İslam İnkişaf Bankı Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının 10-cu Baş Assambleyası olmuşdur

 

İyunun 24-də İslam İnkişaf Bankının (İİB) İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının 10-cu Baş Assambleyası keçirilmişdir.

Assambleyada "Korporasiyanın 2009-cu maliyyə ilində illik hesabatı müzakirə olunmuş, 2009-cu maliyyə ilində Korporasiyanın audit edilmiş maliyyə hesabatları təsdiqlənmiş, AlJuraid & Co (Pricewaterhouse Coopers) şirkəti 2011-ci il üçün xarici auditor təyin edilmiş, Korporasiyanın 1-ci ümumi kapital artımı (hazırkı vəziyyətlə bağlı) hesabatı dinlənilmişdir. Məlumat verilmişdir ki, 2009-cu il iyunun 3-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş 9-cu Baş Assambleyada Korporasiyanın nizamnamə kapitalının 1 milyard ABŞ dollarından 2 milyarda, abunə kapitalının 500 milyon dollardan 1 milyarda qədər artırılması təsdiq edilmişdir. Abunə üçün çıxarılmış 500 milyon dollarlıq 50 min səhm artımdan əvvəl proporsional qaydada bütün üzvlərə təklif olunmuşdur. Səhmlərə abunənin bağlanma tarixinə - 2009-cu il dekabrın 2-nə 21 min 437 səhm abunə olunmamış qalmışdır.

İcraçı Direktorlar Şurası 2009-cu il dekabrın 15-də keçirilmiş 53-cü iclasında abunə olunmamış səhmləri abunə üçün açıq elan etmişdir. 2010-cu il martın 22-nə olan məlumata görə, abunəyə təklif edilmiş 50 min səhmdən 28 min 587-nə Korporasiyanın üzvləri tərəfindən abunə olunmuşdur. Baş Assambleya hesabatı nəzərə almışdır.

Korporasiyanın Direktorlar Şurasının təklifinə əsasən İİB-in Yəmən Respublikasından olan müdiri hazırkı iclasın sonundan növbəti ildə keçiriləcək iclasın sonuna qədər Korporasiyanın Baş Assambleyasının sədri, Qambiya Respublikasından olan nümayəndə isə onun müavini seçilmişlər.

 

 

Azərbaycan.- 2010.- 25 iyun- S.  7.