İslam İnkişaf
Bankı Qrupunun Bakıda keçirilən
5-ci Qlobal Forumu və
Müdirlər Şurasının 35-ci iclası başa çatmışdır
İyunun 24-də İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən 5-ci Qlobal Forumu, 21-ci illik simpoziumu və Müdirlər Şurasının 35-ci iclası başa çatmışdır.
Bağlanış mərasimində Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat vermişdir ki, iyunun 23-də İİB-in "Böhrandan sonra üzv ölkələrdə ərzaq təhlükəsizliyinə nail olmaq" mövzusunda 21-ci illik simpoziumu keçirilmişdir. Müzakirələrdə çox vacib təkliflər irəli sürülmüşdür.
Bildirilmişdir ki, simpoziumda ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı görülməli işlər əsas müzakirə mövzusu olmuş, vurğulanmışdır ki, böhrandan sonrakı dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində hər hansı mexanizmin yaradılması vacib vəzifədir. Bununla əlaqədar bir sıra ümumi faktorlar müəyyənləşdirilmişdir: üzv ölkələrdə kiçik fermer təsərrüfatlarının aşağı məhsuldarlığı, qeyri-səmərəli suvarma sistemləri, zəif kənd infrastrukturu, kənd təsərrüfatına lazımi vəsaitin ayrılmaması. Ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi qlobal, regional və milli səviyyələrdə tədbirlər görülməsini tələb edir. Bu baxımdan tərəfdaşlıq mühüm rol oynayacaqdır. Açıq ticarət axını və effektiv bazarlar ərzaq təhlükəsizliyinin gücləndirilməsində müsbət rol oynayır. Ümumiyyətlə, ticarəti təşviq etmədən ərzaq təhlükəsizliyinə nail olmaq mümkün deyildir. Kənd təsərrüfatının və kənd yerlərinin inkişafına xüsusi diqqət yetirilməlidir. Dövlət və özəl sektorlar arasında tərəfdaşlıqda kənd təsərrüfatının inkişafı, maliyyənin səfərbər olunması, səmərəli xidmət mexanizminin təmin edilməsi, tədqiqatlar aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu tərəfdaşlıq münbit biznes şəraitinə əsaslanmalıdır. Biznes və sərmayə mühitinin yaxşılaşdırılması güclü bazara meyilli olmalı, səmərəli resursların bölüşdürülməsinə əsaslanmalıdır. Yeni sərmayədə nəzərəçarpan artıma nail olunmalıdır.
Bunlarla yanaşı, simpoziumun əsas tövsiyələri də səsləndirilmişdir. Bunlar aşağıdakılardır: kənd təsərrüfatı sektoruna texniki yardım və kredit əməliyyatlarının nəzərəçarpacaq dərəcədə artırılması, yeni toxumlar yaradılması ilə bağlı tədqiqat işlərinin maliyyələşdirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, kənd təsərrüfatı və ərzaq sənayesinin möhkəmləndirilməsi, İKT üzvü olan ölkələr arasında sərmayə və biznes inkişafı imkanlarının kənd təsərrüfatı sektorunda daha da artırılması, İİB-in digər regional təsisatlarla əməkdaşlığının gücləndirilməsi, kənd təsərrüfatı məhsulları ilə bağlı İKT ölkələri arasında ticarətin daha da artırılması, bu işin vahid şəkildə aparılması.
İslam İnkişaf Bankı Qrupunun Prezidenti Əhməd Məhəmməd Əli demişdir: Azərbaycan tərəfinə, bu gözəl, zəngin tarixə malik ölkəyə, onun müdrik rəhbərliyinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edirik. Forum, sözün əsl mənasında, uğurlu oldu. Biz ilk gündən Azərbaycan tərəfinin xeyirxahlığının, səmimi qonaqpərvərliyinin şahidi olduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Zati-aliləri açılış mərasimində iştirak etməklə bizi şərəfləndirdi. Onun dərin məzmunlu çıxışının gələcək işlərimizdə bizim üçün təlimat olacağına əminik. Səsləndirdiyi ideyalar, təşəbbüslər, davamlı tədbirlərin aparılması ilə bağlı müraciəti hamımızda dərin təəssürat oyatmışdır. Dövlət başçısının bizim ədalət prinsipinə daim əməl etməyimiz barədə dediklərini eşitmək çox xoş idi. O, Azərbaycanın mövqeyini, inteqrasiya arzusunu açıqladı. Diqqətimizi təcrübə mübadiləmizdə Azərbaycanın nümunə kimi istifadə oluna biləcəyinə yönəltdi və bildirdi ki, Azərbaycan enerji və ərzaq istehsalına böyük sərmayələr yatırmışdır. Bu, doğrudan da çox yaxşı nümunə ola bilər. Zənnimcə, cənab Prezidentin çıxışı ölkələrimizə təhlükə, böhran və hədələrdən xilas olmaq, işimizi daha dolğun, daha düzgün qurmaq üçün bir mesajdır.
Natiq irəli sürülmüş təklif və tövsiyələrə də münasibətini bildirmişdir.
Qətnamə oxunmuşdur.
Tədbir Qurani-Kərimdən surə oxunması ilə başa çatmışdır.
* * *
Mərasimin sonunda müxtəlif ölkələrin
hökumətləri və bankları ilə Ticarətin Maliyyələşdirilməsi
üzrə Beynəlxalq İslam
Korporasiyası (ITFC) arasında saziş
imzalanmışdır. Azərbaycan Respublikası ilə İslam İnkişaf
Bankı arasında tullantıların emalına dair 150 milyon avroluq, kənd yerlərində işlərin
görülməsindən ötrü 16,9
milyon dollarlıq, Azərbaycan Beynəlxalq
Bankı ilə ITFC arasında ticarətin inkişafı üçün 30 milyon
dollarlıq sazişlər bağlanmışdır.
Azərbaycan.- 2010.- 25
iyun- S. 7.