Azərbaycan jurnalistikası
peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək
milli şüur və vətənpərvərlik prinsiplərinə
dönmədən əməl etməlidir
Mətbuata daim yüksək diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il iyunun 10-da imzaladığı "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə Azərbaycan milli mətbuatının 135-ci ildönümü respublika miqyasında təntənəli şəkildə qeyd olunacaqdır. Əsası Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə "Əkinçi" qəzeti ilə qoyulmuş milli mətbuatımızın formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçərək müasir səviyyəyə gəlib çatmışdır.
Bu gün müstəqil Azərbaycan söz, fikir və məlumat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Respublikamızda bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır. Bəs Azərbaycan mətbuatı onun üçün yaradılmış bu plüralist mühit müqabilində mütərəqqi tarixi ənənələri nə dərəcə yaşada bilir? Keyfiyyətcə yeni dövrdə milli mətbuatımızın qarşısında duran başlıca vəzifələr hansılardır? Dövlətin və cəmiyyətin müstəqil mətbuatla bağlı obyektiv gözləntiləri nədən ibarətdir?
"Azərbaycan" qəzetinin yubiley tədbirləri çərçivəsində təşkil etdiyi "dəyirmi masa"da bu və digər suallar aydınlaşdırılmış, əhəmiyyətli müzakirələr aparılmışdır. "Dəyirmi masa"da Milli Məclis Sədrinin müavini Bahar Muradova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı, Prezident Administrasiyasının bölmə müdiri Vüqar Əliyev, "İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, KİV-nin inkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu iştirak edirdilər.
XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
"Azərbaycan milli mətbuatının
135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamdan
Tədbiri giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqov dedi:
- Möhtərəm Prezidentimiz İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı 2010-cu il 10 iyun tarixli sərəncamı ölkə jurnalistlərinin böyük sevinc və rəğbət hissi ilə qarşılanmışdır. Bugünkü "dəyirmi masa"nın keçirilməsində məqsəd də milli mətbuatın yubileyi və ölkə başçısının sərəncamından irəli gələn vəzifələri müzakirə etmək, mətbuatımızın ötən dövrdəki inkişaf mərhələlərinə, bugününə və gələcək inkişaf perspektivlərinə obyektiv nəzər salmaqdır. "Dəyirmi masa"ya mətbuatla sıx əlaqədə olan, onun problemlərini yaxından bilən nüfuzlu insanların dəvət olunması da təsadüfi deyildir. Məqsədimiz ilk növbədə, ölkə başçısının sərəncamı ilə keçiriləcək yubiley tədbirlərinin, belə demək mümkünsə, əsas prioritetlərini müzakirə etməkdir. Yəni, keçiriləcək tədbirlərdə hansı məsələlərin müzakirə olunması, diqqətin əsasən nəyə yönəldilməsi ətrafında fikir mübadiləsi aparmaq, ortaq məxrəcə gəlməkdir. Bu mənada, "dəyirmi masa" həm də metodoloji xarakter daşıyır. Eyni zamanda, biz bugünkü görüşlə yubiley tədbirlərinə start veririk.
135 il əvvəl Azərbaycanda ilk mətbuat orqanının - "Əkinçi" qəzetinin yaradılması işıqlı ziyalımız Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Azərbaycanın ilk qəzeti kifayət qədər mürəkkəb dövrdə, həm də texniki imkanların son dərəcə məhdudluğu şəraitində işıq üzü görmüşdü. Həmin dövrə qədər cəmiyyətdə kütləvi informasiya vasitəsi olan qəzet haqqında hansısa təsəvvürlərin olmaması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Bütun bu və digər çətinliklərin öhdəsindən uğurla gələn Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də "Əkinçi"nin ilk sayının işıq üzü görməsinə nail oldu. Qəribə həm də bu idi ki, "Əkinçi" qəzeti yaranmamışdan öncə onun senzurası yaranmışdı. Görkəmli ədib və naşir Həsən bəy Zərdabi o zaman qubernator Staroselki ilə dil tapa bildiyindən general-qubernator qəzetin senzurasını öz üzərinə götürmüşdü.
Azərbaycan mətbuatı bütövlükdə 123 il müddətində - 1998-ci il 6 avqust tarixinə qədər senzura şəraitində fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirildi. Qəribə məqam bundan ibarətdir ki, senzuranın ləğvini nəzərdə tutan sərəncam müxalifət düşərgəsində də etirazla qarşılanmışdı. Ənənəvi qərəzli ampluadan çıxış edən əks tərəf iddia edirdi ki, senzuranı ləğv edən hakimiyyət guya müstəqil mətbuatı məhkəmə yolu ilə boğmağa çalışır. Amma bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyevin bu prinsipial və qətiyyətli addımı Azərbaycan mətbuatının inkişafında maraqlı olan bütün insanlarda böyük sevinclə, razılıq hissi ilə qarşılandı. Əslində, Azərbaycanda müstəqil mətbuatın formalaşması prosesi də məhz bu əlamətdar tarixdən - 1998-ci ilin avqustundan başlayır.
Ötən əsrin səksəninci illərinin sonlarından 1998-ci ilə qədər olan dövr isə müstəqil mətbuatın meydana gəlməsi dövrü kimi xarakterizə olunur. Belə ki, 80-ci illərin sonunda - qırmızı imperiyanın süqutu ərəfəsində Azərbaycan mətbuatında açıq, sərbəst, azad söz demək meyli kifayət qədər qabarıq sezilirdi. Hətta mərhum jurnalist Nəcəf Nəcəfovun redaktoru olduğu "Molodyoj Azerbaydjana" qəzeti müstəqil və cəsarətli yazıları ilə cəmiyyətin diqqətini cəlb edirdi. Sonrakı dövrdə xalqın azadlıq və istiqlaliyyət kimi ideallarını tərənnüm və təbliğ edən, onun haqq səsini qaldıran çoxsaylı mətbuat orqanları yaranmağa başladı. Lakin bu qəzetlərin hamısı sovet dövründə qəbul edilmiş qanunlar əsasında fəaliyyət göstərməyə məcbur idilər, yəni, onların müstəqilliyinə hansısa formada təminat yaradan hüquqi əsaslar yox idi. Digər tərəfdən, dövlət nəzarətinin, senzuranın mövcudluğu şəraitində müstəqil mətbuatın yarandığından danışmaq da mümkün deyildi. Məhz buna görə də 1998-ci ilin 6 avqust tarixinədək olan dövr Azərbaycanda müstəqil mətbuatın meydana gəlməsi mərhələsi kimi dəyərləndirilir.
Ulu öndər Heydər Əliyevin hələ Azərbaycanın ilk qəzeti işıq üzü görməmişdən əvvəl yaranmış senzuranı ləğv etməsi ilə milli mətbuatın inkişafında ikinci əsas mərhələ başlandı. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Məhz həmin dövrdən etibarən ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində əməli tədbirlərin həyata keçirilməsinə başlanıldı. Eyni zamanda, mətbuatın müstəqilliyinin təmini məqsədilə bir sıra mütərəqqi ruhlu qanunlar, fərman və sərəncamlar qəbul edildi.
Fikrimizcə, mətbuatın inkişafında üçüncü əsas mərhələ 2003-cü ildə Mətbuat Şurasının yaranması və fəaliyyəti ilə başlayır. Buna qədər isə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmiş, mətbuat dövlət nəzarətindən tamamilə çıxarılmışdı. Jurnalistlərin I qurultayında yaradılan Mətbuat Şurası müstəqil ictimai qurum kimi özünüidarə prinsipi əsasında fəaliyyət göstərməklə müstəqil mətbuatın inkişafında ciddi işlər gördü.
Nəhayət, mətbuatın inkişafında dördüncü mərhələ möhtərəm Prezidentimiz İlham Əliyevin 2008-ci il iyulun 31-də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nı imzalaması ilə başlayır. Sərəncamda vurğulanırdı ki, Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zərurətə çevirir. Mətbuata Dövlət Dəstəyi Konsepsiyasının imzalanması da dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədinə xidmət edir.
Sərəncamda göstərilirdi ki, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirməkdir. Konsepsiyaya əsasən, kütləvi informasiya vasitələrinə maliyyə yardımı müsabiqəli və müsabiqəsiz şəkildə həyata keçirilir.
