəsində tapır.

Hörmətli müdirlər!

Xanımlar və cənablar!

Bankımızın 35-ci illik toplantısına qlobal səviyyədə sosial-iqtisadi inkişafa təsir etmiş maliyyə böhranının mənfi təsirlərindən sonra dünya iqtisadiyyatının bərpa olunduğu bir vaxtda yığışmışıq. Böhranın İslam İnkişaf Bankının bəzi üzv ölkələrinə təsir etməsinə baxmayaraq, ümumilikdə, üzv ölkələrdə iqtisadi sabitlik saxlanılmışdır. Bu baxımdan, mən böhrana qarşı üzv ölkələrin dəstəklənməsi istiqamətində görülmüş konstruktiv tədbirləri və İslam İnkişaf Bankının göstərdiyi müqaviməti yüksək qiymətləndirirəm.

Bu gün qonağı olduğunuz Azərbaycan qısa müddət ərzində həyatın bütün sahələrində aparılmış əsaslı islahatlar nəticəsində böyük inkişaf yolu keçmiş, iqtisadi artım templərinə görə dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Belə ki, 2004-2009-cu illərdə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,8 dəfə, xarici ticarət dövriyyəsi 2,8 dəfə, o cümlədən ixrac 3,9 dəfə, dövlət büdcəsinin gəlirləri 7 dəfə artmışdır. Təbii ki, ölkənin sürətlə artan iqtisadi imkanları əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə əlverişli zəmin yaratmışdır. Son 5 ildə 840 mindən çox yeni iş yeri açılmış, əhalinin gəlirləri 2 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə artmış, yoxsulluğun səviyyəsi isə 4 dəfə azalaraq 11 faiz təşkil etmişdir. Ölkənin enerji və əsas məhsulları üzrə ərzaq təhlükəsizliyi təmin edilmişdir, ətraf mühitin qorunması üçün müvafiq dövlət proqramı həyata keçirilir. İri infrastruktur layihələri həyata keçirilmiş, çoxlu sayda sosial obyektlər, o cümlədən xəstəxanalar, məktəblər tikilib istifadəyə verilmişdir. Təkcə onu qeyd etmək istəyirəm ki, bu dövrdə 1800 yeni məktəb binası istifadəyə verilmişdir. Bu, ölkədəki məktəblərin 40 faizini təşkil edir.

Hətta qlobal maliyyə-iqtisadi böhranın ən yüksək həddə çatdığı 2009-cu ildə belə Azərbaycanda ÜDM 9,3 faiz artmış, dünya ticarətində durğunluq meyillərinə baxmayaraq, xarici ticarət dövriyyəsinin müsbət saldosu 8,6 milyard dollar təşkil etmiş, strateji valyuta ehtiyatlarımız artaraq xarici borcu 6 dəfə üstələmişdir. Bununla yanaşı, əhalinin gəlirləri 6,7 faiz, orta aylıq əmək haqqı isə 8,6 faiz artmışdır. Beləliklə, böhranın Azərbaycan iqtisadiyyatına mənfi təsiri demək olar ki, tam neytrallaşdırılmışdır.

Qeyd olunan uğurların təməli müasir Azərbaycan dövlətinin memarı, böyük siyasət korifeyi, xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi, uzaqgörən islahatlar strategiyası ilə yaradılmışdır. Bu strategiyanın əsasını liberal bazar iqtisadiyyatına keçid, uğurlu neft strategiyası, qeyri-neft sektorunun dinamik yüksəlişi, əlverişli biznes mühitinin formalaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının şaxələndirilməsi, tam məşğulluq, gəlirlərin ədalətli bölüşdürülməsi, ətraf mühitin qorunması nəticəsində dayanıqlı iqtisadi inkişafa və əhalinin layiqli həyat səviyyəsinə nail olmaq təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyev strategiyasının inamla davam etdirilməsi, düşünülmüş, elmi əsaslara söykənən, praqmatik və qətiyyətli iqtisadi siyasətin həyata keçirilməsi sayəsində son illərdə sıçrayışlı inkişafa nail olunmuş, Azərbaycan regionun aparıcı güc mərkəzinə çevrilmişdir. Təsadüfi deyil ki, bu siyasətin həyata keçirilməsi nəticəsində əldə edilən uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Nəzərinizə çatdırmaq istərdim ki, 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal rəqabətlilik hesabatında" Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Dünya Bankının hazırladığı "Doing Business" hesabatında Azərbaycan ötən il ən islahatçı ölkə elan olunmuş, bu il isə öz mövqelərini qoruyub saxlamışdır. Bu yaxınlarda isə "Fitch" beynəlxalq reytinq agentliyi ilk dəfə olaraq, Azərbaycana investisiya səviyyəli reytinq vermişdir.

