İslam İnkişaf Bankı Müdirlər Şurasının işçi iclası keçirilir

 

İyunun 23-də İslam İnkişaf Bankı (İİB) Qlobal Forumu çərçivəsində İİB Müdirlər Şurasının işçı iclası keçirilmişdir.

Azərbaycan Respublikası iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrlik etdiyi iclasda namizədliyi Səudiyyə Ərəbistanı Krallığı tərəfindən irəli sürülmüş doktor Əhməd Məhəmməd Əli növbəti beş il üçün İİB Qrupunun prezidenti seçildikdən sonra sədr xatırlatmışır ki, bankın prezidentinin xidmət şərtlərinə sonuncu dəfə Beyrutda keçirilmiş 25-ci illik toplantıda baxıldığından Qətər, Malayziya, Kot-d İvuardan olan müdirlərə prezidentin xidmət şərtlərinə baxılması tapşırığı həvalə edilməsi təklif olunur. Şura üzvləri bununla bağlı müvafiq komitə yaradılmasına razılıq verdilər və qərara alındı ki, komitə üzvləri illik toplantı öz işini yekunlaşdırdıqdan dərhal sonra görüşsünlər.

İslam Konfransı Təşkilatının baş katibi professor Ekmeleddin İhsanoğlunun köməkçisi səfir Həmid Acibaiye Opeloyeru onun məktubunu oxumuş, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) prezidenti Kanayo Nunzenin çıxışı dinlənilmişdir.

Kanayo Nunze qeyd etmişdir ki, İFAD OPEK-in iradəsini əks etdirir, yoxsulluğa qarşı mübarizədə, kənd təsərrüfatının inkişafında birgə səyləri nümayiş etdirir. Bu gün ərzaq istehsalının artırılması dünyada ən böyük problemdir. Yoxsulluğun azaldılmasında kənd təsərrüfatının xüsusi çəkisi yüksəkdir. Kənd təsərrüfatına yatırılan vəsait insanlara yatırılan vəsaitdir.

Kanayo Nunze ənənəvi donorları, İİB üzvü olan ölkələri, xüsusilə ərəb krallıqlarını əhalisi yoxsulluqdan əziyyət çəkən ölkələrə dəstəyi artırmağa çağırmışdır.

Şura üzvləri İİB-in 35-ci illik hesabatını nəzərdən keçirmiş, 2009-2010-cu maliyyə ili üçün İİB-in, Vəqf Fondunun, İİB-in Vahid İnvestisiya Fondunun, Avqaf Əmlak İnvestisiya Fondunun, Dünya Vəqf Fondunun audit edilmiş hesablarını təsdiq etmiş, 2009-2010-cu maliyyə ilinə olan İİB Mənfəət və zərər hesabı üzrə balansın ümumi ehtiyata köçürülməsinə razılıq vermişlər.

İclasda İİB-nin Banqladeş, Misir, Səudiyyə Ərəbistanı, Küveyt, Türkiyə, Mərakeş, Tunis, İran, İndoneziya, Malayziya, Uqanda, Qvineya, Nigeriya, Mozambik, Tacikistan və digər ölkələrdən olan müdirləri tədbirə ev sahibliyi edən Azərbaycana, onun xalqına və dövlət başçısına qonaqpərvərliyə, İİB-lə həmrəyliyə görə minnətdarlıqlarını bildirmiş, doktor Əhməd Məhəmməd Əliyə İİB Qrupunun prezidenti vəzifəsində bundan sonrakı fəaliyyətində uğurlar arzulamışlar. Vurğulanmışdır ki, islam ölkələri qlobal maliyyə böhranından daha az ziyan çəkmişlər. İİB Qrupuna daxil olan ölkələr xüsusi dayanıqlıq nümayiş etdirirlər. Hətta bir sıra ölkələrdə inkişafa nail olunmuşdur. Qazanılan uğurlarda özəl sektorun rolu, maliyyə təsisatlarının ticarətə yardımının, bankın fəaliyyətinin şaxələnməsinin vacibliyi diqqətə çatdırılmışdır. Natiqlər regional layihələrə qoşulmaq arzularını da ifadə etmişlər. Fələstinin hüquqlarının dəstəklənməsi, Qəzzə bölgəsində müxtəlif fondların fəallığı alqışlanmışdır.

"İİB-nin İcraçı Direktorlar Şurasının tərkibi və İİB-in Maliyyə Resursları baxımından üzv ölkələrin hüquqları", "Nigeriya Federativ Respublikasının İİB-in kapitalında öz payının 8,6 faizə qədər artırmaq təklifi", "2010-cu maliyyə ili üçün texniki yardım qrant əməliyyatlarına İİB-in xalis gəlirindən 5 faiz (5 mln ABŞ dollarından az olmamaq şərtilə) vəsaitin köçürülməsi", "İİB-nin 2010-cu maliyyə ilinə gözlənilən xalis gəlirindən 2 faiz (2 mln ABŞ dollarından az olmamaq şərtilə) məbləğində vəsaitin Təqaüd Proqramına ayrılması", "2011-2012-ci maliyyə ili üçün İİB, Vəqf Fondu, Avqaf Əmlak İnvestisiya Fondu, Dünya Vəqf Fonduna və 2011-ci maliyyə ili üçün İİB-nin Vahid İnvestisiya Fonduna xarici auditorun təyin edilməsi", "İİB-in nizamnamə və abunə kapitalı üzrə 4-cü ümumi artıma dair hesabat və 2-ci kapital artımında ödənilməli olan 70 faizin çağırışı", "2010-2011-ci illər üçün Müdirlər Şurasının sədri və onun iki müavininin seçilməsi", "36-cı illik toplantı üçün Prosedurlar Komitəsinin təyin olunması" məsələləri müzakirə olunmuşdur.

İclas iyunun 24-də davam etdiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  24 iyun- S.  5.