Konsepsiyada nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün dövlət başçısı İlham Əliyev 2009-cu ilin aprelində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında da sərəncam imzaladı. Həmin sərəncam əsasında qısa müddətdə yaradılmış fond bu gün də uğurla fəaliyyət göstərir, dövlətin mətbuata yardım siyasətini praktik surətdə gerçəkləşdirir.
Ümumiyyətlə, xüsusi vurğulamaq olar ki, müstəqillik illərində Azərbaycan mətbuatının inkişafı ilə bağlı üç mühüm sərəncam imzalanmışdır. Bu sərəncamların hər birində mətbuat qarşısında duran əsas vəzifələr müəyyənləşdirilmiş, dövlətin KİV-nin inkişafına yardımının formaları göstərilmiş, yubiley tədbirlərinin mahiyyəti açıqlanmışdır. Eyni zamanda, mətbuatın inkişafı ilə bağlı dövlətin üzərinə götürdüyü öhdəliklər konkret müddəalarda göstərilmişdir.
Bu sənədlərdən birincisi ulu öndər Heydər Əliyevin 2000-ci il 27 mart tarixli "Azərbaycan milli mətbuatının yaranmasının 125 illiyi haqqında" sərəncamıdır. Həmin sərəncamda həmçinin milli mətbuatımızın keçdiyi yola tarixi prizmadan obyektiv qiymət verilirdi. Sirr deyildir ki, hələ ötən əsrin əvvəllərində milli mətbuatın inkişafında böyük rol oynamış nurlu ziyalılar, naşirlər, publisistlər sovetlər birliyi dövründə "burjua yazarları" kimi cəmiyyətə təqdim olunur və mənfi planda göstərilirdilər. Lakin tarixi həqiqət bundan ibarətdir ki, onların hər biri dövlətini sevən ziyalı olaraq xalqa, vətəndaşlara kömək etmək istəyirdi.
"Molla Nəsrəddin" ədəbi məktəbinin nümayəndələri bir üslubda, "Füyuzat" ədəbi məktəbinin üzvləri isə başqa formada fəaliyyət göstərsələr də, xalqın nicatına yol açan mütərəqqi ideyaları təbliğ edirdilər. Məhz bu baxımdan ulu öndərin imzaladığı sərəncamda mətbuat tarixinin yenidən obyektiv şəkildə yazılması zərurəti önə çəkilirdi.
Sərəncamda ikinci vacib məqam sovet dövrü jurnalistikasının müsbət cəhətlərinin obyektiv dəyərləndirilməsi idi. Məlumdur ki, AXC-Müsavat hakimiyyəti dövründə sovet dövrü jurnalistikası birmənalı inkar edilir, onun müsbət cəhətlərinə göz yumulurdu. Belə iddialar səslənirdi ki, bu, kommunist ideallarına xidmət etmiş jurnalistikadır və guya cəmiyyət üçün tamamilə gərəksizdir. Amma ulu öndər Heydər Əliyev konkret fakt, dəlil və sübutlar əsasında bu neqativ yanaşmanın yanlış olduğunu sübuta yetirdi. Düzdür, sovet dövründə mətbuat üzərində həm dövlətin, həm də partiyanın senzurası var idi. Buna baxmayaraq, həmin dövrdə mətbuat dilimizin, mədəniyyətimizin, adət-ənənələrimizin, iqtisadiyyatımızın inkişafında mühüm rol oynamışdır. Həmin dövrdə güclü jurnalist ordusu formalaşmışdır və bütün bu müsbət məqamların üzərindən xətt çəkmək ədalətsizlik olardı. Məhz bu cəhətlərinə görə "Azərbaycan milli mətbuatının yaranmasının 125 illiyi haqqında" fərman mətbuatımız üçün son dərəcə böyük əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin imzaladığı ikinci mühüm sənəd isə mətbuatın 130 illik yubileyi ərəfəsinə təsadüf etdi. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar imzalayan cənab İlham Əliyev jurnalistlərin əməyinə yüksək qiymət verdiyini, onlara arxa, dayaq olduğunu əməli şəkildə sübuta yetirdi. Bu sərəncamlar əsasında milli mətbuatın ilk qaranquşu olan "Əkinçi" qəzetinin 130 illik yubileyi respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olundu, jurnalistlər mükafatlandırıldı, onlara fəxri adlar, habelə prezident təqaüdləri verildi. İyulun 21-də "Gülüstan" sarayında keçirilən təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının inkişafında maraqlı olduğunu, bunun üçün üzərinə düşən bütün vəzifələri həyata keçirəcəyini növbəti dəfə bəyan etdi.
Nəhayət, üçüncü mühüm sənəd yenə də möhtərəm Prezidentimiz İlham Əliyevin 2010-cu il 10 iyun tarixində imzaladığı "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncamdır. Bu sərəncamda da ötən dövrün uğurlarına nəzər salınır və mətbuatın üzərinə yeni dövrün tələblərindən irəli gələn vəzifələr qoyulur. Bugünkü "dəyirmi masa"da biz bu və digər məsələlər ətrafında müzakirələr aparacağıq.
Bahar MURADOVA:
- İlk növbədə, hər birinizi salamlayır, 1875-ci ildə bünövrəsi qoyulan, müxtəlif inkişaf mərhələlərini keçən Azərbaycan milli mətbuatının növbəti yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Düşünürəm ki, "Azərbaycan" qəzeti redaksiyasında start verilən yubiley tədbirləri ölkənin müxtəlif regionlarında yüksək səviyyədə keçiriləcək, Azərbaycan Prezidentinin milli mətbuatın 135 illik yubileyi ilə bağlı imzaladığı sərəncamında mətbuat nümayəndələrinin və eləcə də cəmiyyətin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi baxımından bu tədbirlər stimul rolu oynayacaqdır.
Azərbaycan mətbuatı öyündüyümüz, fəxr etdiyimiz, qürur duyduğumuz dəyərlərdən biridir. Cənab İlham Əliyevin sözügedən sərəncamı Azərbaycan mətbuatının keçdiyi yolu həm xronoloji, həm də məzmun baxımından dövrləşdirməyə imkan verir. Həmin sərəncamda mətbuatın keçdiyi yola, onun oynadığı rola qısa da olsa, nəzər salınır, qiymət verilir, eyni zamanda, qarşıda dayanan vəzifələr göstərilir. Bu vəzifələr çox əhəmiyyətlidir. Çünki istənilən xalqın və millətin özünün dövlətini, ən yüksək səviyyədə insan haqlarını təmin edəcək cəmiyyətini formalaşdırmasında mətbuat çox əhəmiyyətli rol oynayır. Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsas istiqamətlərindən biri də məhz mətbuata qayğıdır, onun öz missiyasını, vəzifələrini yerinə yetirməsinə yaradılan şəraitdir.
Bu şəraitdən
necə istifadə olunur? Mətbuat nümayəndələri bunu
necə dəyərləndirir? Azərbaycan
ictimaiyyəti, Azərbaycan xalqı mətbuatın
inkişafı ilə bağlı hansı istək və
arzulara malikdir, hansı məsələlərə
işıq salınmasını mətbuatdan gözləyir?
Əlbəttə, bütün bunlar əhəmiyyətli
məsələlərdir. Və mətbuatın
öz vəzifəsini yerinə yetirməsi üçün
bu sualların aydın və konkret şəkildə
cavablandırılmasına böyük ehtiyac var. Ümummilli
lider Heydər Əliyevin qısa dəyərləndirməsinə
əsaslansaq, deyə bilərik ki, mətbuat xalqın
tribunasıdır və xalqın tribunası rolunu
oynamalıdır. Mətbuat
özünün informasiya almaq, informasiya ötürmək və
məlumat yaymaq vəzifəsini qanunlarla müəyyən
olunmuş çərçivədə yerinə yetirməklə
yanaşı, ictimaiyyət, eləcə də xalq tərəfindən
üzərinə qoyulmuş vəzifə və öhdəlikləri
yerinə yetirməlidir. Xalqın, dövlətin
inkişaf perspektivlərini nəzərə alanda, milli-mənəvi
dəyərlərini qorumaq baxımından vəzifələrinə
diqqət yetirəndə, əlbəttə, mətbuatın mənəvi
öhdəlikləri, onun üzərinə düşən vəzifələr
çoxluğu daha qabarıq görünür.