Şahin Mustafayev Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan danışarkən İslam İnkişaf Bankı ilə ölkəmizin həyata keçirdiyi əməkdaşlığın uğurlu olduğunu da diqqətə çatdırmışdır. Nazir bankın Bakıda keçirilən illik toplantısının islam ölkələrinin daha da inkişafına hərtərəfli töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd MƏHƏMMƏD ƏLİ toplantıda çıxış etdi. O, bu tədbirin təşkilində verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Ölkəmizdə gördükləri qonaqpərvərliyi yüksək qiymətləndirən Əhməd Məhəmməd Əli Azərbaycan hökumətinə və xalqına da minnətdarlığını çatdırdı.

O, ölkəmizin böyük tarixə və yüksək mədəni dəyərlərə sahib olduğunu vurğulayaraq dedi:

- Bu tarix ulu babalarınız tərəfindən yazılmış və ölkənizin islam sivilizasiyasına verdiyi böyük töhfədən xəbər verir. Bizim islam sivilizasiyasının formalaşdırılmasında ölkəniz müsbət və konstruktiv rol oynamışdır. Peyğəmbərin bir çox davamçıları bu ruzili ölkə ilə - Azərbaycanla təmasda olmuşlar. Azərbaycan dünyaya bilik, rəhbərlik və nailiyyətlər sahələrində bir çox tanınmış mütəfəkkirlər, yazarlar və alimlər bəxş etmişdir. Onların arasında Qüdsü azad edən Səlahəddin İbn Əyyubun atası Nəcməddin əl-Əyyubini qeyd etmək olar. Azərbaycan "Kitab Təlxis əl-asar və əcaib əl-malik əl-qəhhar ("Abidələr" haqqında kitabın ixtisarı və qüdrətli şahın möcüzələri") əsərinin müəllifi olan məşhur coğrafiyaşünas Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi, o cümlədən riyaziyyatçı Əl-Səmavəl İbn Yəhya İbn Ayaş əl-Hasib və bir çox digər şəxslərin vətənidir. Bu bərəkətli ölkənin xalqına müraciət etmiş şair əl-Buhturi aşağıdakı misraları söyləmişdir: "Ey böyük Azərbaycan xalqı, zəfəriniz qüsursuz, nöqsansızdır. Xeyir işlərinizdə sizin ümumi sadiqliyinizin şahidi oldum və ulduzlu hilalınız düşmən qarşısında hər zaman səmalara qalxdı".

Beləliklə, Azərbaycan xalqının zəfər çaldığı anlar bizim qarşımızda Azərbaycan xalqının müdrikliyini, onun sadiqliyini nümayiş etdirdi. Xalqınız öz xoş təbiətinə, xasiyyətinə görə bütün müsəlman ümməti tərəfindən mehribanlıqla qarşılandı və özünü tam şəkildə ümmətimizin işlərinə ithaf etdi. Bu baxımdan mən əmirlərimizin yazılarına xüsusi olaraq istinad edirəm. Onların yazılarında sizin xalqınızın qonaqpərvərliyi qeyd edilmişdir.

Cənab Prezident, islam ölkələri bu gün mühüm bir tədbirə toplaşıb. Biz Sizin qurumlarınıza, Sizin rəhbərliyinizə İslam İnkişaf Bankı olaraq inanırıq. Biz bir bank kimi Sizin verdiyiniz dəstəyə dərin minnətdarlığımızı bildiririk. Burada iştirak edən bütün nümayəndə heyətləri olduqca gözəl, urbanistik inkişafın şahididirlər. Azərbaycanda bu dəyişiklikləri görürlər.

Cənab nazir bu gün səhər öz çıxışında bizə Azərbaycanın iqtisadiyyatı barədə bəzi rəqəmləri misal gətirdi. Bəli, son illər ərzində biz böyük dünya maliyyə böhranının şahidi olduq. Lakin həmin böhran bu ölkənin artım templərinə mane olmadı. Beləliklə, bütün bu nailiyyətlərə görə Sizin mərhum atanız Heydər Əliyevə bizim hamımız borcluyuq. Allah ona rəhmət etsin!

