İslam İnkişaf Bankı bir sıra nominasiyalar üzrə mükafatlarını təqdim etmişdir

 

İyunun 23-də Buta sarayında İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik toplantısının iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi ziyafət verilmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qonaqları salamlayaraq İİB-in 35-ci illik toplantısının açılışında Prezident İlham Əliyevin iştirak etdiyini xatırladaraq dövlət başçısının islam ölkələrinin əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışmışdır. Nazir demişdir ki, bu gün Azərbaycan İİB ilə əməkdaşlığa çox böyük önəm verir. Şahin Mustafayev Bakıda bankın Müdirlər Şurasının 35-ci illik toplantısı çərçivəsində qəbul olunmuş qərarların islam ölkələrinin inkişafına daha böyük təkan verəcəyinə ümid bəslədiyini söyləmişdir. Əhməd Məhəmməd Əlini növbəti dəfə İİB-in prezidenti seçilməsi münasibətilə təbrik edən Azərbaycanın iqtisadi inkişaf naziri ona fəaliyyətində uğurlar arzulamışdır.

İİB-in prezidenti Əhməd Məhəmməd Əli çıxış edərək bankın Müdirlər Şurasının 35-ci illik toplantısının yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir. Əhməd Məhəmməd Əli Azərbaycanın İslam İnkişaf Bankı ilə əlaqələrini yüksək qiymətləndirərək demişdir ki, Prezident İlham Əliyevin göstərdiyi dəstək İslam İnkişaf Bankını daha da gücləndirəcəkdir.

Daha sonra İİB-in "İslam bank işi və maliyyəsi", "Elmtexnologiya", "İnkişafa qadınların töhfəsi" nominasiyaları üzrə mükafatları təqdim olunmuşdur.

"İslam bank işi və maliyyəsi" nominasiyasının qalibi il ərzində elmi məqalələri ilə bankın fəaliyyətinə öz töhfələrini verən Refaat Abdulkərim olmuşdur. "Elmtexnologiya" nominasiyasında mükafatları İsfahan ElmTexnologiyalar Mərkəzi, Pakistanın Kimya Araşdırmaları İnstitutu, Qəzzə İslam Universitetinin mühəndislik fakültəsinə təqdim olunmuşdur.

"Qadınların inkişafa töhfəsi" nominasiyasında Zəhra İdali (Mərakeş Krallığı), Ma Çiyinq (Çin) mükafatlandırılmışlar. Sierra Lionedən Haykel Təşkilatı, Tacikistanın Parastor Təşkilatı və Müsəlman Təhsil Cəmiyyəti isə xüsusi mükafatlara layiq görülmüşlər.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 iyun- S.  5.