Əlbəttə,
bu gün müstəqil mətbuatla yanaşı,
ayrı-ayrı partiyaların, cəmiyyətlərin, ictimai
qurumların, həmçinin dövlət orqanlarının təsis
etdiyi qəzetlər mövcuddur. Eyni zamanda, "Azərbaycan"
qəzeti kimi rəsmi dövlət orqanı var. Bunların hər
birinin məsələlərə yanaşmalarında
köklü fərqlər də hiss olunur. Azərbaycan
ictimaiyyətinin də, xalqın da bu mətbuat orqanlarına
münasibətində formalaşmış stereotip var. Məsələn,
heç kim "Azərbaycan" qəzetindən
və bu qəbildən olan mətbuat orqanlarından qeyri-ciddi
xəbərlər gözləmir. Bu mətbuat
orqanlarının səhifələrində, kütləvi
elektron informasiya vasitələrində hansı informasiya, məlumat
gedirsə, insanlarda onun dəqiqliyinə, səhihliyinə
şübhə yeri qalmır.
Ümummilli
lider Heydər Əliyevin ən ümdə arzusu bu idi ki, Azərbaycan
mətbuatı müstəqil olsun. Müstəqil mətbuatın
yetişməsinə, formalaşmasına hər birimizin
ehtiyacı var. Çünki hər birimizin obyektiv, qərəzsiz,
vicdanlı və fərq qoymayan münasibət
formalaşdırılmasını istəyirik. Biz həqiqətin harada olmasını dərk etmək
üçün məhz bu məsələlərə diqqət
yetirməliyik. Doğrudur, bəzən
maraqlarımız baxımından məsələləri bu və
ya digər formada şərh edə bilərik, amma bu, bizim
siyasi və qrup maraqlarımıza aiddir. Milli
və dövlət maraqlarımızdan yanaşdıqda isə,
burada obyektiv, qərəzsiz müstəqil mətbuatın
işinə çox böyük ehtiyac var.
Çox
yaxşı ki, bu gün özünün bütün
qüsurları, müsbət cəhətləri,
çatışmazlıqları ilə müstəqil mətbuat
formalaşmaqdadır. Əgər 1875-ci ildən 1998-ci ilədək
Azərbaycanda mətbuat özünün formalaşma və təşəkkül
prosesini keçirirdisə, sonrakı illər məhz müstəqil
mətbuatın formalaşması, təşəkkül
tapması dövrü kimi xarakterizə olunur və bizim hər
birimiz bu proseslərdə yaxından iştirak etmişik.
Bu gün mətbuatı
təkcə jurnalistlərin yaradıcılıq sahəsi
adlandırmaq olmaz. Çünki mətbuatın
formalaşmasında öz fikrini ifadə etmək imkanı
olan şəxslər və qurumlar da yaxından iştirak
edirlər. Demək, bizim həm mətbuata
münasibətimizdən, həm də mətbuatda münasibətimizdən
çox şey asılıdır. Biz bu
yolla həm ictimaiyyəti, həm də mətbuatı
düzgün istiqamətə yönəldə bilirik. Amma indi hansını nə qədər yönəldə
bilmişik, bu, başqa söhbətin, müzakirənin
mövzusudur.
Qanun
yaradıcılığı prosesində iştirak edən bir
şəxs kimi mənim üçün qanunların aliliyi və
onların dönmədən həyata keçirilməsi əsasdır. Amma, eyni zamanda, bu
qanunların yerinə yetirilməsi prosesində Azərbaycan
milli-mənəvi dəyərlərinin, mədəniyyətinin,
dəyərlər sisteminin, mentalitetinin, tarixi keçmişinin,
habelə qarşıda dayanan ali məqsədlərin
hansı şəkildə ictimaiyyətə
çatdırılması da mənim üçün
çox maraqlı və önəmlidir.
Düşünürəm ki, mətbuat bir an
da olsa vəzifələrini, hansı xalqa mənsubluğunu,
hansı dəyərlərin daşıyıcısı
olduğunu unutmamalıdır. Çünki informasiyanı
çatdırmaq bir məqsəd ola bilməz.
İnformasiyanı çatdırmaq bizim hansısa ali məqsədimizə xidmət edən vasitə
rolunu oynamalıdır. Bu gün mətbuat təkcə
özünü ifadə etməyin məqsədi yox, həm də
vasitəsi, formasıdır. Bu həm
milli, həm fərdi, həm də qrup mənasında
götürülməlidir. Bütün
bunları uzlaşdırmaq, bir araya gətirmək vəzifəsi,
missiyası isə, əlbəttə, mətbuatın üzərinə
düşür. Bizim hər birimizin rəhbərlik
etdiyimiz qurumlarda, bu qurumların ictimaiyyətlə əlaqələrinin
bir forması olan mətbuat orqanlarında bu kimi məsələlərə
obyektiv yanaşmanın formalaşmasına təsir etmək
kimi vəzifəmiz var və bunu heç zaman
unutmamalıyıq. Bəzən partiya, bəzən
digər maraqlar üstünlük təşkil edərkən,
digər maraqların da öyrənilməsini
qarşımıza məqsəd qoymalıyıq. Çünki demokratik bir cəmiyyət qururuq və
bunu dünyaya bəyan edirik.
Beynəlxalq təşkilatların
tədbirlərində iştirak edərkən, yaxud da
başqa bir ölkədə olarkən Azərbaycanın
iqtisadi uğurları, sosial və mədəni cəhətdən
inkişafı barədə gözəl sözlər
eşidirəm. Eyni zamanda, bizdə çox zəngin və
çoxsaylı mətbuatın mövcudluğu barədə
fikirlərə tez-tez rast gəlirəm. Lakin etiraf edək
ki, "Azərbaycanda mətbuat boğulur", "Azərbaycanda
azad sözə yer yoxdur", "Azərbaycanda sərbəst
toplaşma azadlığı məhdudlaşdırılır"
kimi qərəzli və absurd fikirlərin
qarşılığında bəzən mövqeyini tam və
qəti şəkildə ifadə etmək çətinliyi ilə
üzləşirsən. Çünki bəzi
hallarda bu neqativlər cəmiyyətdə özünə yer
alır. Niyə yer alır - biz bunu
başa düşürük, anlayırıq. Amma digər cəmiyyətlərdə, beynəlxalq
təşkilatlarda, əlbəttə, bunu anlamaq mövqeyindən
çox uzaqdırlar. Axı, onlar özlərini
bizim yerimizdə təsəvvür edə bilməzlər.
Müharibədən böyük maddi-mənəvi zərər
çəkən, ərazisinin 20 faizi işğal altında
olan, uzaq və yaxın qonşularının qısqanc münasibəti
ilə üzləşən Azərbaycanda biz bəzən
müəyyən qanuni məhdudiyyətlərə gedirik. Bu da bizim başlıca məqsədimizə - Azərbaycanın
başlıca sərvəti olan dövlət müstəqilliyinin
qorunmasına, ölkənin inkişafına, vətəndaşların
rahat həyat şəraitinin yaradılmasına xidmət edir.
Lakin bu addımları atarkən biz elə etməliyik
ki, qınaq obyektinə də çevrilməyək.
Düşünürəm
ki, bu gün Azərbaycan mətbuatında kifayət qədər
həm qanuni, həm mənəvi öhdəliklərini dərk
edən, ondan irəli gələn vəzifələri
düzgün müəyyənləşdirən jurnalist ordusu
yetişir. Bu jurnalist ordusuna həm dövlətin, həm cəmiyyətin
diqqət və dəstəyini davam etdirmək lazımdır.
Çünki bu mətbuatın və onun
nümayəndələrinin formalaşması, ilk növbədə,
biz siyasətçilərə, Azərbaycan xalqına, Azərbaycan
ictimaiyyətinə və dövlətinə lazımdır.
Ümidvaram ki,
müzakirələrimiz çox səmərəli keçəcək
və hər birimiz üçün faydalı olacaq. Fürsətdən
istifadə edərək bir daha
saçını-saqqalını mətbuatın
inkişafı yolunda ağardan, qələmini,
düşüncəsini, beynini və təfəkkürünü
Azərbaycan mətbuatının inkişafına yönəldən
insanları hörmətlə yada salıram.
Hamısına hörmət və ehtiramımı
çatdırır, bütün jurnalistləri əlamətdar
yubiley münasibəti ilə təbrik edirəm!
