2010-cu ildə Azərbaycanın hərbi xərcləri
Ermənistanın bütün dövlət büdcəsindən
çoxdur
Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 92-ci ildönümü münasibətilə
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin
və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının
birləşmə və hissələrinin irimiqyaslı birgə
əməliyyat-taktiki təlimi keçirilmişdir
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev
təlimin əsas mərhələsini izləmişdir
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev
hərbçilər qarşısında
çıxış etdi.
- Əziz hərbçilər!
Sizi və
bütün Azərbaycan xalqını qarşıdan gələn
Silahlı Qüvvələr Günü münasibətilə
təbrik edirəm, sizə xidmətinizdə uğurlar
arzulayıram.
Azərbaycan
Ordusu gündən-günə güclənir. Azərbaycanda
ordu quruculuğu prosesi çox uğurla gedir və bu, bizə
imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə
üçün çox önəmli məsələdir.
Xüsusilə müharibə şəraitində
yaşayan ölkə üçün bu, prioritet
olmalıdır. Bu, belədir və Azərbaycanda
ordu quruculuğu ən prioritet məsələdir. Biz uzun illərdir ki, işğaldan əziyyət
çəkirik, torpaqlarımız işğal
altındadır. Hər an hazır
olmalıyıq ki, doğma torpaqlarımızı
işğalçılardan azad edək. Bunu etmək
üçün siyasi və diplomatik səylərlə bərabər,
biz güclü orduya malik olmalıyıq və bu proses
uğurla gedir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi
çox yüksək zirvədədir.
Orduda peşəkarlıq,
döyüş qabiliyyəti artır, ruh yüksəkliyi
vardır. Eyni zamanda, ordumuzun maddi-texniki
bazası möhkəmlənir və son illərdə bu
işlərdə çox böyük addımlar
atılmışdır. Ordumuzun
bütün tələbatını ödəmək
üçün dövlət tərəfindən kifayət qədər
vəsait ayrılır. Sadəcə bir rəqəmi demək
kifayətdir ki, son bir neçə il ərzində,
daha doğrusu, 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən
çox artmışdır. Bu gün 2010-cu ilin bütün hərbi
xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir
ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən
çoxdur. Yəni bir neçə il
bundan əvvəl qarşıya məqsəd qoyulmuşdur ki,
Azərbaycanın hərbi xərcləri Ermənistanın
bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü
artıracağıq, ordumuz üçün lazım olan
bütün silah-sursatı və texnikanı alacağıq.
Azərbaycanda
hərbi təyinatlı məhsulların istehsalı istiqamətində
əlavə addımlar da atılacaqdır. Son illərdə
bu istiqamətə də çox böyük diqqət
göstərilmişdir. Hazırda Azərbaycanda
21 hərbi müəssisə, hərbi zavod fəaliyyət
göstərir, 30 istehsal sahəsi yaradılıbdır.
Biz elə etməliyik ki, Azərbaycan Ordusu
üçün, Silahlı Qüvvələr
üçün, lazım olan bütün texnika, silah-sursat Azərbaycanda
istehsal edilsin. Biz bu istiqamətdə
işimizi daha da gücləndirəcəyik. Bunu etmək üçün, əlbəttə ki,
ölkədə maliyyə resursları, iqtisadi güc
olmalıdır və biz bu gücü yaradırıq.
Son illərdə
Azərbaycanda aparılan iqtisadi siyasət öz bəhrəsini
verir. Azərbaycan iqtisadi cəhətdən güclü
dövlətə çevrilir. Azərbaycanda son bir
neçə il ərzində iqtisadi
inkişaf dünya miqyasında ən yüksək templərlə
ölçülür və bu, bizə imkan verir ki, həyatımızın
bütün sahələrində lazımi tədbirləri
görək.
Azərbaycanda nəinki
hərbi büdcə, bütün başqa məsələlərin
həlli üçün əlavə vəsait ayrılır.
Büdcəmiz artdıqca bütün
iqtisadi-sosial məsələlər həllini tapır. Ancaq biz, ilk növbədə, hərbi xərclərə
daha da böyük diqqət göstərməliyik. İqtisadi gücümüz artdıqca, əlbəttə
ki, ölkənin dünyadakı, bölgədəki mövqeləri
də güclənir. Azərbaycan bu
gün çox böyük hörmətə malik olan bir
ölkədir və bölgədə mövqelərimiz
möhkəmdir. Bölgədə
aparılan işlər bizi qane edir. Bizim təşəbbüslərimizlə
aparılan işlər Azərbaycanın maraqlarına tam
şəkildə cavab verir. Biz bölgənin
gələcək inkişafı üçün də
lazımi addımları atacağıq. Azərbaycanın
iqtisadi qüdrəti artdıqca, əlbəttə ki, ölkə
qarşısında duran bütün vəzifələr daha
da uğurla icra ediləcəkdir.
