Daşınmaz dövlət əmlakı
obyektlərinin müsabiqə əsasında icarəyə
verilməsi qaydaları
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli fərmanı ilə
təsdiq edilmişdir
I. Ümumi
müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış və daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda daşınmaz dövlət əmlakı obyektləri (bundan sonra - obyekt) dedikdə dövlət müəssisə və təşkilatlarına, habelə səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul edilmiş səhmdar cəmiyyətlərinə məxsus olan və icarəyə verilməsi mövcud qanunvericiliklə qadağan edilməyən bina, tikililər və qeyri-yaşayış sahələri nəzərdə tutulur.
1.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə) açıq müsabiqə vasitəsilə icarəyə verilən obyektlər barədə elanı Komitənin rəsmi mətbuat orqanı olan "Mülkiyyət" qəzetində dərc etdirir.
1.4. Bu Qaydalara uyğun olaraq daşınmaz dövlət əmlakı aşağıdakı hallarda (dövlət ehtiyacları üçün, habelə dövlət və ictimai təşkilatların yerləşdirilməsi üçün nəzərdə tutulmuş obyektlər istisna olmaqla) Komitənin qərarı ilə açıq müsabiqə vasitəsilə icarəyə verilir:
Komitə tərəfindən açıq müsabiqə vasitəsilə icarəyə verilməsi barədə qərar qəbul edilmiş obyektlər haqqında elan dərc olunduqdan sonra 10 gün ərzində obyektin icarəyə verilməsi barədə ən azı 3 (üç) fiziki və (və ya) hüquqi şəxsin yazılı müraciəti daxil olduqda;
icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun (mədəniyyət, səhiyyə, bədən tərbiyəsi və idman, təhsil, rabitə və mərasim xidmətləri göstərən müəssisələr, xalq bədii sənət müəssisələri, təsərrüfat hesablı elmi-tədqiqat, layihə-axtarış müəssisələri, gənclərin təhsili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər, yerli əhəmiyyətli istirahət parkları) təyinatı üzrə istifadə zərurəti yarandıqda;
icarəyə verilən obyekt qanunvericiliklə icarəyə verilməsi mümkün olan tarix və mədəniyyət abidəsi sayılan bina və tikililərdə, habelə mədəniyyət və istirahət parklarında (xüsusi qorunan ərazilərdə) yerləşdikdə.
1.5. Obyektlərin açıq müsabiqə vasitəsilə icarəyə verilməsi icarə müqaviləsi bağlanılmaqla Komitə tərəfindən həyata keçirilir və icarəyəverən qismində Komitə çıxış edir.
1.6. Obyektlərin açıq müsabiqə vasitəsilə icarəyə verilməsi zamanı qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla, fiziki və hüquqi şəxslər icarəçi kimi çıxış edə bilərlər.
1.7. Obyektlər açıq müsabiqə vasitəsilə icarəyə verilən zaman onun aylıq start icarə haqqı məbləği "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğindən az olmamalıdır. Həmçinin müsabiqə iştirakçıları tərəfindən təklif olunan icarə haqqı məbləği obyektin aylıq start icarə haqqı məbləğindən az olmamalıdır.
1.8. Açıq müsabiqənin keçirilməsi zamanı müsabiqə iştirakçıları haqqında və onlar tərəfindən təklif olunan icarə haqqı barədə məlumatların müsabiqə komissiyasının iclasında müsabiqənin qalibi müəyyən edilənədək açıqlanmasına yol verilmir.
II. Müsabiqənin keçirilməsinə
hazırlıq
2.1. Müsabiqənin keçirilməsinə hazırlıq mərhələsində Komitə tərəfindən müsabiqə Komissiyası yaradılır. Komissiyanın tərkibi 6 (altı) nəfərdən ibarət olur, bura Komitənin (3 nəfər), onun yerli (ərazi) şöbəsinin (1 nəfər), müsabiqəyə çıxarılmış obyektin balanssaxlayıcının (1 nəfər) və icarəyə verilən əmlakın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının (1 nəfər) nümayəndələri daxil edilir. Komissiyanın sədri Komitənin nümayəndələrindən təyin olunur.
Müsabiqəyə çıxarılan obyektin texniki pasportu və ya eskizi, dövlət əmlakının registrindən çıxarış hazırlanır, obyektin aylıq start icarə haqqı məbləği müəyyənləşdirilir və Komitə tərəfindən komissiyaya təqdim edilir.
2.2. Komitə tərəfindən obyektin müsabiqə vasitəsilə icarəyə verilməsi şərtləri müəyyən edilir. Bu zaman aşağıdakı şərtlər müəyyən edilə bilər və müəyyən edilmiş şərtlərin sonradan dəyişdirilməsinə yol verilmir:
icarəyə verilən obyektdə onun məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinin saxlanılması;
icarəçi tərəfindən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması;
birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi;
icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması.