Vüqar ƏLİYEV:
- Milli mətbuatın yubileyi
ərəfəsində təşkil olunan tədbirlər mətbuatımızın
tarixi inkişaf yolunun nəzərdən keçirilməsi və
təhlil edilməsi, əldə olunmuş nailiyyətlərin
qiymətləndirilməsi, mövcud problemlər və
onların həlli ilə bağlı ictimai rəyin öyrənilməsi,
nəticə etibarilə medianın perspektivi ilə
bağlı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu mənada, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
"Azərbaycan milli mətbuatının 135 illik yubileyinin
keçirilməsi haqqında" 2010-cu il 10 iyun tarixli sərəncamında
əks olunmuş olduqca dəyərli, zəngin fikirlər
ictimai müzakirələrin leytmotivini, ana xəttini təşkil
etməlidir. Bütün dövrlərdə təşəbbüskarlığı
ilə seçilən "Azərbaycan" qəzetinin cənab
Prezidentin sərəncamı ətrafında faydalı fikir
mübadiləsinə şərait yaradan tədbir təşkil
etməsi, əlbəttə ki, təqdirəlayiq haldır.
Məlum olduğu kimi, sərəncamda
22 iyul 1875-ci ildə maarifçi, böyük ziyalı və
alim Həsən bəy Zərdabi tərəfindən əsası
qoyulmuş Azərbaycan mətbuatının keçdiyi
inkişaf yolunun əhəmiyyəti vurğulanır, ölkəmizdə
demokratik, plüralist mətbuatın formalaşması və
inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz
xidmətləri, görülmüş işlər qeyd edilir,
mətbuatımızın qarşısında duran vəzifələr
müəyyənləşdirilir və milli mətbuatın
davamlı inkişafının təmin edilməsi məqsədilə
dövlətin həyata keçirdiyi tədbirlər göstərilir.
XIX əsrin
ikinci yarısı, XX əsrin əvvəllərində mətbuatımızın
formalaşması və inkişafı ilə bağlı sərəncamda
əks olunmuş məsələlər artıq şərh
edildiyi üçün, digər vacib məsələlər
barədə fikir bildirməyi zəruri hesab edirəm.
Mübaliğəsiz
demək olar ki, Azərbaycan milli mətbuatı
xalqımızın azadlıq amallarının gerçəkləşməsində,
milli özünüdərkin formalaşması və
inkişafında, milli və ümumbəşəri dəyərlərin
təbliğində böyük rol oynamış,
bütün dövrlərdə həqiqət
carçısı, cəmiyyətin aynası olmuş,
müstəqil dövlət quruculuğuna əhəmiyyətli
töhfə vermişdir. Ötən əsrin sonlarında dövlət
müstəqilliyi əldə edildikdən sonra milli mətbuatımızın
qarşısında yeni perspektivlər
açılmış, Azərbaycan mətbuatı öz
inkişafının mühüm mərhələsinə qədəm
qoymuşdur. Əlbəttə, Azərbaycanda
demokratik, plüralist, müstəqil mətbuatın
formalaşmasından danışarkən ümummilli lider Heydər
Əliyevin xidmətlərini qeyd etməmək mümkün
deyil. Məhz Heydər Əliyevin müəllifi
olduğu Azərbaycan Konstitusiyasında söz və məlumat
azadlığı, hər kəsin sərbəst şəkildə
məlumat almaq və yaymaq hüququ təsbit olundu.
1998-ci ildə Azərbaycanda senzuranın ləğv
olunması, 1999-cu ildə mütərəqqi, beynəlxalq
standartlara uyğun "Kütləvi informasiya vasitələri
haqqında" qanunun qəbul edilməsi, 2000-ci ildə mətbuatın
fəaliyyətini tənzimləyən Mətbuat və
İnformasiya Nazirliyinin ləğv edilməsi, KİV-lərin
davamlı inkişafının təmin edilməsi, onun
maddi-texniki bazasının gücləndirilməsi məqsədilə
fərman və sərəncamların imzalanması, mətbuatın
vergi yükünün azaldılması, onlara kreditlərin
ayrılması və digər tədbirlər ümummilli
liderin Azərbaycan mediasının inkişafına töhfələrinin
natamam siyahısıdır. Azərbaycanda sivil
dövlət-mətbuat, cəmiyyət-mətbuat münasibətlərinin
formalaşması məhz Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndərin
"Azərbaycanda milli mətbuatın yaradılmasının
125 illiyi haqqında" fərmanında mətbuatımızın
tarixi dərin təhlil edilmiş, bu tarixin bütün mərhələlərinə
layiqli qiymət verilmişdir. Ən əsası,
90-cı illərin əvvəllərində mətbuatımızın
sovet dövrünə qarşı
formalaşdırılmış inkarçılıq
psixologiyasının yolverilməzliyi göstərilmiş,
kommunist ideologiyasının güclü təsiri və total nəzarət
altında fəaliyyət göstərən mətbuatımızın
öz milli varlığını qoruyub saxlaya bilməsi, zəngin
ənənələrini davam etdirərək respublikanın
ictimai-siyasi həyatında fəal rol oynaması, fədakar
jurnalistlərimizin əməyi layiqincə qiymətləndirilmişdir.
Cəmiyyətimizin
inkişafının hər bir mərhələsi milli mətbuatımızın
qarşısında yeni vəzifələr müəyyənləşdirir. XlX əsrin
ikinci yarısı, XX əsrin əvvəllərində milli mətbuatımızın
qarşısında duran əsas vəzifə
xalqımızı maarifləndirmək, milli özünüdərk
və azadlıq ideyasını gücləndirmək
olmuşdur. Cümhuriyyət dövründə
müstəqil dövlətçiliyi qorumaq və möhkəmləndirmək,
sovetlər dönəmində öz mövcudluğunu qoruyub
saxlamaq və respublikamızın inkişafına töhfə
vermək əsas məqsədlər idi. Ötən əsrdə
ikinci dəfə müstəqillik əldə edildikdən
sonra milli mətbuatımız dövlətçilik, milli həmrəylik
ideyalarının təbliğ edilməsi, xalqımızın
vahid ideya ətrafında birləşməsində
böyük rol oynamış, daxili və xarici düşmənlərimizə
qarşı ideoloji mübarizə funksiyasını yerinə
yetirmiş, Ermənistanın və erməni lobbisinin
informasiya blokadasının yarılmasında yaxından
iştirak etmişdir.
Bu gün
sürətlə inkişaf edən, regionun lider dövlətinə
çevrilən, beynəlxalq aləmə uğurla inteqrasiya
edən Azərbaycanda kütləvi informasiya vasitələrinin,
mətbuatın qarşısında müasir dövrün tələblərindən
irəli gələn mürəkkəb vəzifələr
durur. Azərbaycan
Prezidentinin sərəncamında qeyd edildiyi kimi, Azərbaycan mətbuatı
müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalətin
və şəffaflığın təmin edilməsində,
milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində,
demokratik özünüdərkin, siyasi mədəniyyətin
inkişafında, milli-mənəvi və ümumbəşəri
dəyərlərin qorunub saxlanması və təbliğində
mühüm rol oynamalı, tədris və maarifləndirmə
sahəsində fəaliyyətini gücləndirməlidir.
Lakin
unutmamalıyıq ki, yaşadığımız informasiya,
sürətli qloballaşma əsrində, dövlətlər
və millətlər arasında sərhədlərin tədricən
silindiyi, milli informasiya məkanı anlayışının
artıq mübahisələrə səbəb olduğu və
vahid informasiya məkanı anlayışı ilə əvəzləndiyi
müasir dövrdə müstəqilliyimizə qarşı təhdidlər
hələ də səngiməmişdir. Ermənistanla müharibə
vəziyyətində cəmiyyətimiz, mətbuatımız
hər an sayıqlıq nümayiş etdirməli, ölkəmizə
qarşı törədilən informasiya təxribatlarına
adekvat cavab verilməli, Azərbaycan Prezidenti tərəfindən
müəyyənləşdirilmiş hücumçu
mövqeyimizi gücləndirmək üçün
bütün səylərimizi səfərbər etməlidir. Bu gün cəmiyyətimizin informasiya təhlükəsizliyinin
təmin edilməsi mətbuatımız üçün
heç də aktuallığını itirməyib, əksinə,
daha böyük zərurətə çevrilib.
