Leyla xanım Əliyevanın təşəbbüsü Balkan ölkələrinin gənc liderləri tərəfindən qəbul edilmişdir

 

İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbulda yerləşən baş ofisindən AzərTAc-a verilən məlumata görə, "Grand Cevahir" hotelində "Cənubi-Şərqi Avropa əməkdaşlığı prosesi" mövzusunda beynəlxalq konfrans öz işini başa çatdırmışdır.

Konfrans İKGF, Türkiyənin rəhbərliyi altında həyata keçirilən "Cənubi-Şərqi Avropada əməkdaşlıq və təhlükəsizlik uğrunda proses", Avropanın aparıcı gənclər təşkilatlarından olan COJEP, AŞ və Avropa Gənclər Forumunun təşkilatçılığı ilə keçirilmişdir.

Tədbirin əsas məqsədi Balkan regionunda yerləşən ölkələr arasında qonşuluq münasibətlərində gənclərin rolunun gücləndirilməsidir.

Konfransın açılışında Azərbaycan Respublikasının səfiri, İKGF-nin baş katibi Elşad İsgəndərov, COJEP təşkilatının vitse-prezidenti Veysəl Filiz iştirakçıları salamlayaraq gənc liderləri müzakirələrdə fəal olmağa və yeni fikirlərlə çıxış etməyə çağırmışlar.

"Təhsil və mədəniyyətlərarası dialoq", "Stereotiplər: KİV və vətəndaş cəmiyyəti", "Münaqişələrin həll edilməsində gənclərin rolu", "Gənc iş adamlarının işsizliyin aradan qaldırılmasında rolu" mövzusunda keçirilən işçi qruplarında Qərbi Avropanın aparıcı universitetlərinin müəllimləri, eləcə də mütəxəssislər mühazirələr oxumuşlar. Yunanıstan, Xorvatiya, Bosniya və Hersoqovina, Makedoniya və regionun digər ölkələrini təmsil edən gənc liderlər müzakirələrdə fəal iştirak etmişlər.

"Münaqişələrin həll edilməsində gənclərin rolu" işçi qrupunda XX əsrdə baş verən humanitar fəlakətlər üzrə müzakirələr keçirilmişdir. Bu seksiyada İKGF mədəniyətlərarası dialoq üzrə baş əlaqələndirici Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Xocalıya ədalət" kampaniyası üzrə Litvadan olan milli əlaqələndirici Yeva Lukosevikiuyte 2008-ci ildən etibarən kampaniya çərçivəsində görülən işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Kampaniyanın Cənubi-Şərqi Avropa ölkələrində keçirilməsi haqqında müzakirə olunan təklif, eləcə də konfrans zamanı təsis edilmiş Cənubi-Şərqi Avropa gənclər şəbəkəsinin fəaliyyət mexanizmləri yekun İstanbul bəyannaməsində əksini tapmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 iyun- S.  5.