Bakıda İİB üzvü olan ölkələrdə böhrandan sonra ərzaq təhlükəsizliyinə nail olunması üzrə 21-ci illik simpozium işə başlamışdır

 

İyunun 23-də Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankının (İİB) üzvü olan ölkələrdə böhrandan sonra ərzaq təhlükəsizliyinə nail olunması üzrə 21-ci illik simpoziumu keçirilmişdir.

Simpoziumun açılışında iştirak edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirmişdir ki, tədbir istər regional, istərsə də qlobal səviyyədə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm addımların müzakirəsinə zəmin yaratmaqla yanaşı, bu istiqamətdə islam ölkələri arasında qarşılıqlı əməkdaşlığın güclənməsi prosesinə töhfə verəcəkdir. Bildirilmişdir ki, Azərbaycan rəhbərliyi ərzaq təhlükəsizliyinin təmin edilməsini iqtisadi müstəqilliyin əsas şərti kimi qiymətləndirir. 2001-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı", 2008-ci ildə qəbul edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" buna bariz nümunədir. Bununla yanaşı, yoxsulluğun azaldılması, kiçik və orta sahibkarlığın inkişafı və regionların sosial-iqtisadi inkişafı haqqında qəbul edilmiş dövlət proqramları əhalinin ərzaq təminatının artırılmasında mühüm rol oynamışdır. Ş.Mustafayev vurğulamışdır ki, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin olunmasında əldə etdiyi təcrübəni İİB-in üzvü olan digər ölkələrlə bölüşməyə, bu sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırdır.

İİB Qrupunun prezidenti Əhməd Məhəmməd Əli bildirmişdir ki, ərzaq çatışmazlığı müasir dövrdə hər bir ölkənin üzləşdiyi ən ciddi təhlükələrdən biridir. Təsadüfi deyildir ki, ərzaq təhlükəsizliyinin təmini beynəlxalq təşkilatların gündəliyində duran vacib məsələlərdən biridir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzv dövlətlər birgə səy göstərməli, ərzaq çatışmazlığının aradan qaldırılması istiqamətində davamlı əməkdaşlıq etməlidirlər. Qurumun prezidenti ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kənd təsərrüfatına daha çox sərmayələrin qoyulmasının zəruriliyini vurğulamışdır. O, həmçinin Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişdir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, müasir dövrdə insanların əsas ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün davamlı olaraq ciddi tədbirlər görülməlidir. Azərbaycan dövlətinin iqtisadi siyasətində əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi xüsusi yer tutur. Bu məqsədlə ölkədə ərzaq istehsalı sahəsində, xüsusilə aqrar sektorda bir sıra köklü islahatlar aparılmışdır. Əhalinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsində regionların sosial-iqtisadi inkişafının rolu vacib sayılaraq, Prezident İlham Əliyev tərəfindən regionlar üzrə sosial-iqtisadi inkişaf proqramları qəbul edilmiş, kənd təsərrüfatı istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edən sərəncamlar imzalanmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı sayəsində 2009-cu ildə əhalinin tələbatı ərzaq buğdası üzrə 108 faiz, kartof üzrə 2 dəfə, tərəvəz və bostan məhsulları üzrə 1,8 dəfə, meyvə və giləmeyvə üzrə 1,7 dəfə artıq ödənilmişdir.

Digər çıxış edənlər bildirmişlər ki, ərzaq təhlükəsizliyi siyasi təhlükəsizliyin, sabitliyin bünövrəsini təşkil etdiyindən bu istiqamətdə birgə səy göstərilməli, İİB-in potensialından səmərəli istifadə edilməlidir. Natiqlər xüsusilə də torpaqların yararsız hala düşməsinin qarşısının alınması və su çatışmazlığı probleminin həllinin zəruriliyini vurğulamışlar.

Simpozuim müzakirələrlə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 iyun- S.  5.