Mətbuatın
qarşısında duran vəzifələrdən
danışarkən onun maarifləndirmə funksiyasının
gücləndirilməsinə ehtiyac olduğu açıq
görünür. Təsadüfi deyil ki, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin 2009-cu ildə "Azərbaycan" qəzetində
dərc olunmuş "Azərbaycanın efir məkanı:
problemlər, vəzifələr" adlı məqaləsində
KİV-lərin maarifləndirmə funksiyasının əhəmiyyəti
xüsusi vurğulanır, milli-mənəvi dəyərlərin
qorunması və təbliği sahəsinə diqqətin
artırılması tövsiyə edilir.
Jurnalist peşəkarlığının
yüksəldilməsi, etik prinsiplərə, davranış qaydalarına
riayət olunması, insan hüquqlarına hörmətlə
yanaşılması bu gün vacib məsələlərdən
biridir. Mətbuat
onun adına ləkə gətirən, Azərbaycan
jurnalistikasını nüfuzdan salan, ictimai qınaq obyektinə
çevirən neqativ hallarla mübarizəni gücləndirməlidir.
Mətbuatın özünütənzimləmə
orqanı kimi artıq 7 ildir fəaliyyət göstərən
Mətbuat Şurasının bu istiqamətdə fəaliyyəti,
"reket nəşrlər"ə qarşı kəskin
mübarizəsi cəmiyyət tərəfindən bəyənilir
və dəstəklənir.
Bütün
bunlarla yanaşı, Azərbaycan KİV-in
qarşısında öz təsir dairəsini genişləndirmək,
ölkə hüdudlarından kənarda oxucu auditoriyası əldə
etmək, bölgəmizdə, dünyada tanınmaq və qəbul
edilmək kimi vəzifə durur. Bu gün KİV-lərimiz Cənubi
Qafqazın, Mərkəzi Asiyanın, hətta Qara dəniz
regionunun informasiya məkanı uğrunda mübarizəyə
qoşulmalı, bu bölgələrdə də öz
varlığını nümayiş etdirməyi, söz
sahibinə çevrilməyi bacarmalıdır. Azərbaycan
dövlətinin güclənməsi, onun artan imkanları bunun
üçün zəruri şərait yaradır. Təsadüfi deyil ki, sərəncamda yeni
medianın inkişafı ilə bağlı güclənən
rəqabət mühitində Azərbaycan mətbuatına
bundan sonra da dəstək veriləcəyi birmənalı
şəkildə bəyan edilir, dövlət dəstəyinin
prioritet istiqamətləri göstərilir. Söz və
məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın
maddi-texniki bazasının gücləndirilməsi, müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dövlət
orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın
genişləndirilməsi, jurnalist peşəkarlığının
artırılması, jurnalistlərin sosial müdafiəsinin
gücləndirilməsi və digər sahələr üzrə
dövlət dəstəyinin həyata keçirilməsi
qarşıdan gələn illərdə də davam etdiriləcək.
2008-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən təsdiq
olunmuş "Azərbaycan Respublikasında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Konsepsiyası"nda nəzərdə
tutulmuş müddəaların həyata keçirilməsi
milli mətbuatımızın inkişafına mühüm
töhfədir. Konsepsiyanın tələblərinə
uyğun olaraq 2009-cu ildə yaradılmış Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-lərin
İnkişafına Dövlət Dəstəyi Fondu artıq
ikinci ildir ki, mətbuat orqanlarının və jurnalist təşkilatlarının
layihələrini maliyyələşdirir, jurnalist müsabiqələri
keçirir və onlara yüksək məbləğdə pul
mükafatları verir. Qarşıdan gələn
illərdə Fondun vəsaitinin artırılması, Konsepsiyanın
tələblərinə müvafiq olaraq mətbuata dəstək
mexanizminin təkmilləşdirilməsi nəzərdə
tutulur.
Göründüyü kimi,
ölkəmizdə müstəqil, demokratik mətbuatın
inkişafı istiqamətində tədbirlərin bundan sonra
da davam etdirilməsi ilə bağlı siyasi iradə var.
Yuxarıda göstərilmiş məsələlər, habelə
sərəncama uyğun olaraq milli mətbuatın 135 illiyinin
geniş qeyd edilməsi, mətbuatımızın
inkişafında əməyi olan jurnalistlərin
mükafatlandırılması ilə bağlı tədbirlərin
həyata keçirilməsi bu iradənin əyani göstəricisidir.
Hesab edirəm
ki, "Azərbaycan" qəzetinin təşkil etdiyi bu tədbir
maraqlı, mətbuatımız üçün
lazımlı ideyalarla zəngin olacaq və milli mətbuatımızın
tarixi, perspektivi ilə bağlı səmərəli
diskussiyalara, müzakirələrə təkan verəcək.
Rəbiyyət ASLANOVA:
- Milli-mənəvi dəyərlərin
qorunması və təbliğində mətbuatın rolu
olduqca böyükdür. Mövzuya keçməmişdən
əvvəl yaşadığımız gerçəklik və
medianın cəmiyyətdəki rolu barədə
danışmaq istərdim. Azərbaycan
keyfiyyətcə yeni dövrə qədəm qoyub. Bu gün sosial institutlaşmanın keyfiyyət və
kəmiyyət baxımından inkişafının elə
dövrüdür ki, Azərbaycan bu dəyişikliklərdən
kənarda qalmır. Dünyaya inteqrasiya,
modernləşmə yolunu strateji hədəf hesab edən Azərbaycan
beynəlxalq təcrübələrdən bəhrələnib
yeni məkanlara daxil olur. Respublikanın
daxil olduğu yeni məkanlardan biri də dünya media məkanıdır.
Dünya media məkanı öz qanunları, tələbləri,
reallıqları, modelləri olan məkandır. Media məkanının
sakini olmaq, orada layiqli yer tutmaq üçün Azərbaycan mətbuatı
çox iş görməlidir.
Bu gün Azərbaycanda
medianın durumunu, təkcə lokal məkanda analiz etmək
olmaz. Bu məsələ regional səviyyədə də
deyil, qlobal miqyasda araşdırılmalıdır. Əgər mətbuatımız Azərbaycan
gerçəkliyini dünyaya olduğu kimi çatdırmaq
iqtidarında deyilsə, yalnız ölkə içində fəaliyyətini
məhdudlaşdırırsa, bunun elə bir əhəmiyyəti
olmayacaq. Ölkə
başçısı tərəfindən təsdiq edilən
konsepsiyada Azərbaycanın dünya mətbuat məkanında
layiqli yerini tuta bilməsi mühüm vəzifələrdən
biri kimi göstərilir. Dünya media məkanı
sərhədi olmayan, informasiya texnologiyaları
baxımından son dərəcə inkişaf etmiş virtual
aləmdir, mövcud reallığa paralel dünyadır.
Bu məkana hər bir şəxs rahat daxil olub
istənilən sahəyə dair informasyia götürə bilər.
Məşhur bir prinsip var - eyni vaxtda müxtəlif
məkanlarda olmaq. Bu mənada, hazırda ən
qiymətli əmtəəyə çevrilmiş
informasiyanı almaq və onu vətəndaşlara
çatdırmaq başlıca vəzifə kimi qarşıda
dayanır. Azərbaycan barədə
informasiyaların dünyaya olduğu kimi
çatdırılması çox böyük vəzifə
kimi ölkə mətbuatının qarşısında
dayanır. Hazırda dövlət
anlayışının yanında elektron dövlət,
elektron hökumət anlayışları da özünə
yer alıb. Bütün bunları nəzərə
alaraq bu gün Azərbaycan mətbuatının mövcud
durumunu təhlil etməliyik.
Azərbaycan mətbuatından
danışanda bu məsələni yalnız ölkə
hüdudları çərçivəsində müzakirə
etməli oluruq. Ancaq biz paralellər aparmaqla müzakirə
imkanlarını genişləndirə bilərik. Xatırladım ki, Azərbaycan MDB məkanında,
eləcə də Şərqi Avropa ölkələri
arasında qəzetlərin sayına görə birinci yerdədir.
Sual meydana çıxır ki, bu qədər qəzet
bolluğunda rəqabətə davamlı mətbuatımız
varmı? Dünya media məkanının
bir üzvünə çevrilmək üçün Azərbaycan
mediasının üzərinə böyük vəzifələr
düşür. Bunun üçün
media məkanında layiqli yerimizi tutmalıyıq.
