Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin
2010-2014-cü illər üzrə üzvü
seçilmişdir
Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2010-2014-cü illər üzrə üzvü seçilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Hökumətlərarası Komitəyə seçkilər iyunun 24-də YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının iştirakçı dövlətlərinin Parisdə keçirilən Baş Assambleyasının 3-cü sessiyası zamanı keçirilmişdir.
Azərbaycanın namizədliyinin seçkilərdə dəstəklənməsinə nail olmaq məqsədi ilə YUNESKO üzrə Azərbaycanın Milli Komissiyası, ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəliyi və respublikamızın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri tərəfindən müvafiq işlər aparılmışdır.
Komitə təşkilatın nüfuzlu qurumlarından biri hesab edilir. Ümumiyyətlə, qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi məsələsi məhz həmin komitədə müzakirə olunur və müvafiq qərarlar qəbul edilir.
Azərbaycanın komitəyə üzv qəbul olunması dünyanın qeyri-maddi mədəni irsinin qorunması ilə bağlı məsələlərin müzakirəsində ölkəmizin əhəmiyyətli rol oynamasına, eləcə də Azərbaycanın mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi istiqamətində daha fəal iş aparılmasına şərait yaradacaqdır.
Qeyd edək ki, qurumun hökumətlərarası komitəsi 24 nümayəndədən ibarətdir.
Azərbaycan ilə yanaşı, komitəyə namizədliyini irəli sürən Ermənistan kifayət qədər səs toplaya bilmədiyi üçün seçkilərdə məğlub olmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 25
iyun- S. 6.