Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırıb

 

Dünən keçirilən üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında muxtar respublikada qanunvericilik sisteminin təkmilləşdirilməsi və regionun sosial-iqtisadi həyatı ilə bağlı bir çox məsələlər müzakirə olunub. Ali Məclisin sədri Vasif Talıbovun sədrliyi ilə keçirilən sessiyanın bu dəfəki iclasında deputatlar əvvəlcə muxtar respublikanın 2009-cu il dövlət büdcəsinin icrasına münasibət bildiriblər. Sonra "Naxçıvan Muxtar Respublikasının 2010-cu ilin dövlət büdcəsi haqqında" muxtar respublika parlamentinin 28 dekabr 2009-cu il tarixli qərarına dəyişikliklər edilib. Hər iki məsələ ilə bağlı muxtar respublikanın maliyyə naziri Xalid İsgəndərovun məlumatı dinlənilib, Ali Məclisin müvafiq qərarı qəbul olunub.

İclasda "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi, "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında məsələlər də müzakirə olunub.

Növbəti beş il ərzində Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının yeni tərkibi də sessiyanın bu iclasında təsdiq olunub. Muxtar Respublika Ali Məclisinə Seçkilər haqqında Qanunun müvafiq maddəsinə əsasən, MSK-nın üzvləri muxtar respublikanın ali vəzifəli şəxsinin təklifi ilə Ali Məclis tərəfindən təsdiq olunur.

Deputatlar sessiyalararası dövrdə Ali Məclis Sədrinin fərmanlarının təsdiq edilməsinə də səs verdilər.

Sessiyanın iclasında muxtar respublikanın iqtisadi həyatı ilə bağlı digər məsələlər də müzakirə edilib. Yaz əkinlərinin yekunu, taxıl biçininə hazırlığın vəziyyəti və daxili bazarın qorunması tədbirləri ilə bağlı məsələnin müzakirəsində muxtar respublikanın kənd təsərrüfatı naziri Məmməd Abbasovun, iqtisadi inkişaf naziri Famil Seyidovun, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədovun, Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılovun, "Naxçıvan Aqrolizinq" ASC-nin direktoru Vasif Məmmədovun məlumatları dinlənilib.

Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov müzakirə olunan məsələ ilə əlaqədar çıxış edərək, bu sahədə görülən işlərdən və həlli vacib problemlərdən danışıb. Müzakirə olunan məsələ ilə əlaqədar Ali Məclisin müvafiq qərarı qəbul olunub.

Bununla da üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırıb.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2010.-25  iyun- S.  6.