Milli-mənəvi
dəyərlərdən danışırıqsa, ilk növbədə,
onu necə qorumağın yollarını düşünməliyik. Bu gün media
bilməlidir ki, Azərbaycana hansı tərəfdən və
hansı xarakterli təzyiqlər var. Xüsusilə informasiya təhlükəsizliyimizin
təmin olunması, ona qarşı yönələn hər
hansı hallara qarşı atacağımız
addımları qabaqcadan müəyyənləşdirməliyik.
Medianın elə
imkanı var ki, o, istədiyi vaxtda xalqın milli-mənəvi
dəyərlərinə zərbə vura, eyni zamanda, milli-mənəvi
müqavimət qüvvəsini yarada bilər. Əgər bir
ölkənin informasiya məkanı yoxdursa, deməli, o,
ümumiyyətlə, yoxdur. Buna görə
də gözlənilən təhlükələr barədə
cəmiyyətə məlumatları vaxtında
çatdırmaq informasiya vasitələrinin borcudur. Belə
bir ifadə də var: mənəvi vakuum və mənəvi
panika. Yəni, bu və ya digər ölkə
içərisində mənəvi dayaqları sarsıtmaq
üçün, ilk növbədə, mənəvi panika
yaradılır və insanların şüuruna təsir
edilir.
Zorakılığın,
insana qarşı çevrilmiş hansısa hisslərin,
duyğuların insan beynində oturuşması
üçün ayrıca tədbirlər həyata keçirilir. Bu, məsələ
ilə dünyanın bir sıra ölkələrində
xüsusi institutlar, elmi mərkəzlər məşğul
olur. Sivilizasiyaların toqquşması məsələsi
də adi bir tədqiqat işi deyildi. Bu,
dünyanı gözləyə biləcək fəlakətlərdən,
hətta süni fəlakətlərdən belə
insanların şok yaşaması üçün
görülən tədbirlər idi.
Çıxışların
birində vurğulandı ki, jurnalistin etik davranış
qaydalarına əməl olmalıdır. Hazırda
dövlətlər üçün də etik kodekslər
hazırlanır. 2007-ci ilin sentyabrında
Strasburqda Avropa ölkələrinin birgə toplantısı
keçirildi. Toplantıda dövlətlərə
qarşı çevrilmiş informasiyanın
qarşısını almaq üçün medianın etik
kodeksi qəbul edildi.
Bu etik kodeksdə
yazılır ki, ayrı-ayrı dövlətlərə
qarşı yönəlmiş hər hansı zidd məlumatın,
milli-mənəvi dəyərlərə xələl gətirən
informasiyanın qarşısını almaq üçün
dövlətlər üzərlərinə öhdəliklər
götürürlər. Bu kodeksi imzalayan ölkələr faktiki
olaraq media məkanının sağlamlığının
qorunmasına xidmət edirlər.
Milli-mənəvi
dəyər - fərdin, sosial qrupun, kollektivin əsrlər boyu
qoruduğu, düşüncə tərzinə çevirdiyi
davranışına təsir edən şüuraltı məqamların
gerçəkləşməsidir. Əsrlərdən
bugünə qədər bu və ya digər prinsipləri
qorumuşuqsa, onları sınaqdan keçirmişiksə və
bu dəyərlərin cəmiyyətin tərəqqisinə
xidmət etdiyinin şahidi olmuşuqsa, deməli, bundan sonra da
qorumaq lazım gələcək. Milli-mənəvi
dəyərlər altında konservativ düşüncənin,
prinsiplərin, tərəqqiyə xidmət etməyən məqamların
qorunmasının əleyhinəyəm. Azərbaycan
dünyadan təcrid edilmiş ölkə deyil, dünyaya
açıq cəmiyyətdir. Dünyada nə
uğurlu məqam varsa, Azərbaycanın tərəqqisinə,
inkişafına yardım edirsə, biz bunu qəbul etməliyik.
Mentalitet sözü altında pərdələnmək,
onun arxasında gizlənmək lazım deyil. Hadisələrə bu gün yeni düşüncə
tərzi ilə baxılmalıdır. Milli-mənəvi
dəyərlər mənim dilim, tarixim, dinim, əxlaqi keyfiyyətlərimdir.
Amma, eyni zamanda, sabaha da baxışımdır.
Çünki sabah üçün Azərbaycan
cəmiyyətini dünyaya bütün sahələrdə
inkişaf etmiş ölkə kimi təqdim etməyəcəyiksə,
inteqrasiyadan söhbət açmağa dəyməz. Bu baxımdan milli-mənəvi dəyərlərin
qorunmasında mətbuatın rolu çox böyükdür.
Azərbaycan qəzetləri
arasında sosioloji sorğu aparsaq, görərik ki, 30 faizi ən
müxtəlif sahələrə dair informasiyalar verir, 40 faizi
yalnız şou aləmi ilə bağlı informasiyalar təqdim
edirlər. 20 faizi xarici ölkələrdə baş verən
hansısa olaylarla bağlı, əsasən də
insanların şüuruna mənfi təsir göstərən
məlumatlar verirlər. Yalnız 10 faiz qəzet
materialları maarifçiliyə xidmət edir. Belə olan təqdirdə milli-mənəvi dəyərlərin
qorunmasından söhbət açmağa dəyməz.
Milli-mənəvi dəyər təkcə
keçmişə olan münasibət deyil, həm də bu
gün yaşayan insanların dəyərini, qiymətini vermək
bacarığıdır. Milli-mənəvi
dəyər həm də yüksək vətənpərvərlik
hissidir. Təəssüflə qeyd edirəm
ki, Vətənin keşiyində dayanan Azərbaycan əsgərinin
obrazı bu gün qəzetlərimizdə öz yerini
tapmır. Necə ola bilər ki, qəzetlərdə
sıravi əsgərimiz haqqında yazı dərc edilmir. Bu,
təkcə əsgərlərə aid məsələ deyil! Azərbaycanda bütün şüurlu fəaliyyətini
elmə, mədəniyyətə, tərəqqiyə həsr
edən insanlar var ki, bu gün onlar haqqında da Azərbaycan gəncliyi
heç bir məlumat əldə edə bilmir. Nəyə görə Azərbaycan gənci cəmiyyətdə
layiqli yer tutan müəllimin, həkimin gördüyü
işlər barədə məlumat əldə edə bilməsin?
Milli-mənəvi dəyər abstrakt məfhum deyil! Milli-mənəvi dəyər həmişəyaşar
universal prinsipdir. Bu da insanların iç
dünyasına hökmranlıq etməlidir. İnsanlar
bir vaxtlar deyirdilər ki, dünyanı ideyalar idarə edir.
Bü gün isə dünyanı informasiyalar
idarə edir. Bu gün müsbət
informasiyalarla gənclərimizin şüurunu zənginləşdirməliyik
ki, əsl Azərbaycan vətəndaşı yetişdirə
bilək. Bu baxımdan Azərbaycan
mediası qarşısında çox ciddi vəzifələr
dayanır. Birincisi, Azərbaycan mühitində
informasiya təhlükəsizliyinin təmin edilməsidir.
Ola bilər ki, bununla bağlı ayrı bir
qanunun qəbul edilməsinə ehtiyac yaransın. Milli-mənəvi dəyərlərə təhlükə
yaradan, onun dağılmasına yönələn hər
hansı informasiyanın qarşısı
alınmalıdır. Həmin mətbuat
orqanı, televiziya kanalı çox ciddi şəkildə cəzalandırılmalıdır.
Azərbaycanda bununla əlaqədar xüsusi
araşdırma mərkəzi yaradılmalıdır. Bu mühit qorunmalıdır. Dünyanın
hər bir yerində sosioloji tədqiqatlar aparılır,
ictimai rəyin öyrənilməsi ilə bağlı
böyük elmi mərkəzlər fəaliyyət göstərir.