Qeyd olunanlarla yanaşı, hər bir halda sifarişçilər tərəfindən bu Qaydaların 1.7-ci bəndində göstərilən məbləğdən az olmamaqla, təklif olunan icarə haqqı məbləğinin göstərilməsi barədə şərt daxil edilir.
2.3. Müsabiqə komissiyası tərəfindən müsabiqə haqqında aşağıdakılar göstərilməklə məlumat hazırlanır və müsabiqənin keçirilməsi gününə ən azı 30 gün qalmış Komitənin rəsmi mətbuat orqanı olan "Mülkiyyət" qəzetində dərc olunur və Komitənin internet saytında yerləşdirilir:
obyektin müsabiqə vasitəsilə icarəyə verilməsi müqaviləsinin ümumi şərtləri;
obyektin yerləşdiyi ünvan, balanssaxlayıcı müəssisə və təşkilatın adı, obyektin yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası, onların öhdəliklərlə yüklülüyü (əgər mövcuddursa);
müsabiqənin keçirilmə tarixi, vaxtı və yeri;
müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan beh kimi ödənilmiş icarə haqqı (bundan sonra - beh) məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, ödəniş forması;
müsabiqədə iştirak etmək üçün sifarişin qəbulunun başlanma və başaçatma tarixləri;
sifariş və sənəd qəbulu məntəqələrinin ünvanı (otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə);
müsabiqəyə çıxarılan obyektlə tanış olmaq üçün təyin olunmuş tarix və vaxt;
müsabiqədə iştirak etmək üçün sifarişçilərin sifarişlə birlikdə təqdim edəcəkləri sənədlərin siyahısı, bu sənədlərin tərtib edilməsi üçün irəli sürülən tələblər və təqdimetmə müddəti;
müsabiqənin qalibi tərəfindən icarə müqaviləsinin bağlanılması müddəti;
müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası.
2.4. Obyektin müsabiqə vasitəsilə icarəyə verilməsi şərtlərinə obyektin təyinatı, bu təyinatın dəyişdirilməsinin mümkünlüyü barədə məlumatlar daxil edilməlidir.
2.5. Müsabiqəyə iştirak etmək üçün müraciət etmiş, sifariş və digər zəruri sənədləri müəyyənləşdirilmiş müddətdə və qaydada təqdim etmiş və müsabiqə başlanmasına ən geci 3 (üç) bank günü qalanadək müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində dövlət büdcəsinə beh köçürmüş hüquqi və fiziki şəxslər buraxılırlar.
2.6. Sifarişçi müsabiqə komissiyasına aşağıdakı sənədləri müsabiqə haqqında elanda göstərilən müddətdə təqdim etməlidir:
Komitə tərəfindən müəyyən edilmiş formada ərizə (sifariş);
obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində behin köçürülməsini təsdiq edən sənəd;
müsabiqə təklifi (bağlı zərfdə təqdim edilir, zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir);
hüquqi şəxslər üçün müəyyən olunmuş qaydada təsdiq edilmiş reyestrdən çıxarışın və nizamnamənin surəti;
fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti.
2.7. Müsabiqədə iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə, həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.
2.8. Qeyd edilən sənədlər tələb olunan formada təqdim edilmədikdə və ya bir hissəsi təqdim edilmədikdə, sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə, həmçinin müəyyən edilmiş müddətdə beh köçürülmədikdə və ya tam şəkildə köçürülmədikdə sifarişçi müsabiqəyə buraxılmır və behin sifarişçiyə qaytarılması qanunvericiliklə və bu Qaydalarla müəyyən edilmiş qaydada həyata keçirilir.
Sifariş və ona əlavə olunan sənədlər müsabiqənin keçirilməsi haqqında dərc olunmuş məlumatda göstərilən müddət başa çatdıqdan sonra qəbul edilmir.
2.9. Sifariş və ona əlavə olunmuş sənədlər Komitə tərəfindən qəbul edilərək qeydiyyata alınır və müsabiqədə iştirak etmək üçün buraxılmış şəxslərə onların müsabiqədə iştirak etmə nömrəsi, müsabiqəyə çıxarılan əmlakın adı əks olunan bilet verilir. Bilet verildiyi andan sifarişçi müsabiqə iştirakçısı statusunu alır.
2.10. Komitə sifarişçilərin təqdim etdiyi sənədlərin və onlar haqqında məlumatların qorunub saxlanılmasını təmin edir.
III. Müsabiqənin keçirilməsi
qaydaları
3.1. Komissiya müsabiqənin keçirilməsini təmin edir, müsabiqə iştirakçılarının qeydiyyatını aparır və bu barədə məlumatı hazırlayıb Komitəyə təqdim edir, müsabiqənin qalibini müəyyən edir, müsabiqənin yekun və digər protokollarını rəsmiləşdirir və onları təsdiq etmək üçün Komitəyə təqdim edir.
