Dostluğun yeni təntənəsi

 

Azərbaycanda Gürcüstan Mədəniyyət günləri

 

İyunun 22-dən Azərbaycanda Gürcüstan Mədəniyyət günləri başlanıb. Bu münasibətlə Bakıya gələn Gürcüstan nümayəndə heyəti Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Nazir Gürcüstanın mədəniyyət, abidələrin qorunması və idman nazirinin müavini Marine Çoqoşvilinin başçılıq etdiyi nümayəndə heyətini səmimi salamlayaraq bildirdi ki, ötən il Gürcüstanda Azərbaycan Mədəniyyət günləri çox yüksək səviyyədə keçdi. Dostluğun, mədəni əməkdaşlığın, ünsiyyətin mükəmməl qurulması təsdiqləyir ki, Azərbaycanda da Gürcüstan Mədəniyyət günləri uğurla keçməkdədir. Təbii ki, bu təntənə hər iki ölkə arasında mədəni əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Söhbət zamanı Əbülfəs Qarayev bildirdi ki, Mədəniyyət günləri çərçivəsində Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı ilə toplantılar keçiriləcək, ikitərəfli mədəni əlaqələrin genişlənməsi üçün yeni layihələrin hazırlanmasına başlanacaq. Gələcəkdə belə tədbirlərin Gürcüstanın bölgələrində keçirilməsi də nəzərdə tutulub. Görüşdə o da vurğulandı ki, növbəti ilin aprel ayında Bakıda keçiriləcək Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda Gürcüstan tərəfinin də iştirakı arzu edilir.

Gürcüstan Mədəniyyət günlərinin açılışı Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında oldu. Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki ölkə arasında mədəni əlaqələrdən danışaraq belə tədbirlərin dostluğa, mədəni əməkdaşlığa yeni töhfələr veriləcəyini bildirdi.

Mərasimdə Azərbaycanın əməkdar artisti Manana Çaparidzeyə Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin sərəncamı ilə layiq görüldüyü "Şöhrət" ordeni təqdim edildi.

Azərbaycanlı sənətsevərlər İ.SuxişviliN.Ramişvili adına Gürcüstan Dövlət Akademik Rəqs Ansamblının rəngarəng konset proqramına maraqla tamaşa etdilər. Mədəniyyət günlərinin proqramına həm azərbaycanlıların, həm də gürcülərin çox sevdiyi caz konserti də salınıb. Mədəniyyət günləri çərçivəsində Gürcüstanın tanınmış rəssamı Rusudan Petviaşvilinin əsərlərindən ibarət sərgi də təşkil olunub. Bu, rəssamın ölkəmizdə ilk sərgisidir. Sərgidə fırça ustasının qrafika, rəngkarlıq janrlarında, dekorativ incəsənətin batika üsulu ilə çəkilmiş 20-dən arıtq əsəri nümayiş etdirilir. Dünyada məşhur olan bu gürcü rəssamın indiyədək Vyana, Budapeşt, Madrid, London, Moskva, Vaşinqton və digər şəhərlərdə sərgiləri təşkil edilib.

Azərbaycanda Gürcüstan Mədəniyyət günləri iyunun 24-dək davam edəcək.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 24 iyun- S.  8.