XX əsrin əvvəllərində
Corc Gellap mərkəzi yaradıldı və bugünə qədər
də fəaliyyət göstərir. Cəmiyyətdə
baş verən hadisələri, müəyyən rəyləri
öyrənir. Cəmiyyətin içərisindəki
dalğavari prosesləri öyrənir və müəyyən
nəticələrə gəlir. Bu, əslində,
dövlətə, cəmiyyətə xidmətdir. Azərbaycan mətbuatının bu gün elmi
analizini verən tədqiqat işləri, elmi mərkəzlər
yoxdur. İnformasiyalı cəmiyyətdə
yaşayırıq, bunun xarakterini, inkişaf xüsusiyyətlərini,
qarşılaşa biləcəyi çətinlikləri
öyrənə biləcək tədqiqatçılarımız
yoxdur. Biz gözlənilən situasiyalara
hazır olmalıyıq. Azərbaycan
1991-1993-cü illərdə informasiya blokadasında idi. Belə ağır vəziyyətdə ölkədə
baş verənlərin kənara çatdırılması
ciddi problemə çevrilmişdir. Azərbaycanın
dünyaya tanıdılması üçün ölkə
daxilində sensasiya ardınca qaçan jurnalistlərə
deyil, siyasi analizlər verə bilən peşəkarlara ehtiyac
var. Sevindirici haldır ki, televiziya akademiyası
yaradılıb və istərdim ki, jurnalist akademiyası da
yaradılsın.
Sonda ümidvar
olduğumu bildirmək istərdim ki, ölkə
başçısının sərəncamından irəli gələn
vəzifələrin gerçəkləşdirilməsi
üçün konkret addımlar atılacaqdır.
Mübariz QURBANLI:
- Hesab edirəm ki, burada səslənən
fikirlər Azərbaycan mətbuatının keçdiyi yola nəzər
salmaqla bərabər, qarşıda duran vəzifələrlə
bağlı mühüm və əhəmiyyətli tezisləri
ortaya qoydu. Məşhur bir filosof bildirib ki,
hansı bir millət üç suala cavab verə bilərsə,
o millətin problemi olmayacaq. Haradan gəldiyni,
harada olduğunu və hara getdiyini dəqiq müəyyən
edə bilən millətlər dünyanın aparıcı
millətlərindən birinə çevrilir. Tarixə nəzər saldıqda görürük
ki, bu prinsiplər əsasında siyasətini qurmağa qadir
olan millətlərin, xalqların və hazırda
"Dünya vətəndaşıyam" deyənlərin
sayı artmaqdadır. Hansı ölkədə
yaşamasından asılı olmayaraq, məskunlaşdığı
ölkənin qanunlarına tabe olaraq həmin ölkədə
müəyyən siyasi karyera, elmi karyera əldə edən
insanlar var. Bütün bunlarla yanaşı, millilik, milli
özünüdərk və milli sərhədlər çərçivəsində
millətini inkişaf etdirmək ideyası hələ də
mövcuddur və bu ideyanı müəyyən formada kürəsəlləşmə
fonunda başqa səkildə görməkdəyik.
Azərbaycan mətbuat
tarixi böyük yol keçib və bu barədə fikirlər
səsləndi. Dövlət
başçısının sərəncamı ilə Azərbaycan
mətbuatının 135 illiyi ölkə miqyasında qeyd
olunacaq, bir daha ölkə mətbuatının keçdiyi
yola nəzər salınacaq. 135 il
şərti xarakter daşıyır. Azərbaycanda
mətbuatın meydana gəlməsi hələ bir qədər
əvvəlki dövrlərə gedib çıxır. Bu tarixi "Əkinçi" qəzetinin meydana gəlməsi
ilə qəbul etmişik. Dünyanın
özündə də mətbuatın meydana gəlməsi ilə
bağlı fərqli yanaşmalar mövcuddur. Qədim
Misirdə çap məmulatı yox idi, gil
və papirus üzərində heroqliflərlə
yazırdılar. Orada da müasir mətbuatın
funksiyasını üzərinə götürməyə
qadir olan məlumatların yayıldığını
müşahidə edə bilirik. Papirus
kağızları üzərində Misir fironlarının fərmanlarını
və ya həmin dövrdə baş vermiş hadisələrin
qısa xronikasını görmək mümkündür.
Bunun özü göstərir ki, insanların
müəyyən informasiyaları yaymaq istəyi qədimdən
mövcud olub. Təbii ki, sonrakı
dövrlərdə texnologiyanın inkişafı indiki anlamda
yazılı mətbuatı ortaya qoydu. Bu
gün mətbuat əsrin əvvəllərində olan mətbuat
deyil. Bu gün mətbuatın özü də
dəyişikliklərə uyğun surətdə dəyişməkdədir.
Mətbuat bu gün kollektiv təşkilatçı
və kollektiv təbliğatçı da deyil. Bu gün mətbuatın üzərinə götürdüyü
əsas funksiyalardan biri də hər bir xalqın tarixi ənənələrini,
milli adət-ənənələrini, düşüncə və
həyat tərzini müəyyən mənada cəmiyyətə
çatdırmaqdır. Mətbuat bir tərəfdən
informasiya verirsə, digər tərəfdən maarifləndirici
rol oynayır. Cəmiyyətin müəyyən
təbəqəsini bu və ya digər ideya ətrafında
birləşdirir.
"Dünyanı
ideyalar idarə edir" fikri artıq öz yerini informasiyaya
verib. Bu gün doğrudan da informasiya həlledici rol
oynayır. Bu informasiyanın içərisində
yenə də müəyyən ideyanın ətrafında birləşməyin
zəruri olduğunu görməkdəyik. İstənilən
cəmiyyət bu və ya digər ideya ətrafında birləşir.
Azərbaycan xalqını vahid ideya çətiri
altında birləşdirmək istəyi həmişə
olub. Əvvəlki dövrlərdə, yəni
orta əsrlərdə bu, dini xarakterdə özünü
büruzə verib. M.F.Axundovdan
başlamış C.Məmmədquluzadənin "Molla Nəsrəddin"
jurnalınadək - maarifçilik dövründə ideya
axtarışları olub. İdeya
axtarışının məqsədi Azərbaycan
xalqını hansısa ideya ətrafında birləşdirərək
müasir dünyanın tələblərinə uyğun
şəklə gətirmək, eyni zamanda, müasir
dünyanın bir üzvünə çevirmək idi. Sonrakı dövrlərdə azərbaycançılıq
ideyası meydana gəldi. Azərbaycançılıq
bir ideya kimi ümummilli lider Heydər Əliyev tərəfindən
irəli sürülüb və hazırda Azərbaycan
xalqı bu ideya ətrafında birləşib. Bəzən ideya, ideoloji mübarizə məsələlərindən
danışarkən bunu kommunist dövrü rejiminə transfer
etməyə çalışırlar. Düşünürəm
ki, bu gün dünyada elə bir dövlət yoxdur ki. hansısa bir ideyaya söykənməsin. İslam dünyası ölkələrini
götürsək, onlarda əsasən müqəddəs kitab
olan "Qurani-Kərim"in prinsipləri dövlətin əsasları
kimi götürülür. Söhbət
heç də teokratik dövlətdən getmir. İslam dünyasına mənsub ölkələrin
idarə formasından gedir və onlar islamın təməl
prinsipinə söykənərək ölkəni yönəltməyə
çalışırlar. Qərb ölkələrində
də xristian ideyalarının dövlətin əsaslarında
dayandığını görürük.
ABŞ-da
ölkənin təməlini qoyan şəxslərin müəyyən
etdiyi prinsipləri əsas götürürlər. Fransada bu
gün beşinci respublika fəaliyyət göstərir.
Lakin hazırda da Fransa inqilabı dövründəki
prinsipial ideyalar dövlətin təməl prinsiplərini təşkil
edir. Bizə strateji müttəfiq olan
Türkiyə Respublikasında Atatürk tərəfindən
müəyyən edilmiş prinsiplər bu gün də
Türkiyə üçün əsas prinsiplər olaraq
götürülür. Azərbaycanda da Azərbaycan
dövlətinin təməl prinsipləri vardır. Bu təməl prinsipləri ümummilli lider Heydər
Əliyev tərəfindən müəyyən olunubdur. Bu təməl prinsipləri üzərində
Prezident İlham Əliyev Azərbaycanı ideoloji, siyasi,
iqtisadi, mənəvi, psixoloji sahədə irəliyə
aparır. Mətbuatda da bu barədə
geniş yazılar gedir. "Azərbaycan" qəzetinin
təşəbbüsü ilə Azərbaycan Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında
ölkənin tanınmış alimlərinin iştirakı
ilə toplantı keçirilmiş, Azərbaycanın söykəndiyi
təməl prinsipləri ilə bağlı müzakirələr
aparılmış, akademik Ramiz Mehdiyevin bu sahədəki əsərlərinin
ictimai dəyəri xüsusi vurğulanmışdır. "Azərbaycan" qəzetində bununla
bağlı geniş müzakirələr
açılmış, dəyərli kitablar nəşr
olunmuşdur. Azərbaycan dövlətinın
təməl prinsipləri Konstitusiyamızda və
qanunlarımızda da öz əksini tapmışdır.