Keçən il
və bu il dünyada hökm sürən maliyyə böhranı,
demək olar ki, Azərbaycandan yan keçdi. Çünki
bizim tərəfimizdən atılan addımlar həm ölkəmizi,
həm də əhalini bu acı fəsadlardan qoruya
bilmişdir. Azərbaycan gələcəyə
nikbinliklə baxan ölkədir, öz iqtisadi qüdrətini
artırır. Mən şübhə etmirəm
ki, biz həm iqtisadi, həm sosial, həm bütün siyasi məsələlərdə
məqsədimizə nail olacağıq. Məqsədimiz
ondan ibarətdir ki, ölkənin müstəqilliyini daha da
gücləndirək, Azərbaycanın müstəqil siyasətini
təmin edək, ölkə qarşısında duran
bütün vəzifələri həll edək. Bu vəzifələrin arasında ən vacib, ən
birinci vəzifə torpaqlarımızı
işğalçılardan azad etmək vəzifəsidir.
Bilirsiniz ki, uzun illərdir, Ermənistan ilə
Azərbaycan arasında bu istiqamətdə
danışıqlar aparılır. Danışıqların
aparılmasında vasitəçilər öz rolunu
oynayır. Ancaq buna baxmayaraq, məsələ
bu günə qədər həllini tapmayıbdır. Baxmayaraq ki, bizim mövqeyimizi, haqq-ədalət
mövqeyini gücləndirən beynəlxalq təşkilatların
qərarları, qətnamələri vardır. Demək olar ki, dünyanın bütün təşkilatları,
aparıcı təşkilatlar bu məsələ ilə
bağlı öz qərarlarını vermişlər. Ancaq işğalçı dövlət bu qərarlara,
bu qətnamələrə məhəl qoymur. Belə olan halda Azərbaycanın
qarşısına yeni vəzifələr çıxır.
Ya danışıqları davam etdirmək, - biz
buna hazırıq, ancaq o şərtlə ki,
danışıqların nəticəsi olsun, - ya da ki,
başqa yolu seçmək. Biz hər bir
varianta hazır olmalıyıq və son illər ərzində
dəfələrlə verdiyim bəyanatlar bunu bir daha göstərir.
Biz məsələnin
həllinin hərbi yolla mümkün olmasını heç
vaxt inkar etməmişdik. Baxmayaraq ki, biz sülh
danışıqlarının tərəfdarıyıq və
20 ilə yaxındır sülh danışıqları
aparılır. Azərbaycan bu
danışıqlarda çox konstruktiv mövqe nümayiş
etdirir. Bunun nəticəsi yoxdur. Nə vaxta qədər Azərbaycan xalqı gözləməlidir?
Nə vaxta qədər biz gözləməliyik
ki, haqq-ədalət bərpa olunsun? Bir
halda ki, Ermənistan tərəfi beynəlxalq hüquq
normalarına məhəl qoymur, beynəlxalq təşkilatların
qərarlarına riayət etmir. Azərbaycan
xalqının səbri tükənməz deyildir.
Biz son illər
ərzində ordu quruculuğuna çox böyük diqqət
göstərmişik və burada dediyim bəzi rəqəmlər,
sadəcə olaraq, gördüyümüz işlərin
cüzi bir hissəsidir. Bizim əsas vəzifəmiz Azərbaycanın
ərazi bütövlüyünü istənilən yolla bərpa
etməkdir.
Yenə də
deyirəm, biz istəyirik ki, bunu danışıqlar yolu ilə
həll edək. Amma əgər bu, mümkün olmayacaqsa, Azərbaycan
Ordusu, bütün Silahlı Qüvvələr hazır
olmalıdırlar ki, Ali Baş Komandanın əmri ilə
öz doğma torpaqlarını azad etsinlər.
Bizim başqa
ölkələrin torpaqlarında gözümüz yoxdur. Baxmayaraq ki,
bugünkü Ermənistan respublikası tarixi Azərbaycan
torpaqlarında qurulubdur. Ancaq biz öz ərazi
bütövlüyümüzü bərpa etməliyik. Bu, bizim təbii haqqımızdır. Bir milyon Azərbaycan vətəndaşının
elementar insan haqları pozulub. Azərbaycanlılar
etnik təmizləməyə məruz qalmışlar. Dağlıq Qarabağdan və ətraf bölgələrdən
yüz minlərlə Azərbaycan vətəndaşı
qovulmuşdur. Nə vaxta qədər biz
buna dözməliyik?