O, müasir Azərbaycanın əsaslarını qoydu. Mən belə deyərdim, o, müasir Azərbaycanın banisidir. O, öz müdrikliyi, öz bacarığı ilə müasir Azərbaycanı qura bildi. Sizin xidmətinizdə olan İslam İnkişaf Bankı göstərdiyiniz dəstəyə, diqqətə görə, mərhum atanızın, - Allah ona rəhmət etsin, - yolunu davam etdirdiyinizə görə Sizə minnətdardır.

Qurumumuz 1992-ci ildən etibarən Azərbaycan ilə sıx əməkdaşlıq edir. Həmin vaxtdan etibarən, ümumi məbləği 528 milyon ABŞ dolları olan 28 maliyyə əməliyyatı aparılmışdır. Bank Azərbaycan hökuməti ilə razılığa gələrək ümumi məbləği 450 milyon dollar olan 11 layihəni əhatə edən üçillik işçi proqramını qəbul etmişdir. İslam İnkişaf Bankı davamlı inkişafın vacibliyini nəzərə alaraq, Azərbaycana dəstəyini əsirgəməyəcəkdir. Biz Dağlıq Qarabağdan olan məcburi köçkünlər və qaçqınların - bizim qardaşlarımızın çəkdiyi əziyyətlərə də bələdik. Biz bilirik ki, Azərbaycan işğaldan əziyyət çəkibdir. Biz bir qurum olaraq Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpasını, beynəlxalq səviyyədə təsdiqlənmiş ərazisinin bərpasını istəyirik. Biz bilirik ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi mövcuddur. Bununla bağlı İslam Konfransı Təşkilatı dəfələrlə qətnamələr qəbul etmiş və həmin qətnamələrdə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etmişdir.

İslam İnkişaf Bankının fəaliyyətindən danışan Əhməd Məhəmməd Əli bildirdi ki, son bir neçə ildə bank üzv ölkələrin inkişafına 7,5 milyard dollar vəsait ayırmışdır. Bu da həmin ölkələrdə dünya maliyyə böhranının fəsadlarının aradan qaldırılmasına yardım məqsədi daşıyır. Hazırda İslam İnkişaf Bankı qurumun üzvü olan ölkələrdə yoxsulluq problemlərinin həllinə diqqət göstərir, İslam İnvestisiya Bankının yaradılmasını dəstəkləyir.

Sonra İslam İnkişaf Bankının qruplarını təmsil edən nümayəndələr çıxış etdilər.

Afrika ölkələri qrupu adından çıxış edən Çad Respublikasının iqtisadiyyat və planlaşdırma naziri Məhəmməd ƏLİ HƏSƏN Afrika qitəsinin sosial-iqtisadi inkişafı və dünya maliyyə böhranının aradan qaldırılması istiqamətində görülən işlər barədə danışdı. Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökuməti və xalqına yüksək qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirən Məhəmməd Əli Həsən tədbirin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdı.

Ərəb ölkələri qrupu adından çıxış edən Suriyanın maliyyə naziri Məhəmməd ƏL-HÜSEYN bu cür mötəbər yığıncaqda iştirak etməkdən məmnunluğunu bildirdi. O, İslam İnkişaf Bankının 35 illik fəaliyyəti dövrünə nəzər saldı və qeyd etdi ki, bu müddətdə bank həm keyfiyyət, həm də kəmiyyət baxımından əsaslı inkişaf yolu keçmişdir.

Asiya ölkələri qrupu adından danışan Özbəkistan Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr və investisiya naziri Elyar QƏNİYEV dünyada iqtisadi böhranın fəsadlarının hələ də qaldığı bir müddətdə İslam İnkişaf Bankının bu cür tədbirinin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını dedi. Bildirdi ki, 2009-cu il bir çox dövlətlər üçün iqtisadi cəhətdən sınaq dövrü olsa da, bəzi islam ölkələri kimi Özbəkistan da vəziyyətdən uğurla çıxmağa çalışır və bu məsələdə İslam İnkişaf Bankının rolu diqqətəlayiqdir.

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısında nitq söylədi.

(Prezident İlham Əliyevin nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  24 iyun- S.  2.