Bunlardan ikincisi
vətəndaş həmrəyliyi prinsipidir. Bu da Azərbaycanda
praktik olaraq ümummilli lider Heydər Əliyev tərəfindən
irəliyə sürülən, 1993-cü ildəki gərgin
vəziyyətdə tətbiq olunan və bu gün də özünü
doğruldan prinsipdir. İqtidarla müxalifət
arasındakı siyasi mübarizə vətəndaş həmrəyliyi
prinsipinə heç də zərər gətirmir. Siyasi mübarizə vətəndaş həmrəyliyi
anlayışı ilə tərs mütənasib deyildir.
Vətəndaş həmrəyliyi mövcuddur,
amma siyasi mübarizə də gedir. Azərbaycanda
vətəndaş həmrəyliyi prinsipi dövlətçilik
prinsipi olaraq mövcuddur və bu prinsipi ümummilli lider Heydər
Əliyev müəyyənləşdirib.
Müstəqil
dövlətçilik prinsipi də ulu öndər Heydər Əliyev
tərəfindən müəyyənləşdirilib. Müstəqil
dövlətin dönməzliyinin təmin edilməsi, iqtisadi
mülkiyyət münasibətləri, sosial ədalət
prinsipi də dövlətin təməl prinsiplərindən
biri kimi götürülür. Cəmiyyətin
əsasında ədalət dayanmırsa, həmin cəmiyyətdə
gec-tez toqquşmalar baş verir, ədalət prinsiplərinin
müəyyənləşdirilməsi heç də bazar
münasibətlərini inkar etmir. Ədalət
prinsipinin qorunması ədalətli şəkildə iqtisadi
münasibətlərin qurulmasını və eyni zamanda,
bütün məsələlərə ədalətli
yanaşmanı önə çəkir. 2009-cu
ilin 18 martında Azərbaycan Konstitusiyasına əlavə və
dəyişikliklər ediləndə sosial ədalət
prinsipi xüsusi olaraq önə çəkilmişdir.
Siyasi varislik
prinsipi də vardır ki, onun da əsasında məhz siyasi
varislik dayanır. Söhbət hakimiyyətin seçki yolu
ilə kiməsə keçməsindən deyil, siyasətin
varisliyindən gedir. Cənab İlham Əliyev
ümummilli lider Heydər Əliyevin övladı olaraq deyil,
özünün siyasi fəaliyyətinin nəticəsi,
liderliyi, şəxsiyyəti, Yeni Azərbaycan Partiyası
üzvlərinin, milyonların müdafiəsi nəticəsində
Prezident seçilmişdir.
Bu gün Azərbaycan
Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və
siyasi varisidir.
Demokratik Cümhuriyyətin varisi olaraq Azərbaycan
dövlət idarə forması müəyyənləşdirib.
Azərbaycanda siyasi sistem, mülkiyyət
münasibətləri, xarici siyasətin prinsipial istiqamətləri
müəyyənləşib. Bunların dəyişdirilməsi
Azərbaycan üçün böyük təhlükələr
törədə bilər. Azərbaycanda bu
sadalanan prinsiplərdən kənara çıxmaq ümumi
prinsiplərdən uzaqlaşmaq demək olar.
Başqa bir
prinsip qanunun aliliyi prinsipidir ki, hamı qanun
qarşısında bərabərdir. Bu prinsiplərə
söykənmədən, bu prinsipləri cəmiyyətə təbliğ,
təşviq etmədən Azərbaycan xalqının əldə
etdiyi müstəqilliyi daha da möhkəmləndirərək
irəliyə apara bilmərik. Prezident
İlham Əliyev bu prinsiplərə söykənməklə
Azərbaycanı bölgədə lider dövlətə
çevirib. Bu prinsiplər zamana uyğun
olaraq keyfiyyətcə bu və ya digər formada dəyişilir.
Bu məsələlərin təbliğində mətbuatın
da üzərinə böyük iş düşür.
"Azərbaycan"
qəzeti bu istiqamətdə çox böyük işlər
həyata keçirir. Azərbaycan mətbuatı Həsən bəy
Zərdabinin əsasını qoyduğu "Əkinçi"
qəzetinin təməl prinsiplərini əsas götürməklə
XXI əsr texnologiyasını mənimsəməlidir. Əks təqdirdə, biz geriyə qayıda bilərik.
Umud RƏHİMOĞLU:
- Mən əvvəlcə
"Azərbaycan" qəzetinə təşəkkür
edirəm ki, bu formatda əhəmiyyətli bir tədbir
keçirir. Söhbətimə həmişə
vurğuladığım bir fikirlə başlamaq istərdim.
Bu gün Azərbaycan jurnalistinin məsuliyyəti bizim səngərdə
duran əsgərin məsuliyyətindən heç də az deyil! Bu gün 4500-dən
çox qəzetdə çalışan jurnalistlərin
reallıqda fəaliyyəti nədən ibarətdir?
Buradakı
müzakirələrdə sovet dönəmindəki
jurnalistikaya da toxunuldu. Həmin dövrdə adi korrektor vəzifəsini
tutan şəxs cəmiyyətdə sayılan, hörmət
edilən bir insan idi. Lakin çox təəssüflər
olsun ki, bu gün azad sözün qiyməti çox aşağı
düşüb. Bu gün cibində baş redaktorun, onun
müavininin vəsiqəsini gəzdirən minlərlə adam var. Bunların hamısı bizim
jurnalistikamızda peşəkarlığa ləkə gətirən,
utanc verən, onun səviyyəsini aşağı salan
faktlardır.
Azərbaycan
Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun həyata keçirdiyi layihələr də məhz
milli mətbuatımızın peşəkarlıq səviyyəsini
yüksəltməyə xidmət edir. Fond
yaradılandan sonra onun Müşahidə Şurasının
bir neçə üzvü Avstriyada - Vyanada səfərdə
oldu. Azərbaycan qədər əhalisi
olan bu məmləkətdə dövlətin ildə KİV-ə
ayırdığı vəsait 14 milyon avro təşkil edir.
Onlara belə bir sual verdik ki, əgər dövlət
tərəfindən bu dəstək kəsilsə, nə olar?
Bizə birmənalı şəkildə cavab
verdilər ki, fəlakət baş verər. Biz orada bir sıra qurumlarla görüşlər
keçirdik və Fond yaranandan sonra mətbuatda baş
vermiş dəyişikliklərlə bağlı xeyli
müqayisələr apardıq. Dövlətin
KİV-ə dəstək göstərdiyi ölkələrdə
medianın, mətbuatın müstəqilliyindən daha
çox danışılır. Orada
dövlətin KİV-ə göstərdiyi dəstək
çox böyükdür. Bu dəstək
müxtəlif formalarda həyata keçirilir.
Bu gün
üçün ölkəmizdə KİV-ə olan dəstəyi
də çox yüksək qiymətləndirirəm. Hesab edirəm
ki, ölkəmizin iqtisadi imkanları artdıqca, mətbuata
göstərilən yardımların həcmi də artacaq.
İndiyə kimi Fond həm mexaniki, həm təşkilati,
həm texniki, həm də konsultativ şəkildə mətbuata
yardımlar edib. Ayrı-ayrı layihələrə
qrantlar ayrılıb. Bu prosesdə peşəkar
müşahidəçilərin, jurnalistlərin
iştirakı, şəffaflığın maksimum dərəcədə
qorunması KİV-in inkişafına Dövlət Dəstəyi
Fondunun əsas uğurudur. Uğurlu məqamlardan
biri də məhz budur ki, maliyyə ayrılarkən siyasi
mövqeyinə görə qəzetlərə heç bir fərq
qoyulmur. Yəni, ayrı-seçkiliyə
yol verilmədən müxalifət qəzetlərinə də
kifayət qədər yardım göstərilir.
Azərbaycan.- 2010.- 25 iyun- S. 3. 4.5.