Bir daha demək
istəyirəm ki, biz bütün imkanlarımızı səfərbər
etməliyik və edirik. Həm siyasi, həm diplomatik səylərimizi
gücləndirməliyik və gücləndiririk. İqtisadi potensialımızı böyük dərəcədə
gücləndirmişik. Bu gün Ermənistan
ilə Azərbaycan arasında iqtisadi potensial baxımından
böyük uçurum vardır. Bu
uçurum getdikcə dərinləşəcəkdir. Çünki bizim böyük imkanlarımız
vardır. Ermənistan isə, sadəcə
olaraq, xarici dairələrin köməyi hesabına
yaşayır, öz hesabına yaşaya bilmir və getdikcə
bu fərq daha da böyüyəcəkdir.
Biz hərbi
gücümüzü artırmalıyıq və
artırırıq. Bu gün Azərbaycan Ordusu qarşıda
duran bütün vəzifələri şərəflə
yerinə yetirməyə hazırdır. Bir
daha demək istəyirəm ki, döyüş qabiliyyəti,
peşəkarlıq, vətənpərvərlik ruhu,
maddi-texniki bazanın möhkəmlənməsi, orduya dövlət
tərəfindən göstərilən diqqət və
hörmət - bütün bu amillər bizə imkan verəcək
ki, doğma torpaqlarımızı
işğalçılardan azad edək.
Dağlıq
Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər
boyu azərbaycanlılar bu diyarda yaşamışlar, ermənilər
oraya qonaq kimi gəlmişlər. Sadəcə
olaraq, Dağlıq Qarabağın əvvəlki, yəni real
coğrafi məntəqələrinin adlarına baxmaq kifayətdir.
Xankəndi şəhəri əsrlər boyu bu
adla mövcud olmuşdur. Köhnə xəritələrə
baxanda hər kəs bunu görə bilir: Xankəndi. Stepanakert adı orada yoxdur. Stepanakert
bolşevik, quldur Stepan Şaumyanın adından
götürülübdür. Bu ad Sovet
İttifaqı zamanında verilibdir. Dağlıq
Qarabağ - Qarabağ Azərbaycan sözüdür. Erməni dilində bunun heç bir mənası
yoxdur. Bütün başqa coğrafi məntəqələrin
adlarının - hamısı Azərbaycan xalqı, Azərbaycan
tarixi ilə bağlıdır. Sadəcə
olaraq, XIX əsrdə digər bölgələrdən ermənilərin
Dağlıq Qarabağa köçürülməsi orada
demoqrafik vəziyyətin dəyişdirilməsinə gətirib
çıxarmışdır və Sovet İttifaqı
dağılan zaman orada ermənilər əksəriyyət təşkil
etmişlər. Amma bu, heç kimə əsas
vermir ki, orada azlıq təşkil edən azərbaycanlıların
haqları pozulsun. Azərbaycanlıların
o torpağa qayıtmağa haqqı vardır və biz oraya
qayıdacağıq. Biz istəyirik ki,
bunu sülh yolu ilə edək. Ancaq biz
bütün başqa variantlara da hazır olmalıyıq və
hazırıq.
Bugünkü
təlimlər bir daha Azərbaycan Ordusunun, bütün
Silahlı Qüvvələrin qüdrətini göstərir. Bugünkü təlimlər
həm Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd
Qoşunları tərəfindən birgə
keçirilmişdir və biz Vətən uğrunda, torpaq
uğrunda mübarizəyə birlikdə
çıxacağıq. Bütün Azərbaycan
xalqı səfərbər olunacaqdır. Bütün
silahlı birləşmələr səfərbər olunacaqdır.
Bu məqsədlə bütün Silahlı
Qüvvələr arasında əlaqələndirmə
işi aparılmalıdır. Bu təlimlərin
əsas məqsədi ondan ibarətdir ki, biz birgə səylərlə
öz doğma torpaqlarımızı
işğalçılardan azad edək. Təlimlər
də çox uğurlu keçdi. Əlbəttə
ki, təlimlərin ciddi təhlili veriləcəkdir. Buna
bir az vaxt lazımdır. Amma
ilkin təəssürat çox müsbətdir. Mən də gördüm ki, qarşıya qoyulan
bütün vəzifələr icra edildi və Silahlı
Qüvvələrimiz yüksək peşəkarlıq
göstərmişlər.
Əziz hərbçilər,
əsgərlər, gizirlər, zabitlər, generallar, sizi
qarşıdan gələn böyük bayram - Silahlı
Qüvvələr Günü münasibətilə bir daha
ürəkdən təbrik edirəm, Vətən uğrunda
xidmətinizdə yeni uğurlar arzulayıram. Sağ olun.
* * *
Sonda Ali Baş
Komandan hərbi xidmətdə fərqləndiklərinə və
Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 92 illiyi münasibətilə bir qrup hərbçiyə
qiymətli hədiyyələr təqdim etdi.
Azərbaycan.- 2010.- 25 iyun..- S. 2.