3.2. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici olur. Komissiyanın qərarları protokollaşdırılır və iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır. Qəbul olunmuş qərarla razı olmayan komissiya üzvləri öz mövqelərini yazılı şəkildə əsaslandırır və o, imzalanmış protokola əlavə olunur.
Komissiya iclasları komissiya üzvlərinin üçdə ikisinin iştirakı təmin olduqda keçirilmiş və səlahiyyətli hesab edilir. Komissiya işində mütəmadi iştirak etməyən və ya onun reqlamentini pozan üzvün komissiya üzvlüyündən çıxarılmasına dair Komitə qarşısında məsələ qaldıra bilər.
3.3. Müsabiqə aşağıdakı qaydada keçirilir:
3.3.1. icarəyə verilən obyektin qısa xarakteristikası və ilkin təklif olunmuş icarə haqqının məbləği komissiya üzvləri tərəfindən elan edilir;
3.3.2. müsabiqə iştirakçılarının təqdim etdikləri zərflər daxil olduqları ardıcıllıqla açılır və təkliflərin qiymətləndirilməsi aparılır;
3.3.3. qalib gəlmiş təklif elan edilir;
3.3.4. müsabiqə başa
çatdıqdan sonra
komissiya müsabiqənin
yekunlarını protokollaşdırır.
Protokol iclasda iştirak edən komissiya üzvlərinin tərkibi,
müsabiqənin şərtləri,
iştirakçıların təklifləri və müsabiqənin qalibi haqqında məlumat göstərilməklə 2 (iki)
nüsxədə tərtib
edilir, komissiya üzvləri və müsabiqənin qalibi tərəfindən imzalanır
və təsdiq edilmək üçün
Komitəyə təqdim
olunur.
Protokol 3 (üç) təqvim günü müddətində
Komitə tərəfindən
təsdiq edilir. Onun bir nüsxəsi müsabiqənin
qalibinə təqdim olunur və icarə müqaviləsinin
bağlanılması hüququnu
təsdiq edən sənəd kimi qəbul edilir.
3.4. Müsabiqənin
yekunları haqqında
məlumat müsabiqənin
keçirildiyi gündən
15 (on beş) təqvim günü ərzində "Mülkiyyət"
qəzetində dərc
edilir və Komitənin rəsmi
internet saytında yerləşdirilir.
Məlumatda müsabiqəyə çıxarılmış obyektin
ünvanı və müsabiqənin nəticələrinə
əsasən dövlət
büdcəsinə köçürülməli
olan icarə haqqı məbləği
göstərilməlidir.
IV. Müsabiqənin nəticələrinin
rəsmiləşdirilməsi
4.1. Müsabiqənin
yekunları haqqında
protokol Komitə tərəfindən təsdiq
edildikdən sonra iyirmi gündən gec olmayaraq icarə
müqaviləsi bağlanılır.
İcarə müqaviləsinin nüsxələri
icarəçiyə və
balanssaxlayıcıya təqdim
olunur.
4.2. Müsabiqənin
şərtləri bağlanılan
icarə müqaviləsində
öz əksini tapmalıdır.
4.3. Müsabiqənin
qalibi tərəfindən
icarə haqqının
ödənilməsi müqavilə
ilə müəyyən
olunmuş qaydada həyata keçirilir və qalib tərəfindən
köçürülmüş behin məbləği ilkin dövr üçün ödənilməli
olan icarə haqqı məbləğinə
daxil edilir.
4.4. Müsabiqənin
digər iştirakçıları
tərəfindən köçürülmüş
beh müsabiqənin başa çatdığı
gündən 10 (on) təqvim
günü ərzində
onlara qaytarılır.
4.5. Müsabiqənin
qalibi müsabiqənin
yekunları haqqında
protokolu imzalamaqdan imtina etdikdə, müsabiqə baş tutmamış hesab olunur və qalib tərəfindən köçürülmüş beh geri qaytarılmır.
4.6. Müsabiqə
baş tutmadıqda, onun təkrar keçirilməsi və keçirilmə müddətinin
təyin edilməsi barədə qərar komissiya üzvlərinin iclasında qəbul edilir.
4.7. Müsabiqənin
yekunları aşağıda
göstərilən hallarda
və yalnız məhkəmə qaydasında
etibarsız hesab edilə bilər:
müsabiqənin şərtləri
pozulduqda;
müsabiqənin qalibi icarə haqqının qalan hissəsinin (köçürdüyü behdən
əlavə) köçürülməsindən
imtina etdikdə və ya müsabiqənin
şərtləri ilə
tələb olunan müddətdə köçürülməsini
təmin etmədikdə
(bu halda beh qaytarılmır);
müsabiqənin hər hansı iştirakçısına
qanunsuz güzəştlər
edildikdə;
müsabiqənin keçirilməsi
zamanı qanunvericiliyin
və bu Qaydaların tələbləri
pozulduqda.
Azərbaycan.- 2010.- 24
iyun- S. 6.