Avstriya Azərbaycanla bütün sahələrdə əlaqələri intensivləşdirməkdə maraqlıdır

 

Avstriya Azərbaycanla bütün sahələrdə əlaqələri intensivləşdirməkdə maraqlıdır. Bu fikir Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin ölkəmizdə səfərdə olan Avstriyanın Avropa və beynəlxalq işlər üzrə federal naziri Mixael Şpindeleqqerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənmişdir.

Görüşdə Baş nazir A.Rasizadə Avstriyanın yüksək vəzifəli rəsmilərinin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin genişlənməsinə xidmət edəcəyini söyləmişdir. Təhsil, mədəniyyət sahələrində mövcud əlaqələrlə yanaşı, siyasi, iqtisadi və digər sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini bildirən Baş nazir, ölkəmizin Avstriyanın bu sahədə böyük təcrübəsindən bəhrələnməkdə maraqlı olduğunu demişdir.

Avstriyanın Avropa və beynəlxalq işlər üzrə federal naziri Mixael Şpindeleqqer Baş nazir Artur Rasizadəyə Bakıda keçirdiyi görüşlər barədə danışmış, ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu nəzərə çarpdırmışdır. Bildirmişdir ki, Cənubi Qafqaz regionu Avstriya üçün prioritetdir və biz "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əlaqələrimizi möhkəmləndirmək niyyətindəyik. Azərbaycanın regionda lider və coğrafi mövqeyi, həmçinin Avropa ilə Asiya arasında körpü olması bizim üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Fuad İsmayılovun və Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Silvia Mayer-Kaybiçin də iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 iyun- S.  4.